• 1 Oktyabr 2020
logo
"Bu bəyanat Ermənistanın təcavüzkar ölkə kimi tanınmasıdır"- Bədrəddin Quliyev

"Bu bəyanat Ermənistanın təcavüzkar ölkə kimi tanınmasıdır"- Bədrəddin Quliyev

Cümhuriyyət Xalq Partiyasının (CXP) Azərbaycan dövlətinin ərazi bütövlüyü ilə bağlı Avropa Parlamenti və digər beynəlxalq qurumların atacağı addımlarla bağlı analitik araşdırmasında qeyd olunur ki, ölkəmizin milli maraqları çərçivəsində atılan hər bir addıma dəstək verəcəkdir. CXP-nin araşdırmalarında qeyd olunur ki, 27 ildir BMT-nin Dağlıq Qarabağ və ətraf rayonların Ermənistanın hərbi təcavüzü ilə bağlı qəbul etdiyi qətnamələr, Avropa Şurası, Avropa Birliyi, AŞPA kimi beynəlxaq qurumlar da yaxşı bilirlər ki, Azərbaycanın haqlı mövqeyi müdafiə olunmalıdır. Qətnamələrin hamısında Ermənistanın təcavüzkar mövqeyi əsas faktor kimi qeyd olunub. Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi bu mühüm qərar və strateji baxımdan əhəmiyyətli addımları CXP sədri Bədrəddin Quliyev Globall.az-a şərh edərkən yüksək səviyyədə atılan addım kimi dəyərləndirib.

Bədrəddin bəy, Avropa Parlamenti nəhayət qəflət yuxusundan ayılan kimi davranır. Bunu necə qiymətləndirirsiniz?

– Biz CXP olaraq son zamanlar Avropa Parlamentində Cənubi Qafqazla və xüsusilə Azəraycanla bağlı qəbul edilən sənədləri təhlil etdik. Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamenti 10 iyun 2020-ci ildə Ermənistanın işğalçı siyasətinə qarşı ədalətli və mühüm sənəd qəbul edib.
Avropa Parlamentin Azərbaycan üzrə Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsi Nümayəndəliyinin sədri Mariya Kalyurand, Ermənistanı Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi ilə birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yayıblar.

Biz həmin məruzələri diqqətlə oxuduq və bir sıra təhlillər apardıq. Xüsusilə həmin məruzələr əsasında qəbul edilmiş ümumi bəyanat irəliyə doğru atılmış mühüm addımlardan biridir. Belə ki, bəyanatda qeyd olunur ki, yaxın vaxtlarda Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının tezliklə başlayacağı elan edilib. Bu yeni yol infrastrukturu Azərbaycanın işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistanın Qafan rayonunu Dağlıq Qarabağla birləşdirəcək.
Prinsip etibarı ilə Şərq Qonşuluğundakı regional əməkdaşlığı, əlaqələri və insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyirik.
Lakin bu magistralın inşası qərarı, Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub. Bundan əlavə, belə bir addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər.

Ona görə də bu təşəbbüsdən çox təəssüflənirik. Çünki bu, etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir. Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstəyimizi bir daha bəyan edirik. Bu vasitəçiliyin uğur qazanması üçün Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara öz öhdəliklərini gücləndirməyə çağırırıq.

Belə bir bəyanatın verilməsi açıq şəkildə bir daha sübut edir ki, beynəlxalq birlik Ermənistanı təcavüzkar ölkə kimi tanıyır. Heç bir vəchlə bu işğalçılıq siyasətini qəbul etməyəcək.

– Bəyanat olduqca maraqlı notlarla doludur. Hətta Ermənistanın hərbi təcavüzkarlıq siyasətindən əl çəkməsi üçün tövsiyələr də özünü biruzə verir.

– Əlbəttə, bu belə də olmalıdır. Unutmayaq ki, Cənubi Qafqaz dəhlizi, TransXəzər yolu, tarixi İpək Yolu və digər beynəlxalq miyaqslı layiələrə yüzmilyardlarla dollar dəyərində yatırımlar qoyulub.
Bakı-Tiflis-Ərzurum qaz boru xətti, Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Kars dəmiryolu, TANAP, TAP, İpək Yolu və digər beynəlxalq enerji layihələrinin davamı kimi, indi ən yeni infrastrukturlar yaradılmaqdadır. Elə ki, “pandemiya” mərhələsi başa çatdı, həmin yeni layihələrə də start veriləcəkdir.

Ona görə də, Cənubi Qafqazda əsil stabilliyin əldə olunması üçün bir sıra addımlar atılır. Bu, daha çox, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü şərtləri daxilində qəbul olunan qərarlardan ibarətdir. Ona görə də, Avropa Parlamenti hərbi təcavüzkarlığa qaşrı çıxaraq, hər bir dövlətin ərazi bütövlüyünün tanınması istiqamətində zəruri addımların atılmasını şərt olaraq önə çəkir.
Son bəyanatda bildirilir ki, Avropa Birliyi Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyini ortaya qoyub, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstək ifadə edib. Avropa Parlamentinin Azərbaycan və Ermənistan üzrə məruzəçiləri, həmçinin Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Ermənistana, onun işğalçılıq siyasətinə qarşı ilk dəfədir ki, ortaq bəyanat qəbul ediblər.

