• 18 Sentyabr 2020
logo
Qafqazın terror dövləti - Dünya hələ də susur

Qafqazın terror dövləti - Dünya hələ də susur

"Erməni terrorizmi" termini ABŞ Dövlət Departamentinin 1982-ci il avqust ayında nəşr olunan aylıq bülletenində ilk dəfə rəsmən istifadə edilmişdir. Bu dövrədək erməni terror təşkilatları dünyanın müxtəlif şəhərlərində 150-yə qədər terror aktları həyata keçirmişdilər. 1985-ci ildən isə Türkiyədə arxivlər açılaraq ermənilərin törətdikləri cinayətlər, terror aktları barədə tarixi sənədlər araşdırmaçıların istifadəsinə verildi. Keçən əsrin 80-ci illərinin sonlarında isə erməni terrorçuluğu dövlət terrorizmi siyasətinə transformasiya edilərək xüsusilə Azərbaycan ərazisində minlərlə günahsız insanın qətlə yetirilməsi ilə müşayiət olundu. SSRİ dağıldıqdan sonra Ermənistanın Azərbaycana təcavüzü yeni forma aldı.

Bu beynəlxalq hüquq normalarının hamısını pozmaqla Ermənistanın terroru dövlət səviyyəsinə yüksəltməsi idi. Ancaq təəssüflər olsun ki, informasiya siyasətinin düzgün qurulmaması nəticəsində Azərbaycanın məruz qaldığı təcavüzü beynəlxalq ictimaiyyətə çatdırmaq olmurdu. Halbuki, ermənilər öz növbəsində bütün diaspora imkanlarını səfərbər edərək Azərbaycanı az qala zorakı bir dövlət kimi təqdim etməyə nail olmuşdu. Hətta Qərbdə də belə bir fikir formalaşmaqda idi ki, Azərbaycan Ermənistanı blokada vəziyyətində saxlamaqdadır. Ermənistan Azərbaycana qarşı eyni zamanda informasiya terrorizmi siyasəti də yeridirdi. Ermənistan terrorunun və dövlət təcavüzkarlıq siyasətinin beynəlxalq aləmə tam dolğunluğu ilə çatmamasının əsas səbəblərindən biri də o idi ki, Rusiyanın və dünyanın aparıcı KİV-də rəhbər vəzifələrdə kifayət qədər erməni çalışırdı. Onlar bu qurumların informasiya siyasətinə istədikləri şəkildə təsir edirdilər. Digər tərəfdən bəlkə də çoxlarının qəbul etmək istəmədiyi xristian təəssübkeşliyi və fanatizmi də özünü göstərirdi.

Müasir Ermənistan dövlətinin terror siyasətinin açıqlanmasına keçməzdən əvvəl qeyd edək ki, 1988-1991-ci illər arasında Qarabağ və onun ətrafındakı rayonların azərbaycanlılar yaşayan məskənləri 1650 dəfə ermənilər tərəfindən silahlı hücumlara məruz qalmışdır. Nəticədə 383 nəfər həlak olmuş, 1028 nəfər yaralanmış, 1280 ev və digər tikili yandırılmış, dağıdılmışdır. Ermənistan müstəqillik qazandıqdan sonra həyata keçirdiyi cinayətlər yuxarıda sadalanan zorakılıq və təcavüz aktlarını kölgədə qoydu. Əgər əvvəl SSRİ rəhbərliyinin gözü qarşısında təcavüzkar qrup və diversiya dəstələri halında cinayətlər edilirdisə, artıq Ermənistan öz təcavüzkarlıq və terror siyasəti ilə beynəlxalq hüququn bütün prinsiplərinə nizami ordu və milli təhlükəsizlik qurumlarında hazırlanmış peşəkar, beynəlxalq təcrübəyə malik qruplarla meydan oxuyurdu. 1992-ci ilin iki ayı ərzində ermənilər tərəfindən Qarabağ və onun ətraf rayonlarında 230 hücum həyata keçirilmişdi. Nəticədə 117 nəfər həlak olmuş, 155 nəfər yaralanmış, 190 ev və tikili dağıdılmış, partladılmış və yandırılmışdı. Dağlıq Qarabağ ərazisində həyata keçirilən etnik təmizləmədən sonra «mədəni-tarixi» terrorizmə başlandı, tarixi abidələr məhv edildi, Azərbaycan adları dəyişdirildi.

