• 30 Sentyabr 2020
logo
"Bəli, xalqımız dəyişiklik istəyir”

"Bəli, xalqımız dəyişiklik istəyir”

Qüdrət Həsənquliyev: “Ancaq bu dəyişikliklərin Prezident tərəfindən yuxarıdan islahatlar yolu ilə aparılmasının tərəfdarıdır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza təqdim edirik:

- Qüdrət bəy, xaricdə antia-Azərbaycançı qüvvələrin himayəsinə sığınmış bəzi adamlar payızda üsyan ola biləcəyindən danışırlar. Bu cür fikirlərin nə dərəcədə əsası var?

- Bilirsiniz, uzun illərin siyasi uğursuzluğu insanları ekstremizmə yuvarladır və bu tip insanlar irrasional bəyanatlarla çıxış edirlər. Öz arzu və xəyallarını gerçəklik kimi təqdim etməyə çalışırlar. Bizim xalqımız inqilablara meylli xalq deyil. Bunu tariximiz də sübut edir. Azərbaycanda hakimiyyət dəyişikliyi həmişə bəzi hakimiyyətdaxili qüvvələrlə xarici dövlətlərin iş birliyi nəticəsində baş tutub. Bu zaman xalqımızın daha yaxşı həyat arzulayan azsaylı vətənpərvər qüvvələrindən də bəzən istifadə olunub. Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da pandemiya səbəbindən müəyyən sosial və psixoloji gərginlik yaşanır. Amma kimsə düşünürsə ki, xalq buna görə üsyan edər, deməli, həmin adam ciddi siyasətlə məşğul olmur və nağıllar dünyasında yaşayır. Mən həmin insanları real dünyaya qayıtmağa çağırıram. Bunun üçün onlar ölkəyə qayıtmalı, cinayət törədənlər əfv olunmalarını Prezidentdən xahiş etməli, əməkdaşlıq yolu ilə ölkəmiz qarşısında duran problemləri çözməyə çalışmalıyıq. Bəli, xalqımız dəyişiklik istəyir, ancaq bu dəyişikliklərin Prezident tərəfindən yuxarıdan islahatlar yolu ilə aparılmasının tərəfdarıdır. Ümid edirəm ki, biz tezliklə iqtisadiyyatın canlandırılması istiqamətində ciddi qərarların şahidi olacağıq.

- Hansı qərarlar qəbul oluna bilər?

- Mən əvvəllər də söyləmişdim, əhəmiyyətli miqyasda dövlət müəssisələri özəlləşdirilməyə çıxarılmalı, bəziləri isə uzunmüddətli idarəetməyə verilməlidir. Dövlət bizneslə məşğul olmamalı, iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır. Tikinti sektorunu canlandırmaq üçün bu sahədə, maliyyə-bank sektorunda islahatlar aparılmalıdır. Vergi və gömrük rüsumları xeyli aşağı salınmalıdır. Saakaşvili deyirdi ki, o Gürcüstanda vergi və gömrük rüsumlarını 65% azaltmaqla büdcə gəlirlərini 12 dəfə artırmağa nail olub. Bundan başqa güclü məhkəmə sistemi yaradılmalıdır, "göz çıxaran" qanun pozuntuları xarici investorların Azərbaycana gəlməsinin qarşısını alan ciddi faktorlardan biridir.

- Qüdrət bəy, pandemiyadan danışdınız, iki həftəlik "evdə qal" qərarına münasibətiniz necədir?

- Hökumət dünyada pandemiya elan olunanda dərhal preventiv addımlar atdı. Bunun nəticəsi olaraq epidemiya dünyada, qonşu ölkələrdə tüğyan edəndə bizdə yoluxanların sayı gün ərzində 20-30 nəfər arasında dəyişirdi. O zaman Sevinc Osmanqızı, Əli Kərimli çox pərt vəziyyətdə açıqlamalar verirdilər ki, bu hökumətin xidməti deyil, keçmiş sovet respublikalarında vərəm əleyhinə aparılmış peyvəndə görədir. Görəsən, indi hansı hissləri keçirirlər. İnsanlarımızın bir qismi də bu tipli açıqlamaların təsiri altında epidemiyanı ciddi qəbul etmədi, sosial məsafə saxlanılmadı, tibbi maskalardan istifadə olunmadı. Hələ o zaman mən bəyanatla çıxış etdim ki, ölkədə rəsmi olaraq karantin elan olunandan sonra epidemiyanın real təhlükə yaratmadığı barədə çıxış edən və belə materilları yayan şəxslərin inzibati məsuliyyətə cəlb olunması barədə qanun qəbul edək. Təəssüf ki, bunu etmədik. Ona görə də məhdudiyyətlər yumşaldılan kimi epidemiya yenidən sürətlə yayılmağa başladı. Amma bu dəfə hər kəs məsələnin ciddiliyinin fərqindədir və ümid edirəm ki, biz özümüzü və yaxınlarımızı qəbul edilmiş qərarlara ciddi əməl etməklə qoruyacağıq.