Bəyanatın mətni Ermənistana münasibətdə olduqca sərtdir və Avropa Parlamenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini açıq şəkildə bəyan edir və bu bəyanatda ikibaşlı məna daşıyan və yarımçıq ifadələr işlədilməyib. Kifayət qədər təcrübəli üç siyasətçi tərəfindən belə bir bəyanatın verilməsi Avropa Parlamentinin bütün spektrlərində münaqişəyə dair vahid yanaşmanın mövcud olduğunu göstərir.

Bəyanatda mühüm məqamlardan biri də açıq kontekstdə Ermənistanın beynəlxalq hüquq normalarını pozduğunun vurğulanmasıdır. Ətraf rayonlarla bərabər Dağlıq Qarabağın da qanunsuz olaraq işğal olunması faktı tanınır. Magistral yolun tikintisi ilə bağlı Avropa Parlamenti öz narahatlığını ifadə edir. Avropa Parlamenti anlayır ki, Ermənistanın bu avantürist siyasəti etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir.


Bəyanatda yolun çəkilməsi pislənilir. İşğal altındakı Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma və iqtisadi fəaliyyət Avropa Parlamentinin bəyanatında öz əksini tapıb və buna etiraz edilir. Ermənistanın münaqişənin Azərbaycanla qondarma rejim arasında olduğunu iddia edərək işğalçılıq siyasətini gizlətməyə cəhd etməsi Avropa Parlamentinin bu bəyanatında açıqca ifşa olunur.
Avropa Parlamenti münaqişənin məhz Azərbaycan və Ermənistan arasında olduğunu bildirir və hər iki tərəfi münaqişəni sülh yolu ilə həll etməyə çağırır.

– Belə çıxır ki, Avropa Parlamenti beynəlxalq şəraiti nəzərə alaraq, sülh yolu ilə danışıqların aparılmasını önə çəksə də, hüquqi müstəvidə işğalçılıq siyasəti ilə bağlı israrlı mövqeyindən geri çəkilməyəcək.

– Son bəyanatın demək olar ki, bütün müddəaları bu həqiqəti özündə ehtiva edir. Elə həmin bəyanatda 2009-cu ildə qəbul edilmiş Baza prinsiplərinə istinad edilməsi ilə münaqişənin həllində Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etməsinə eyham vurulur.
Məlumdur ki, Ermənistanın yeni hakimiyyəti sözügedən prinsipləri qəbul etmək istəmir və mümkün qədər özünü prosesdən kənarda saxlamağa çalışır. Bizim fikrimizcə, Avropa Parlamentinin qətiyyətli mövqeyi ATƏT-in Minsk Qrupu həmsədrləri üçün nümunə olmalı və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair aydın mövqe ortaya qoymalıdırlar.

Təqdirəlayiq haldır ki, may ayında Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi Şərq Tərəfdaşlığının gələcəyi üzrə Yekunlar sənədində Avropa İttifaqının ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, qaydalara əsaslanan beynəlxalq nizama və beynəlxalq hüquqa sadiqliyi yer almışdır.
Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel BMT Təhlükəsizlik Şurasının virtual iclasında bildirmişdir ki, suverenliyə və ərazi bütövlüyünə hörmət Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərində əsas elementlərdən biri olacaqdır. Avropa Parlamentinin son bəyanatı Avropa Şurası üçün örnək olmalıdır.

Fikrimizcə, adi məişət məsələsinə dərhal reaksiya verən Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Ermənistan tərəfindən işğal altında saxlanan ərazilərimizdə keçirilmiş və təlxək oyunlarına bənzəyən qondarma “seçki” şousunu görməzdən gəlməsi ancaq təəssüf doğurur.
Bəyanat Azərbaycan prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinin davamının və parlamentarizm əməkdaşlığı çərçivəsində həyata keçirilməsinin bariz nümunəsidir.
Avropa Parlamenti ilə uğurlu əməkdaşlıq çərçivəsində Azərbaycanın haqq səsinin yüksək tribunalardan səsləndirilməsi əlbəttə ki, bundan sonra da davam edəcək.
Bu bəyanat onu göstərir ki, Azərbaycanın uğurlu xarici siyasəti gözlənilən nəticələri verir. Bəyanatda dilə gətirilən fikirlər Azərbaycanın ərazi bütövlüyünü təsdiq etdiyi kimi, Ermənistanın işğalçılıq siyasətini də xüsusi olaraq pisləyir.

– O da bəllidir ki, Avropa Parlamentinin bu məşhur son bəyanatını Ermənistan tərəfi əhəmiyyətsiz bir sənəd kimi qiymətləndirmişdir.

– Ermənistan tərəfi daxili siyasi prosesləri nəzərə alaraq, özünü belə göstərir. Avropa dövlətlərinin parlamentlərinin birləşdiyi bu mötəbər qurumda münaqişənin həllinin əsas şərti kimi Azərbaycanın ərazi bütövlüyünün önə çəkilməsi və Ermənistanın işğalçı siyasətindən narahatlığın ifadə edilməsi, danışıqlar prosesindəki mövcud reallıqların Avropada necə qəbul edilməsini göstərir.
Avropa Şurasından fərqli olaraq Avropa Birliyinin Parlamenti daha mötəbər və güclü dayaqlara malikdir. Çünki orada məsləhətverici və ya məşvərətçi amillərlə deyil, müvafiq sənədlərə dövlətlərin rəsmi mövqeyi kimi yanaşılır. Eyni zamanda Avropa Birliyi Parlamenti NATO ilə daha sıx əməkdaşlığa malikdir.