Ermənilər Azərbaycan torpaqlarının işğalı zamanı öz fəaliyyətlərini beynəlxalq terrorun digər nümayəndələri ilə də əlaqələndirirdilər. Onlar Kəlbəcər, Zəngilan, Qubadlı, Laçının tutulmasında PKK-nın xidmətlərindən də az istifadə etməmişdilər. Təsadüfü deyil ki, 1995-ci ilin yazında Moskvada məskunlaşmış PKK liderlərindən biri öz müsahibəsində PKK-ya yardım etmiş ermənilərə minnətdarlığını ifadə etmişdi. Ermənilərlə PKK-nın əlaqəsi hələ keçən əsrin son rübündən məlum idi. Hətta erməni terror təşkilatları ilə PKK əməkdaşlıq və birgə fəaliyyət haqqında müqavilələr imzalayaraq türk dünyasına meydan oxumuşdular. Eyni zamanda onu da qeyd edək ki, Ermənistana xaricdə formalaşdırılan yaraqlı dəstələrin və muzdluların da xidmətləri kifayət qədər çox olmuşdu. Muzdluların bütün xərcləri isə erməni diasporu tərəfindən qarşılanırdı. Azərbaycana qarşı döyüşlərdə təcrübələrini artıran bu muzdlular daha sonra dünyanın bir çox yerlərində terrorrçu qrupların tərkibində fəaliyyətini davam etdirirdilər. Xaricdə formalaşdırılan yaraqlı dəstələrinin Dağlıq Qarabağ və Azərbaycanın digər bölgələrində döyüş əməliyyatlarında iştirakı 1991-ci ildən daha da intensivləşir.

Rus muzdlusu Yuriy Yemelyanovun sözlərinə görə elə onun xidmət etdiyi batalyonda (1992-ci il) 4 ABŞ vətəndaşı erməni, 6 Livan vətəndaşı erməni vardı. Fransa vətəndaşı Alaverdi Sumbatyan xüsusi təyinatlı «Astvasasin» («Tanrının yardımı ilə») dəstəsini formalaşdırmış, Kəlbəcər, Laçın, Ağdam istiqamətində fəaliyyət göstərmişdi. 1992-ci ildə Sumbatyanın ölümündən sonra dəstənin adı «Ağ səlibçilər»ə dəyişdirilmiş, daha sonra isə onun əsasında «Tiqran Mets» («Böyük Tiqran») motoatıcı taboru formalaşdırılmışdı. ABŞ vətəndaşı Monde Melkonyan (Veseliya şəhəri, Koliforniya ştatı) ASALA rəhbərliyinin üzvü, 1990-cı ildən Şuşanın alınması uğrunda əməliyyatlarda iştirak etmişdir. 1992-ci ildən Martuni rayonuna komandanlıq etmişdir. 12 iyun 1993-cü ildə ermənilərin Ağdama həmləsinin birinci günü azərbaycanlı döyüşçülər tərəfindən məhv edilmişdir.

