• 25 Sentyabr 2020
logo
"Bu zaman Qurban Məmmədov Naxçıvana zəng edib Heydər Əliyevdən məsləhət istədi..."

"Bu zaman Qurban Məmmədov Naxçıvana zəng edib Heydər Əliyevdən məsləhət istədi..."

"Elçibəy necə Moskvanın adamı ola bilərdi ki, Ermənistandan fərqli olaraq nəinki Rusiyanın Azərbaycanın dövlət sərhədlərini qorumasına razılaşmadı, hətta rus qoşunlarını Azərbaycandan çıxardı..."

1 illik AXC iqtidarında milli təhlükəsilik nazirinin birinci müavini olmuş Sülhəddin Əkbərin bir neçə gün öncə "Azadlıq" radiosuna verdiyi müsahibə aydın səmada şimşək effekti verdi. Xüsusən onun eks prezident Əbülfəz Elçibəy haqqında səsləndirdiyi ittihamların nə dərəcədə həqiqəti əks etdirib etdirməməsinin də saf-çürük edilməsi zərurəti yarandı.
Buna görə də Moderator.az S. Əkbərin fikirlərini şərh etmək üçün həmin dönəmdə dövlət katibinin müavini postunda olan BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə bir neçə sualla müraciət edib:

- Qüdrət bəy, AXC hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini olmuş Sülhəddin Əkbər "Azadlıq" radiosuna verdiyi müsabibədə Əbülfəz Elçibəy və onun yaxın ətrafına ünvanlanan ciddi ittihamlar səsləndirib. Həmin müsahibə ilə tanış olmusunuzsa bu barədə nə deyə bilərsiniz?

- Həmin müsahibəyə mən də baxdım. Belə görsənir ki, Sülhəddin bəy milli təhlükəsizlik naziri təyin olunmamasını Elçibəyin dünyasını dəyişməsinə və üstündən 27 il keçməsinə baxmayaraq hələ də Elçibəyə bağışlaya bilmir. İnciklik açıq-aşkar hiss olunur. O, iddia edir ki, Rusiya Mütəllibovu Azərbaycanda Prezident, Heydər Əliyevi parlamentin sədri, Etibar Məmmədovu isə Baş Nazir görmək istəyirmiş və Elçibəy də bu istiqamətdə fəaliyyət göstərirmiş. Guya Heydər Əliyev sonradan Mütəllibovun Azərbaycana prezident kimi qayıtmasına mane olduğu üçün Qarabağ ətrafındakı 5 rayon işğal olunub. O dövrü yaşamış və azacıq o dövrlə maraqlanmış istənilən adam bilir ki, bu iddiaların heç bir əsası yoxdur. Əvvəla, Rusiya istəsəydi Mütəllibovu hakimiyyətdə qoruyub saxlayardı. Mütəllibov 1991-ci ildə Moskvada vitse-prezident Yanayevin təşkil etdiyi avqust qiyamını dəstəklədiyi üçün Yeltsin onun devrilməsinə qərar vermişdi və bu məqsədlə 20 noyabr 1991-ci ildə Qarakənd faciəsi, onun ardınca Xocalı soyqırımı törədildi. Mütəllibovun hakimiyyətdən devrilməsində isə Heydər Əliyevin müstəsna xidmətləri olub. Belə ki, Mütəllibov 1992-ci ilin mayın 14-də hakimiyyətə qanunsuz olaraq yenidən qayıtmaq istəyəndə qorxu və təlaş içində olan AXC rəhbərliyi nə etmək barədə qərar qəbul edə bilmirdi. Bu zaman Qurban Məmmədov Naxçıvana zəng edib Heydər Əliyevdən məsləhət istədi. Heydər Əliyev Mütəllibovun hakimiyyətə qayıtmaq istəyinin Konstitusiyaya zidd olduğunu söyləyib Milli Məclisin binasına yürüş etməyi məsləhət gördü. Qurban Məmmədov bu barədə AXC qərargahı qarşısına toplanan nümayişçilərə məlumat verəndən sonra insanlar parlamentin binasına yürüş etdi və Mütəllibov qaçmağa məcbur oldu. Elçibəy necə Moskvanın adamı ola bilərdi ki, Ermənistandan fərqli olaraq nəinki Rusiyanın Azərbaycanın dövlət sərhədlərini qorumasına razılaşmadı, hətta rus qoşunlarını Azərbaycandan çıxardı, MDB-yə, Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmadı, Qərbin iri neft şirkətləri ilə müqvilə bağlamaq üçün danışıqlara başladı. Onun imzalaya bilmədiyi həmin kontraktları 1994-cü ildə Heydər Əliyev imzaladı. Heydər Əliyev Rusiyanın qəzəbini soyutmaq üçün MDB-yə və KTMT-yə Azərbaycanı daxil etsə də rus əsgərlərinin dövlət sərhədlərimizə və sülhməramlı kimi Qarabağa gətirilməsinə imkan vermədi. KTMT-dən isə 1999-cu ildə Azərbaycanı çıxardı. Onu da hamı bilir ki, Heydər Əliyevin 1987-ci ildə Moskvada Siyasi Bürodan istefaya göndərilməsində Yeltsinin Qorbaçova təzyiqləri xüsusi rol oynamışdı. Ona görə də Sülhəddin bəyin dedikləri faktlar deyil, onun təxəyyülünün məhsuludur. Əvvəl Sərdar Cəlaloğlunun ardınca Sülhəddin Əkbərin Elçibəyi Rusiyanın sifarişi ilə fəaliyyət göstərməkdə ittiham etməsi hansısa sifarişin icrası ehtimalını artırır.

