• 18 Oktyabr 2021
logo
Sahibə Qafarova tibb işçilərini təbrik edib

Sahibə Qafarova tibb işçilərini təbrik edib

Milli Məclisin sədri Sahibə Qafarova tibb işçilərini Peşə Bayramı münasibətilə təbrik edib.

Bu barədə spiker “Facebook” səhifəsində paylaşım edib.

Sədr qeyd edib ki, bu gözəl və əlamətdar gün münasibətilə səhiyyə sahəsində çalışan hər kəsi səmimi-qəlbdən təbrik edir, peşəkar fəaliyyətlərində uğurlar arzulayır:

“Qətiyyən şübhəm yoxdur ki, seçicilərimiz də daxil olmaqla bütün həmvətənlərimiz dəyərli tibb işçilərinə minnətdarlıq ifadə edir. Son aylar əhalimizin sağlamlığını böyük təhlükə ilə üz-üzə qoyan koronavirus pandemiyası ilə mübarizədə göstərmiş olduğunuz qətiyyət, fədakarlıq və vətəndaş mövqeyi böyük təqdirə layiqdir. Siz bununla öz peşəkarlığınızı bir daha nümayiş etdirmiş oldunuz. Yüksək fədakarlıq və qəhrəmanlığınız nəticəsində ölkəmiz bu virusa qarşı mübarizədə dünyada nümunəyə çevrilən ölkələrdən biri oldu. Siz öz ailənizdən, doğmalarınızdan və yaxınlarınızdan uzaq qalıb, həyatınızı böyük riskə ataraq bu bəlanı ölkəmizdən dəf etmək, insanları xilas etmək üçün sarsılmaz iradə nümayiş etdirirsiniz. Sizin bu əzmkarlığınız insanlara ümid verir.

Hər birinizi Peşə Bayramınız münasibətilə bir daha təbrik edir, sizə möhkəm can sağlığı və məsuliyyətli işinizdə davamlı uğurlar arzu edirəm”.