Ölümündən sonra ən yüksək şəkildə təltif edilmiş. Ermənistanın eks-prezidenti Ter-Petrosyanın iştirakı ilə Yerevanda fəxri xiyabanda dəfn edilmişdir. Bu məqamda erməni terrorçuları tərəfindən qətlə yetirilmiş Viktor Polyaniçko terror barədə danışmaq istədik. Ermənilər onu 9 may 1991-ci ildə Xankəndində öldürməyə cəhd etmişdilər. Ancaq onların bu cəhdi uğursuzluqla nəticələnmişdi. Bundan sonra ermənilər yenə Polyaniçkonun Dağlıq Qarabağda öldürülməsi istiqamətində beş dəfə cəhd göstərdilər. Lakin Polyaniçkonu Dağlıq Qarabağda öldürmək mümkün olmadı. Nəhayət, Azərbaycandan gedəndən sonra 1 avqust 1993-cü ildə Vladikavkazdan 8 km aralıda Tarsk dərəsində o, bir neçə nəfərlə birlikdə qətlə yetirildi. Əməliyyat məlumatına görə Polyaniçkoya qarşı terror aktına Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbər vəzifəli şəxsi, podpolkovnik Can Ohanesyan rəhbərlik etmişdir. Təcrübəli diversant, podpolkovnik Ohanesyan SSRİ DTK-nın Dzerjinski adına Ali Məktəbini bitirmişdi. Ohanesyan 1993-cü ildə Rusiya xüsusi xidmətləri tərəfindən Dağıstan və Azərbaycanda partlayışlar törətmək ittihamı ilə həbs edilmişdi. Ermənilərin terror fəaliyyətinin prioritetlərindən biri də Azərbaycanın inkişafına müsbət təsir edə biləcək, onu erməni zülmünə qarşı səfərbər edə biləcək şəxslərin məhv edilməsi idi.

Azərbaycan yenicə müstəqillik qazanmışdı ki, erməni terrorçularının fəaliyyəti nəticəsində böyük bir qrup peşəkar dövlət xadimindən məhrum oldu. 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Azərbaycana məxsus «Mİ-8» vertolyotu vuruldu. Vertolyotun bütün heyəti və sərnişinləri həlak oldular. Sərnişinlər yüksək vəzifəli respublika məmurları və ziyalılar idi. Qarakənd simasında erməni terrorizminin qurbanı yalnız azərbaycanlı rəsmilər olmamışdı. Çox təəssüf ki, Rusiya Federasiyası bu terrorun Ermənistandan qaynaqlandığını etiraf etmədi və öz vətəndaşları olan yüksək rütbəli hərbçilərin qatillərin cəzalandırılması istiqamətində heç bir iş görmədi.

28 yanvar 1992-ci ildə erməni terrorçuları tərəfindən Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə hərəkət edən sərnişin vertolyotu vuruldu. 3 heyət üzvü, 41 nəfər sərnişin, əsasən qadın və uşaqlar həlak olmuşlar. 28 fevral 1993-cü ildə Qudermes stansiyası yaxınlığında Kislovodsk-Bakı sərnişin qatarı partladıldı. 2 iyun 1993-cü ildə Bakı Dəmiryolu Vağzalının ehtiyat məntəqəsində dayanmış sərnişin qatarı partladıldı. Partlayışla əlaqədar həbs edilən Rusiya vətəndaşı İ.Xatkovskiy ifadəsində etiraf etmişdir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı Can Ohanesyan tərəfindən əməkdaşlığa cəlb edilmiş və Azərbaycan terror aktları törətmək məqsədi ilə göndərilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, bu qrup 1991-1994-cü illər arasında Rusiyadan Bakıya gələn dəmiryol qatarlarında partlayışlar təşkil etmişdir. Partlayış nəticəsində 47 nəfər həlak olmuş, 85 nəfər yaralanmışdır. Əməliyyat məlumatları göstərir ki, Ermənistan xüsusi xidmət orqanları öz terror fəaliyyətlərinin həyata keçirilməsi üçün digər terrorçu və separatçı qurumlarla çox yaxın əlaqələr yaratmağa müvəffəq olmuşlar.

