• 28 Mart 2025
logo
Avropa parlamentarilərindən işğalçı ölkə ilə bağlı sərt bəyanat

Avropa parlamentarilərindən işğalçı ölkə ilə bağlı sərt bəyanat

Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri xanım Marina Kalyurand, Avropa Parlamentinin Ermənistan və Azərbaycan üzrə Daimi Məruzəçisi cənab Trayan Basesku Ermənistan ilə Dağlıq Qarabağ arasında yeni yolun inşası ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda deyilir: "Keçən il elan edimişdi ki, Ermənistan ilə Dağlıq Qarabağı birləşdirən üçüncü magistral yolun çəkilişinə tezliklə başlanılacaq.
Yeni yol infrastrukturu Ermənistanın Qafan bölgəsini Dağlıq Qarabağın Hadrut bölgəsinə, işğal olunmuş digər bölgələr olan Cəbrayıl və Qubadlı bölgələrindən keçməklə, birləşdirəcəkdir. Prinsip etibarı ilə biz Şərq Tərəfdaşlığı bölgəsində regional əməkdaşlığı, əlaqələri və qarşılıqlı təmasları artıracaq layihələri dəstəkləyirik.
Bununla belə, sözügedən yolun tikintisi ilə bağlı qərar Azərbaycanın müvafiq səlahiyyətli dövlət qurumları ilə hər hansı bir razılaşdırma olmadan, beynəlxalq hüququ pozmaqla qəbul edilmişdir. Bundan əlavə, bu, Dağlıq Qarabağın və onun ətrafındakı rayonların qeyri-qanuni işğalını rəmzi olaraq möhkəmləndirə bilər.
Buna görə də biz qarşılıqlı inama, sülhə və barışığa imkan yaradacaq şəraitin formalaşmasına dəstək verməyəcək bu təşəbbüsü çox dərin təəssüf hissi ilə qarşılayırıq.
Biz bununla ATƏT-in Misnk Qrupunun həmsədrlərinin cəhdlərinə və onların 2009-cu il Baza Prinsiplərinə olan tərəddüdsüz dəstəyimizi yeniləyirik. Bu vasitəçilik prosesinin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hökumətlərini münaqişənin sülh yolu ilə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsi üçün yaxşı niyyətlə danışıqlarda daha çox öhdəliklər götürməyə çağırırıq".