• 19 Mart 2024
logo
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Zakir Həsənov Azərbaycan ilə ABŞ arasında əlaqələrin NATO proqramları çərçivəsində və ikitərəfli əsasda qurulduğunu qeyd edərək hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.
Ö.Litzenberqer də öz növbəsində ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib və ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.
Sonra tərəflər regional və ikitərəfli əməkdaşlıq, Xəzər dənizi və mühüm enerji infrastrukturlarının təhlükəsizliyi, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə, hər iki ölkənin hərbi təhsil üzrə mütəxəssislərinin qarşılıqlı səfərləri, həmçinin maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.
Səfir Ö.Litzenberqer ABŞ-ın Azərbaycana yeni təyin olunan hərbi attaşesi polkovnik Terri Həmriki Müdafiə nazirinə təqdim edib.
Nazir yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edərək ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində gələcək fəaliyyətində ona uğurlar arzulayıb.