19 mart 1994-cü ildə Bakı metropoliteninin «20 yanvar» stansiyasında həyata keçirilən partlayış bunu sübut edir. Bu partlayış zamanı 14 nəfər ölmüş, 49 nəfər yaralanmışdır. Əməliyyatın gedişindən aydın olur ki, partlayış Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş və separatçı «Sadval» hərəkatı tərəfindən həyata keçirilmişdir. Ermənistan xüsusi xidmət orqanları ilə «Sadval»ın əlaqəsi 1992-ci ildən başlanır. «Sadval»ın imkanlarından istifadə etmək məqsədilə 1992-ci ildə Ermənistandan Dağıstana bu təşkilatın fəalları üçün külli miqdarda silah-sursat və partlayıcı maddələr göndərilmişdir. Bundan bir neçə ay sonra Ermənistan xüsusi xidmət orqanlarının və «Sadval»ın əməkdaşlığı sahəsində Bakı metropolitenində daha bir terror aktı həyata keçirilir. «28 may» və «Gənclik» stansiyaları arasında tuneldə qatar partladıldı. Partlayış nəticəsində 14 nəfər həlak olur, 54 nəfər yaralanır. Terror aktı Azərbaycan vətəndaşı milliyyətcə ləzgi olan A.Aslanov tərəfindən həyata keçirilmişdir. İstintaq zamanı məlum olmuşdur ki, Qarabağ uğrunda döyüşlərdə əsir düşmüş A.Aslanov əsirlikdə Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunmuşdur.

A.Aslanovun bir terrorçu kimi ideoloji cəhətdən yetişdirilməsində erməni milli-separatizminin başçısı Zori Balayan və Dağlıq Qarabağ separatçılarının lideri, Ermənistanın eks-prezidenti Robert Koçaryan xüsusi rol oynamışlar. Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycan ərazisində terror aktları zamanı «Sadval»dan istifadə etməsində əsas məqsədlərdən biri ölkəmizdə yeni milli münaqişə ocağı yaratmaqdır. Metro partlayışını bir ləzginin həyata keçirilməsi ilə ermənilər Azərbaycanda ləzgi-azərbaycanlı qarşıdurması yaratmaq istəyirdilər. Lakin hər iki qardaş xalqın nümayəndələri başa düşür ki, xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilmiş hər hansı bir ləzginin hərəkəti min illik dostluğa son qoya bilməz. O da məlum olmuşdur ki, Azərbaycanda yaşayan 30 mindən çox erməni Ermənistan MTX-sı tərəfindən bir dəfə də olsun əməkdaşlığa cəlb edilməmişdir!

Faktlardan aydın olur ki, Ermənistan dövləti terrorçuluğu, münasibətlərin müəyyənləşdirilməsində güc tətbiq edilməsini, qonşu dövlətlərin işlərinə qarışmaqda separatçı təşkilatların xidmətlərindən istifadəni rəsmi dövlət siyasəti səviyyəsinə yüksəltmişdir. Həmçinin bu da açıq həqiqətdir ki, Ermənistan Respublikasının eks-prezidentləri Robert Koçaryan və Serj Sarkisyan başda olmaqla zorakılığın həyata keçirilməsi və Azərbaycan Respublikasının qanuni ərazilərinin qəsb edilməsi fonunda öz siyasi karyeralarını qurmuşdurlar. Sonralar Serj Sarkisyan BMT tribunasından bütün dünyanın gözünün içinə baxa-baxa Xocalı qətliamında iştirakından fəxrlə danışacaqdı! Hazırki prezident Nikol Paşinyan Qarabağ müharibəsində iştirak etməsə də nəinki bu terror və işğala qarşı münasibət bildirmiş, əksinə, terrora ənənəvi dövlət dəstəyinin mutasiya olunmuş forması ilə bu qətllərə, işğala, terrora haqq qazandırmışdır. Erməni terrorçuluğu və təcavüzkarlığı ilə bağlı siyasi mübarizədə bir məqamı xüsusi vurğulamaq istərdim. Ölkə başçısı İlham Əliyev hələ Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın sessiyasındakı 29 aprel 2004-cü ildə çıxışında konseptual və prinsipial yanaşma nümayiş etdirərək mütəşəkkil cinayətkarlığın artmasının mühüm səbəblərindən biri kimi müvafiq dövlət strukturlarının bu sahəyə zəif nəzarət etməsi və ya bəzən ümumiyyətlə nəzarət etməməsi olduğunu bildirmişdir. O Azərbaycanın bu məsələdə narahatçılığını xüsusi qeyd edərək demişdi ki, Avropada mütəşəkkil cinayətkarlığın mərkəzlərindən, terror bazalarından biri məhz bizim işğal edilmiş ərazilərimizdir.
Daha sonra aşağıdakı məsələlər avroparlamentarilərin diqqətinə çatdırılmışdır:

