• 30 Sentyabr 2020
logo
Vüqar Rəhimzadə: "Milli şura"çılar, gələcəyə nə qədər tələssəniz də keçmişinizi özünüzlə aparacaqsınız!

Vüqar Rəhimzadə: "Milli şura"çılar, gələcəyə nə qədər tələssəniz də keçmişinizi özünüzlə aparacaqsınız!

Dağıdıcı ünsürlərin «birlik», «həmrəylik» adı altında yaratdıqları qondarma qurumların xarici dairələrin layihəsi olduğu və «fəaliyyətlərinin» əsasında da məhz himayədarlarına xidmətin dayandığı sirr deyil. Tarixə müraciət edək. Radikal düşərgədə müxtəlif zamanlarda müxtəlif adlar altında «birlik»lər yaradılıb, amma sonları tarixin zibilliyi olub. SİDSUH, DUBB, DUH, «beşlik», «dördlük» və sair kimi sıralamanı hələ xeyli davam etdirə bilərik. Görəsən bu qondarma «birliklərin» yarandıqları andan ölü quruma çevrilmələrinin səbəbi nədir? Bu sualın cavabı sadə olduğu qədər də mürəkkəbdir. Çünki bu «birliklər» xalqın sosial sifarişi deyil, xarici anti-azərbaycan, erməni və ermənipərəst dairələrin tapşırığı ilə yaranan amorf qurumlardır. Xalqa deyil, qul psixologiyalarından irəli gələrək xarici himayədarlarına arxalanan, onların çaldıqları hava ilə oynamaq məcburiyyətində qalan bu ünsürlər üçün vətəndaş təəssübkeşliyi, dövlət maraqları anlayışı yaddır. Dağıdıcılar nə zaman maraqları üst-üstə düşürsə bir araya gəlir, istəklərinə nail olmadıqda əsl mərəkə ondan sonra başlayır. 2013-cü il prezident seçkiləri ərəfəsində xaricin sifarişi əsasında yaranan «Milli Şura»nın ötən dövr ərzində «fəaliyyəti» həmin dairələrə xidmətdən başqa bir şey olmayıb. Pandemiya bu qondarma qurumda birləşənlərin məlum simalarını bir daha ictimaiyyətə açıqladı. «Videokonfrans» adı altında keçirdikləri tədbirlərdə kimliklərini açıq-aşkar bəlli edən bu ünsürlər ikrah doğuran açıqlamaları, hərəkətləri ilə qurumdan istefaların dərinləşməsində katalizator rolunu oynadılar. İlk «videokonfrans»larında milli-mənəvi dəyərlərə hörmətsizliklərini, mənəviyyatsızlıqlarını bir daha ictimaiyyətə açıqlayan əli kərimlilər, cəmil həsənlilər, gültəkin hacıbəylilər, qənimət zahidlər növbəti «videokonfrans»da satqın, düşmən dəyirmanına su tökən, xəyanətkar, antimilli mövqelərini nümayiş etdirdilər.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə bildirib ki, bu deyimi bir daha "Milli şura"çıların diqqətinə çatdırmağı özümüzə borc bilirik - gələcəyə nə qədər tələssəniz də keçmişinizi özünüzlə aparacaqsınız. Bu gün "Milli Şura"da cəmləşən insanların keçmişinə nəzər salsaq, onların hamısının dönüklükdə, satqınlıqda ad çıxardıqlarını görərik. Ölkə reallıqlarını inkar yolunu tutanların, eyni zamanda, pandemiya dövründə iqtisadi sferada müəyyən çətinliklərin yaranmasını, ən əsası neftin qiymətinin aşağı düşməsini toy-bayram kimi qeyd edənlərin keçmişini bu günü ilə müqayisə edəndə nə qədər simasız, əqidəsiz, dönük olduqlarının şahidi olursan. Bu gün hər kəs «mən» deyib, özünü «qəhrəman» kimi təqdim edə bilər. Amma ən əsası budur ki, səninlə bağlı ictimai rəy necədir, irəli sürdüyün fərziyyə gerçəklik kimi qəbul olunandırmı?
