• 21 Sentyabr 2020
logo
Prezident: "Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır"

Prezident: "Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır"

“Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır. Son 10 gün ərzində yoluxanların sayı artır. Bu da ondan irəli gəlir ki, yumşalma dövründə bəzi vətəndaşlar məsuliyyətsizlik göstərmişlər”.

Bu sözləri Prezident İlham Əliyev paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana komplekslərinin açılışında səsləndirib.

Dövlətimizin başçısı bildirib ki, bununla belə, vəziyyət tam nəzarət altındadır: “Bizim xəstəxanalarda kifayət qədər yerlərimiz var, reanimasiya şöbələrimizdə də həmçinin. Eyni zamanda, əlavə iki min çarpayılıq 10 xəstəxanada koronavirus xəstələrinin müalicəsi nəzərdə tutulur. Bu günə qədər hələ ki, buna ehtiyac yoxdur. Ancaq biz bütün addımlarımızı elə atırıq ki, ən kritik vəziyyətə hazır olaq, ən böhranlı vəziyyətdə də bütün xəstələrə tibbi xidmət göstərilsin.

Onu da bildirməliyəm, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”.

Prezident İlham Əliyev deyib ki, görülmüş bütün qabaqlayıcı tədbirlər ən çətin vəziyyətə hazır olmağa imkan verir: “Bu məqsədlə yeni laboratoriyalar alınıbdır. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün bizim ən qabaqcıl xəstəxanalar ayrılıb, onlara təqdim edilib, o cümlədən “Yeni klinika” - bizim ən gözəl, ən müasir xəstəxanamız və digər xəstəxanalar. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Eyni zamanda, hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb. Çünki onlar 4-5 ulduzlu otellərdə, eyni zamanda, Atletlər Kəndində yerləşdirilir və karantin rejimində olan ən çox insan Atletlər Kəndində yerləşdirilibdir. Minlərlə insan xaricdən təxliyə edilib və bu proses davam etdirilir, təbii ki, qrafik üzrə. Orada da bütün işlər mütəşəkkil qaydada görülməlidir. Bildiyiniz kimi, xüsusi portal yaradılıb və Azərbaycana qayıtmaq istəyən vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Yəni bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun. Hesab edirəm ki, bu günə qədər görülmüş işlər və işlərin nəticələri məhz bu siyasətin təzahürünü əks etdirir. Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə. Həm pandemiyanın ilk mərhələsində ki, biz operativ tədbirlər gördük, bütün lazımi məhdudlaşdırıcı addımları atdıq, həm də ondan sonrakı dövrdə və bu yaxınlarda yenə də Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycanda görülmüş işləri çox yüksək qiymətləndirmişlər.

Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur. Bu günə qədər mən hər gün yüzlərlə vətəndaşdan məktub alıram. Bu məktublarda görülmüş işlərə yüksək qiymət verilir. Bu məktubların çox kiçik bir hissəsi mətbuatda dərc edilir. Ancaq o məktublar göstərir ki, bütün rayonlardan, bütün kateqoriyalara aid olan insanlardan bu məktublar gəlir və insanlar minnətdarlıqlarını bildirirlər. Eyni zamanda, məhdudlaşdırıcı dövr ərzində çətin vəziyyətə düşmüş vətəndaşların maddi məsələləri də həll olunubdur və Azərbaycan burada da liderlik göstəribdir. Ümumiyyətlə, mübarizəyə və pandemiyadan əziyyət çəkən işsiz adamlara, aztəminatlı təbəqəyə aid olan insanlara, sahibkarlara və bütün işləri təşkil etmək üçün 3,5 milyard manat vəsait nəzərdə tutulubdur və bu vəsait xərclənir. Tibbi avadanlığın, dərman preparatlarının alınması - bütün bu işlərə dövlət böyük vəsait ayırdı”.