«Dağlıq Qarabağ Respublikası» deyilən ərazidə narkotik bitkilərin yetişdirilməsi və daşınması üçün istifadə edilir. Bu fakt ABŞ Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət strategiyasına dair 2000-ci il mart tarixli hesabatında da öz əksini tapmışdır. Narkotiklərlə məşğul olan işbazlar və tiryək alverçiləri orada özlərini təhlükəsiz və çox rahat hiss edirlər. Onları «Dağlıq Qarabağ Respublikası»nın bədnam rəhbərləri müdafiə edir. Həmin rəhbərlər narkotiklərin satışından gələn pulları Azərbaycanın işğal olunmuş ərazisini əldə saxlamaq və muzdlulara haqq ödəmək üçün istifadə edirlər. Yaxşı məlumdur ki, Rusiyanın keçmiş rəhbərləri özlərinin müvafiq strukturlarına Ermənistana qanunsuz yolla bir milyard dollarlıq silah ötürməyə icazə vermişdilər. Həmin silahların çox hissəsi Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər ərazilərində yerləşdirilmişdir. Mən sual edirəm Ermənistan və Dağlıq Qarabağ bu silahları almaq üçün bu qədər pulu hardan tapdı? Bu regiondakı vəziyyəti bilən hər kəsə aydındır ki, Ermənistanda iqtisadi vəziyyət çox pisdir. Ermənistan əsas etibarilə xarici yardımlar hesabına yaşayır. Daimi iqtisadi tənəzzül ucbatından yüz minlərlə insan Ermənistanı tərk etmişdir. Cavab aydındır. Ya onlar həmin silahları pulsuz alıblar- buna güman çox azdır- ya da narkotiklərin satışından əldə olunan pulla alırlar.

Dağlıq Qarabağda mövcud olan qanunsuz iqtisadi fəaliyyət bu qondarma «respublikanı» «çirkli pulların» yuyulması sahəsində məşhurlaşdırmışdır. Ermənilər Dağlıq Qarabağın ərazisində silahlı birləşmələrə təlim keçirlər. Bu birləşmələr terrorizmə qarşı beynəlxalq konvensiyaların nəzarətindən tamamilə kənardadır. İ.Əliyev eyni zamanda Ermənistanın beynəlxalq ictimaiyyətin gözü qarşısında işğal edilmiş Azərbaycan torpaqlarında radioaktiv maddələrin basdırılması haqda məlumatları da Avropa parlamentarilərinin nəzərinə çatdırmışdır. Azərbaycan beynəlxalq terrorçuluqla mübarizə və sülhyaratma missiyalarında dünyanın qabaqcıl dövlət və beynəlxalq təşkilatları ilə əməkdaşlıq etmiş və etməkdə də davam edir. Bu məqamda ABŞ-ın Arkanzas ştatında hakim və hüquqçu olan məşhur Semyuel Uimzin araşdırmalarından danışmaq məsələyə daha dərin aydınlıq gətirərdi. Qeyd edək ki, o Arkanzas Universiteti Hüquq Fakültəsinin hüquq elmləri üzrə doktoru olmaqla yanaşı Arkanzas ştatının konstitusiyasının yenidən hazırlanması üçün təşkil edilmiş komissiyanın üzvü kimi nüfuzlu bir şəxs idi. O ömrünün sonlarında Ermənilərin Böyük Hiyləgərliyi Kitabları serialındakı məşhur kitabı "Ermənistan: Terrorçu "xristian" ölkənin gizlinləri" (Armenia: The Secrets of a "Christian" Terrorist State – 2002) əsərini qələmə aldı. Əsərin 357-ci səhifəsində deyilir: “Soruşula bilər ki, bəs Əfqanıstana Azərbaycan kimi yaxın olan Ermənistan terrorizmlə mübarizə istiqamətində nə etmişdir? Cavab “heç nə”dir! Ermənistanın qoşunlara, silah-sursata ehtiyacı vardır ki, 1992-ci ildə öz müsəlman qonşusu Azərbaycandan qanunsuz yolla zor gücünə qamarladığı torpaqları əldə saxlaya bilsin.

