• 27 İyul 2024
logo
2005-ci il seçkilərində FƏTÖ izi

2005-ci il seçkilərində FƏTÖ izi

“İctimai rəy” və “kütləvi linç” tamamilə fərqli və bəlkə də əks anlayışlardır. İctimai rəylə hesablaşmaq, kütləvi linçin isə üzərinə getmək, onu Yerlə bir olana qədər əzmək lazımdır. Çünki öz düşüncəsi, şəxsi qənaəti, təhlil etmək bacarığı olmayan, əsasən qurşaqdan aşağı “dünyagörüşü”, reflekslə idarə olunanların iştirak etdiyi gözdənsalma, linç kampaniyalarının qarşısından geri çəkilmək cəmiyyətin xaosa sürüklənməsinə, geri zəkalıların yüksək intellekt və mədəniyyət üzərində hakimiyyətinin bərqərar olmasına imkan yaratmaqdır.
Bu sözləri bir neçə gün öncə, sosial şəbəkələrdə bəzilərinin sifarişli, bəzilərinin şəxsi, yaxud korporativ maraqlardan çıxış edərək, bəzilərinin isə emosional axına düşərək, düşünmədən-daşınmadan, təhlil etmədən, dərinliyinə varmadan apardıqları kütləvi qaralama, söyüş və təhqir kampaniyalarına münasibətdə yazmışdım. Hər zaman olduğu kimi bu gün də hesab edirəm ki, belə kampaniyalar gizli və aşkar qrupların, yaxud dairələrin mətbəxində hazırlanır, daha çox emosional təsirə, kütləvi psixoz yaratmağa hesablanır, insanlara düşünmək, təhlil etmək imkanı tanımamaq üçün sürətlə və fasiləsiz, ardıcıl “zərbə effekti” tətbiq edilməklə aparılır. Məhz bu səbəbdən də, bir çox hallarda həqiqətin harada olduğunu çox yaxşı başa düşən şəxslər də kütləvi linç, qaralama kampaniyalarının qarşılığında öz mövqelərini ifadə etməkdən çəkinir, çox asanlıqla emosional təzyiq mexanizmlərinin təsiri altına düşən kütlə üçün “istehsal olunan” populyar mövzulardan kənarda qalmağa çalışırlar. Belə hallarda populyar mövzulara qarşı populyar olmayan, amma ciddi fakt və arqumentlərə söykənən fikirlər isə olduqca aqressiv üsullarla, söyüş, təhqir və bötanlarla, qurşaqdan aşağı zərbələrlə qarşılanır və elə bir mühit formalaşdırılır ki, kimsə həqiqəti bildiyi halda dilə gətirməyə cəsarət etməsin. Şübhəsiz ki, bu texnologiyalar yeni deyil, sosial şəbəkələrin yaranması ilə birlikdə üzə çıxmayıb. Bütün bunlar müxtəlif dini, siyasi və s. ideyalar altında pərdələnmiş cəsus şəbəkələrinin, terror qruplarının yüz illərdən bəri istifadə etdikləri “məxməri” silahlardır. Sadəcə, vaxtilə şayiə şəbəkəsi vasitəsilə, hədəfə alınan şəxsi, siyasi qütbü, dövləti, hakimiyyəti ağızdan-ağıza salmaqla həyata keçirilən bu kampaniyalar sosial şəbəkələrin kəşfindən sonra daha az vəsait xərclənməklə, daha az zəhmətə qatlanmaqla gerçəkləşdirilir.
İslamın müqəddəs dəyərlərini cinayət xarakterli hədəflərinə çatmaq üçün vasitəyə çevirən “FƏTÖ” (Fəttullahçı Terror Örgütü) da qardaş Türkiyədə və digər ölkələrdə məhz bu metodlardan istifadə etməklə mövqelərini möhkəmləndirmiş, nəhəng kapitala, təhsil və media sektorunu hörümçək toru kimi saran şəbəkəyə sahiblənmişdi...