- Bundan başqa Əbülfəz Elçibəy başqalarını hakimiyyətə gətirmək üçün o cür mürəkkəb kombinasiyalar qurmaq gücündə olan bir siyasətçi idisə, onda nə yaxşı özü üçün çalışmayıb və nəyə görə Moskva özünün bu cür istedadlı adamını cəmisi 1 il sonra dəyişmək istəyib?

- Sülhəddin bəy deyir ki, MTN-in arxivləri bağlanmışdı və bu AXC hakimiyyətinin süqutunu şərtləndirdi. Ardınca deyir ki, AXC rəhbərliyində təmsil olunmuş çoxlu sayda adamın agent olmasına dair onda rəsmi sənədlər var imiş. Arxiv bağlı idisə, o həmin sənədləri necə əldə etmişdi? Onu da söyləyir ki, o ölkənin uçuruma getməsinin fərqində imiş və vəzifəyə təyin olunandan təqribən 6 ay sonra milli təhlükəsizlik naziri olmağa hazır imiş. Belə bir şəxs nə üçün istefa verib xalqa mövcud vəziyyətlə bağlı müraciət etməyib? Yaxud niyə həmin materialları mətbuata sızdırmayıb? Axı bu bütün dünyada qəbul olunmuş bir şeydir. Bunu bilmədən necə milli təhlükəsizlik naziri olmağa hazır imiş?Yaxud vəzifə onun üçün bu qədərmi şirin imiş?
Sonda onu söyləyim ki, həqiqətən AXC rəhbərliyində Elçibəyə yalnış məlumatlar ötürüb səhv qərarların qəbul olunmasına nail olan agentlər olsa da ona ağıllı məsləhətlər verə bilən güclü siyasi xadimlər yox idi. MTN arxivlərinin açılmaması, yeni Konstitusiyanın qəbul edilməməsi, parlament seçkilərinin keçirilməməsi həmin səhv qərarlardan idi. Xalqımızın sosial inkişaf və siyasi yetkinlik səviyyəsi xalq hərəkatının önunə Baltikyanı respublikalarında və Rusiyada olduğu kimi güclü liderlər çıxara bilmədi. Respublikamızda mövcud olan qorxaq və müti bürokratiya kənara çəkildi. Xalq hərəkatının önünə keçən təcrübəsiz gənclər və agentlər isə dövlət aparatını xalqa düşmən elan etdi. Ona görə də sadə insanların dəstəyi ilə hakimiyyətə gəlmiş AXC o dövrün qorxaq ziyalılarının və rüşvətxor dövlət qulluqçularının dəstəyindən məhrum olmuşdu. AXC-nin hakimiyyətdən getməsinin əsas səbəbi Elçibəyin komandasının səriştəsizliyi, ölkənin güclü beynəlxalq dəstəyə və müttəfiqlərə malik xristian Ermənistanla müharibə aparması, dövrün şərtlərinin ağırlığı, geniş xalq kütlələrinin buraxılmış səhvlərə görə hökuməti müdafiə etməkdən imtina etməsi və məhz bu səbəblərdən regional və Qərbin böyük güclərinin AXC hakimiyyətinin davam etməsində maraqlı olmaması idi.