Bu vaxt ərzində amerikan-erməni kolonistləri Birləşmiş Ştatlarda xeyli iş görmüşdür. Nyu-Yorkda fəaliyyət göstərən amerikan-erməni hüquqşünası Van Qriqoryan Amerikanın Erməni Assembleyasına başçılıq edir. Mister Qriqoryan bəyan etmişdir ki, onun təşkilatı “onların" 1992-ci ildə qəbul edilmiş Azadlıq Aktının 907-ci maddəsi adlı federal qanunun ləğvinə etiraz edir, belə ki, Birləşmiş Ştatlar-Azərbaycan əməkdaşlığından qorxmaq üçün Ermənistanın ciddi əsasları olacaqdır; bu, onların iki yüz yaşı olan “qədim” vətənlərinə ziyan vuracaqdır. Nyu-Yorklu amerikan-erməni 1993-cü ildə Ermənistanla müharibəyə kömək üçün Üsamə bin Ladenin adamlarının bir neçə qrupunu dəvət etdiyinə görə Azərbaycan hökumətini ittiham edir. Əslində isə bin Ladenin öz pulunun çoxunu Ermənistanda saxlaması haqqında ABC agentliyi xəbər yaymışdır. Nəticədə amerikan-erməni kolonistləri həmin şəbəkəyə saysız-hesabsız məktublar və elektron poçt məktubları göndərərək, habelə çoxlu telefon zəngləri edərək həmin faktın bəyan edilməsinə öz etirazlarını bildirmişdir. Həqiqət ermənilər üçün vacib element deyildi. Onlar üçün ən vacibi o idi ki, televiziya ekranlarında həmin əhvalat Ermənistanın üzərinə pis kölgə salmışdı.’’ Semyuel Uimz bu kitabı yaza bilmək üçün öz şəhəri xaricində Vaşinqton, London, Paris, Roma, Moskva, İstanbul və s. şəhərlərə səfər edib bu ölkələrin kitabxana və arxivlərində araşdırmalar etmiş və adı çəkilən əsəri qələmə almışdır. Ermənistana gedib oradakı arxivlərdə də araşdırma aparmaq istəməsinə baxmayaraq ona Ermənistan hökuməti icazə verməmişdir. Kitab səbəbiylə Ermənilər tərəfindən ölümlə təhdid edildiyini, təhqir edildiyini israrla ictimaiyyətə bildirən, nə müsəlman, nə də türk olan S.Uimz bu kitabın nəşr edilməsinin üzərindən bir il keçməmiş "infarkt" diaqnozuyla şübhəli bir şəkildə 25 Yanvar 2003-də vəfat etmişdir. Araşdırmalarımıza görə dünyada 30-a qədər erməni terror təşkilatı yaradılmış və müxtəlif ölkələrdə fəaliyyət göstərmişdirlər.

Ermənistan dövləti də məhz bu terror təşkilatlarının “fəaliyyətləri” nəticəsində dünya dövlətlərini, dövlət adamlarını təhdid edərək, qətl və terror aktları törətməklə bir erməni dövləti ilə “təmin ediliblər”. Qafqazda bir terror dövləti vardır artıq! Cənubi Qafqazın digər ölkələri olan Azərbaycan və Gürcüstanda heç bir terror təşkilatı yaradılmamış və dəstəklənməmişdir. Ya bu terrorçu dövləti susdursunlar, ya da kənara çəkilsinlər susduraq!

Emin Əliyev
Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin həmtəsisçisi