Bu şəbəkənin gerçək üzünü 1999-cu ilin sonu, 2000-ci ilin əvvəlində Gülən təriqətinin gerçək məqsədinin, hədəfinin nədən ibarət olduğu barədə etdiyim çıxışlardan sonra görmüşdüm. Şəbəkə üzvləri ciddi peşəkar təlim görmüş kəşfiyyatçılar kimi hərəkət edir, qısa müddət ərzində hədəfə aldıqları şəxsin ətrafında şayiə çəmbəri yaradır, onlara qarşı gedənlərin üzünə bütün qapıların bağlanması, etirazçıların daim təzyiq, psixoloji gərginlik altında saxlanılması üçün bütün mümkün vasitələrdən, həm də bacarıqla istifadə edirdilər.
Ehtiyac duyduqda isə aralarından birinin, yaxud bir neçəsinin “mələk” obrazını yaradır, onu “yardımsevərlik” və mərhəmət simvoluna çevirir, ünvanını ehtiyacı olanların yeganə “ümid qapısı” kimi nişan verirdilər.
Yeri gəldi-gəlmədi siyasətə qarışmadıqlarını bəyan edir, amma bütün siyasi proseslərin epidsentrindən boy göstərirdilər.
FƏTÖ-çuların siyasi proseslərə müdaxiləsi ilə ilk dəfə 2005-ci ildə, 73 saylı Lənkəran seçki dairəsindən deputatlığa namizəd olduğum zaman qarşılaşdım. Heç kimin gözləmədiyi halda, birdənbirə şəbəkənin nəzarətində olan şirkətlərdən birinin əməkdaşının deputatlığa namizədliyi qeydə alındı. Həmin dövrə kimi Azərbaycanda kimsənin qarşılaşmadığı bir seçki kampaniyasına start verildi. Şəhər nəhəng posterlərlə bəzədildi, Bakıdan gətirilmiş, aralarında “Gülən məktəbi” keçmiş şəxslərin üstünlük təşkil etdiyi xüsusi komanda fasiləsiz rejimdə işə başladı, ev-ev, küçə-küçə təbliğat və şayiə mexanizmləri işə salındı, rayonda kimsənin tanımadığı bir şəxsin ətrafında ağlasığmaz vədlərlə müşayiət olunan ajiotaj yaradıldı. Kütləvi şəkildə, az qala hər kəsə idman geyimləri, papaqlar paylanıldı. Bütün bunların ən maraqlı tərəfi isə, yaşıl rəng çalarlarının üstünlük təşkil etdiyi bu nəhəng posterlərin, geyimlərin, papaqların və digər təbliğat vasitələrinin üzərində “Palmali” Qupunun və “Xəzər Lənkəran” futbol klubunun loqolarının yer alması idi... Əsas hədəf isə, mən idim. Çünki həmin dövrdə baş verənlər haqqında yazdığım yazılar prosesin bəlli şəbəkə tərəfindən arzuolunan nəticəyə gətirib çıxarmasına mane olurdu.
Onu da qeyd edim ki, 2005-ci ildə seçkiyə xüsusi missiya və “xeyir-dua” ilə qatılmış Araz adlı şəxs hazırda Amerikada yaşayır...
Bütün bunlar təkcə mənim deyil, onminlərlə insanın gözü qarşısında baş verən və elə həmin dövrdə də qanunvericiliyin bütün tələblərini pozan hadisələr idi...
O zaman da, sonralar da həm məlum şəbəkənin, həm də “Palmali” qrupunun başbilənləri, “daş atıb başlarını tutur”, siyasətə qarışmadıqlarını iddia edirdilər.
...Məhz bu baxımdan, İstanbul Baş Prokurorluğunun Mübariz Mənsimov barəsində aparılan istintaq prosesinin nəticəsi olaraq elan etdiyi 26 səhifəlik ittiham aktında yer alan məqamlar məni təəccübləndirmədi. Ən azı vaxtilə şahidlik etdiyim konkret faktlara və ip uclarına görə... Faktları, ip uclarını təhlil etmək, nəticə çıxarmaq isə mənim gündəlik işimdir. Və hesab edirəm ki, konkret şəbəkə və maraqlı qruplar tərəfindən stimullaşdırılan “linç kampaniyaları”nın emosional təsiri altına düşən insanlar da, hər şeyin bir çox hallarda göründüyü, yaxud təqdim edildiyi kimi olmadığının, bəzən “görünən kəndə də” bələdçinin lazım gəldiyinin fərqinə varmalıdırlar.

Elçin Mirzəbəyli