Baş redaktor diqqəti «videokonfrans»da səsləndirilən fikirlərə yönəldib: «Neftin qiymətinin aşağı düşməsini böyük sevinc hissi ilə qeyd edib, tərəfdaşlarından bunun üçün təbrik gözləyən Gültəkin Hacıbəyliyə vaxtilə Milli Məclisin deputatı olarkən müsahibələrinin birində söylədiyi «Mən əqidə və prinsip adamıyam» fikirlərini xatırlatmaq istərdik. Əqidəsinə dönük çıxan, dövlətinin, xalqının düşdüyü çətinlikdən fərəh hissi keçirən belələri üçün ictimai qınaq ən böyük cəzadır. Sual olunur: Neftin qiymətinin 14 dollara düşməyi «əqidə və prinsip adamı» olan Gültəkin Hacıbəyliyə niyə sevinc gətirir? Eyni zamanda, onun bu sevincinə, təbrik gözləntisinə Cəmil Həsənlinin «Hə, bilirsən, o son hədd olsaydı təbrik etmək olardı. Amma son hədd deyil də…» cavabı və bunun ardınca onları daha da kiçildən, acizləşdirən qəhqəhələri belələrinin ünvanına onlardan fərqli olaraq milli-mənəvi dəyərlərimizə, mənəvi zənginliyimizə hörmətdən irəli gələrək yalnız «ar olsun» ifadəsini səsləndirməyə seçim qoyur. Çünki artıq söylədikləri fikirlər və ikrah doğuran gülüşləri onların kimliyinin əsl təqdimatıdır. Budur, «əqidə və prinsip adam»larının əsl siması. «A millət, a millət, xəbəriniz var? Hamınızı təbrik etmək istəyirəm, yeri gəlmişkən, neft 14 dollara düşüb» müraciətindən utanmayan gültəkinlər artıq bu millətin, xalqın bir nümayəndəsi olmadığını etiraf edir. Buyruq qulu olub, qopardıqları qrantların qarşılığında dövlətinə, xalqına xəyanət yolu tutanlar üçün şəxsi ambisiyalar milli maraqları elə üstələyib ki, gələcəyə hansı adla addımladıqlarının fərqində deyillər. Vətənə dönük çıxmaq, Vətəni satmaq, dövlət və xalqa xəyanət yolunu tutmaq, xalqının, dövlətinin çətin günlərində yanında olmaq əvəzinə yaşananlardan sevinc hissi keçirmək bağışlanmazdır».
V.Rəhimzadə vurğulayıb ki, neftin qiymətinin düşməsini xalqın sosial rifahında çətinliklərin yaranması kimi dəyərləndirib, bundan öz çirkin niyyətlərini- xalq-hakimiyyət qarşıdurması yaratmaq istəklərini həyata keçirmək üçün bir vasitə kimi istifadə etməyə çalışanlara bu xatırlatmanı etmək istərdik: «Bu gün Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində quran, yalnız neft amilindən asılı olmayan, şaxələndirmə siyasətini uğurla həyata keçirib müsbət dinamikanı davam etdirmək imkanında və gücündə olan ölkə kimi dünyanın diqqətindədir. Cənab İlham Əliyev bütün çıxışlarında bildirir ki, bütün dövrlərdə, o cümlədən pandemiya zamanı insanların sağlamlığının, sosial rifahının təminatı birinci yerdə olub».
Baş redaktor bildirib ki, pandemiyanın, eyni zamanda, neftin qiymətinin aşağı düşməsinin yaratdığı çətinliklərdən öz çirkin niyyətləri üçün istifadə etməyə çalışan «milli şura»çıların cəhdləri sabun köpüyündən başqa bir şey deyil. Reallıq budur ki, əlləri xarici anti-azərbaycan, erməni və ermənipərəst dairələrin cibində olan, bu səbəbdən də onların maraqlarına uyğun addımlar atan, «siyasi qul» imiclərinə hər gün, hər saniyə bir əlavə edən bu ünsürlər suların durulması fonunda simasızlıqlarına, mənəviyyatsızlıqlarına düşən işıqdan utanıb nəticə çıxarsalar daha yaxış olar. Bir gülüş, qəhqəhə belələri üçün adi görünsə də onun yaratdığı ikrahlar ciddi dərs olmalıdır.