• 20 Sentyabr 2020
logo
Fərid Şəfiyev: “Qlobal Sülh İndeksində Ermənistanın göstəricisini yüksəltmək qərarı səhvdir”

Fərid Şəfiyev: “Qlobal Sülh İndeksində Ermənistanın göstəricisini yüksəltmək qərarı səhvdir”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev İqtisadiyyat və Sülh İnstitutunun 2019-cu il üçün açıqladığı son Qlobal Sülh İndeksində Ermənistanın "sülhsevərlik" üzrə göstəricisini yüksəltməsinə münasibət bildirib.

BMTM-nin mətbuat xidmətindən verilən məlumata görə, F. Şəfiyev bildirib ki, İqtisadiyyat və Sülh İnstitutunun Qlobal Sülh İndeksində "sülhsevər" ölkə olduğu üçün Ermənistanın göstəricisini yüksəltmək qərarı səhvdir və İrəvana yanlış mesaj göndərir.

"Maraqlıdır, hesabatın müəllifləri Ermənistanın nəinki Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalını davam etdirməsindən, həmçinin "ən sülhsevər ölkə" kimi qiymətləndirdikləri 2019-cu ildə bu ölkənin Baş Naziri Nikol Paşinyan və digər kabinet nümayəndələrinin hərbi ritorikadan istifadə etmələrindən və bu ritorikaların Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə fəaliyyət göstərən ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən pislənməsindən xəbərdardırlarmı?

Nikol Paşinyanın 2019-cu ilin 5 avqustunda Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri zamanı "Dağlıq Qarabağ Ermənistandır" fikrini səsləndirməsi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini pozaraq (822, 853, 874, 884) qonşu ölkənin ərazilərinin ilhaqının bəyanıdır. Qeyd etmək lazımdır ki, Nikol Paşinyan vəzifəsinin icrasına başlayarkən atdığı ilk addım oğlunu Azərbaycanın işğal olunmuş ərazilərinə hərbi xidmətə yollamaq olub. Bunu sülh naminə atılmış addım kimi qiymətləndirmək mümkün deyil. Ermənistanın müdafiə naziri David Tonoyan isə 2019-cu il martın 30-da  Nyu-Yorkda erməni diasporu qarşısında çıxışı zamanı "yeni ərazilər naminə yeni müharibə" deyərək, yeni "müdafiə" konsepsiyasını səsləndirib və bu da sülh mesajı meyarlarına çətin ki, cavab versin. Siyahını baş nazir Nikol Paşinyanın 2020-ci il mayın 21-də Azərbaycanın tarixi şəhəri Şuşaya təxribat xarakterli səfəri və beynəlxalq ictimaiyyət tərəfindən pislənən qanunsuz seçkilərdən sonra qondarma inauqurasiya mərasimində iştirakına qədər uzatmaq olar.

2019-cu ildə yeganə müsbət irəliləyiş ATƏT-in Minsk qrupu həmsədrlərinin çağırışından sonra Azərbaycanın gərginliyi azaltmağa dair qərarına əsasən təmas xəttində baş verən itkilərin sayının azalması olub. Həmçinin xatırlatmaq yerinə düşər ki, 2019-cu ildə iki dəfə - mayın 30-u və sentyabrın 22-də Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları ərəfəsində Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan hərbçiləri həlak olub. İqtisadiyyat və Sülh İnstitutunun Qlobal Sülh İndeksində "sülhsevər" ölkə olduğu üçün Ermənistanın göstəricisini yüksəltmək qərarı səhvdir və Yerevana yanlış mesaj göndərir", - deyə F. Şəfiyev vurğulayıb.