• 26 Aprel 2024
logo
İşğala “şam tutanlar”

İşğala “şam tutanlar”

Yaxud radikal müxalifətlə ermənipərəst konqresmenləri hansı maraqlar birləşdirir?

Məlum olduğu kimi mayın 20-də bir qrup ermənipərəst ABŞ konqresmeni, o cümlədən Frank Pallone və Adam Şiff Azərbaycan Silahlı Qüvvələrinin bu ilin may ayında keçirdiyi hərbi təlimlərlə bağlı ABŞ-ın dövlət katibi Mayk Pompeo və müdafiə naziri Mark Esperə müraciət ünvanlayıblar. Bu konqresmenlərin qənaətinə görə, COVİD-19 virusunun yayıldığı və yüzminlərlə insanın öldüyü bir zamanda Azərbaycan tərəfindən hərbi təlimlərin keçirilməsi “təhlükəlidir”, “beynəlxalq razılaşmalara ziddir və Cənubi Qafqazda təhlükəsizliyi pozmaq potensialı daşımaqla” daha çox sayda insanın həyatı üçün təhlükə yaradır.
Bu səbəbdən də, onlar Dövlət Departamentini və Müdafiə Nazirliyini Azərbaycan Ordusunun fəaliyyətini mühakimə etməyə çağırıblar. Müraciətdə deyilir ki, Azərbaycan qondarma “DQR” və Ermənistanla tarixi gərginliyi kəskinləşdirməyə cəhd göstərir.
Müraciət müəllifləri hesab edirlər ki, ABŞ-ın Azərbaycana dəstəyi bu ölkənin öz resurlarını hücum müstəvisinə keçirməsinə imkan yaradır ki, bu da etmənilərin həyatına və regional təhlükəsizliyə təhdiddir.
Müraciətin sonunda konqresmenlər ABŞ hakimiyyətini Azərbaycan ordusunun hərbi təlimlərinə münasibət bildirməyə çağırır və Azərbaycanın “təxribat xarakterli” fəaliyyətini dayandırmaq üçün əməkdaşlığa hazır olduqlarını bəyan edirlər.
Öncə qeyd edim ki, müraciət ünvanlayan konqresmenlər, həmçinin Frank Pallone və Adam Şiff erməniliyin qatı tərəfdarı kimi çıxış edir, erməni lobbisi tərəfindən maliyyələşir və uzun illərdir ki, erməni lobbisinin sifarişi ilə Azərbaycan və Türkiyə əleyhinə fəaliyyət göstərirlər.
Faktlara diqqət yetirək:

Amerika Erməni Konqresi Şurasının qurucusu və həmsədri konqresmen Frank Pallone 2019-cu ilin oktyabrında işğal altında olan Azərbaycan ərazilərinə, Şuşa şəhərinə qanunsuz səfər edib və hətta erməni kilsəsində şam yandırmağı da unutmayıb.

Frenk Pallone Şuşada erməni kilsəsində şam yandırır
Bir neçə gündən sonra Amerika Erməni Konqresi Şurası sədrinin müavini, konqresmen Adam Şiff də Dağlıq Qarabağa qanunsuz səfər edərək, işğalçı Ermənistan ordusunun qəsb etdiyi Azərbaycan torpaqlarından həmkarı Frenk Pallone ilə birlikdə Azərbaycan əleyhinə bəyanatlar verib və Ağ Evi Azərbaycana hərbi yardım etməməyə çağırıb. Şuşada və Xankəndində, qondarma rejimin nümayəndələri ilə görüşdə konqrsemenlər qeyd ediblər ki, ABŞ Azərbaycana hərbi yardım etməməlidir. Çünki bunun Ermənistana qarşı istifadə ediləcəyini düşünmək üçün əsaslar var.
Göründüyü kimi, işğal altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər edən Frank Pallone və Adam Şiffin Şuşada, Xankəndində verdiyi bəyanatlarla, adıçəkilən şəxslər də daxil olmaqla bir qrup ermənipərəst konqresmeninin ABŞ Dövlət katibi və Müdafiə nazirinə ünvanladığı müraciətin mətni tamamilə eynilik təşkil edir.
Pallone, Şiff və həmfikirlərinin konqresmen kimi fəaliyyətləri bu günədək, əsasən Ermənistanın dəstəklənməsi, qondarma soyqırımının tanınması ilə bağlı bəyanatlar verməkdən və təbii ki, Azərbaycan əleyhinə qətnamələrə həmmüəlliflik etməkdən ibar olub. Daha dəqiq desək, ermənipərəst konqresmenlərin ABŞ konqresindəki missiyasını əsas istiqamətlərini Erməni Milli Komitəsi və Amerika Erməni Assambleyası tərəfindən hazırlanmış qətnamə mətnlərini imzalamaq təşkil edir.
Azərbaycan və Türkiyə əleyhinə açıq şəkildə qərəzli münasibət sərgiləyən, Bakı-Vaşinqton, Ankara-Vaşinqton münasibətlərini gərginləşdirmək üçün bütün vasitələrə əl atan bu konqresmenlər, Nümayəndələr Palatasında öz seçicilərini deyil, Ermənistanın, erməni diasporunun və faşist ideologiyası ilə silahlanmış, terrorizmi dəstəkləyən ultramillətçi Daşnaksyutun Partiyasının törəməsi olan Erməni Milli Komitəsini və Amerika Erməni Assambleyasını təmsil edirlər.
Şübhəsiz ki, bu konqresmenlərin fəaliyyəti ABŞ-ın Cənubi Qafqaz siyasəti ilə ziddiyyət təşkil edir və Birləşmiş Ştatların regiondakı maraqlarını zərbə altına qoyur.

Regionda sülhə, sabitliyə, təhlükəsizliyə təhdid yaradan isə Ermənistanın davam etməkdə olan işğalçılıq siyasətidir. Azərbaycan ərzilərini işğal altında saxlayan Ermənistanın destruktiv fəaliyyəti regionu daim gərginlikdə saxlayır. İşğal olunmuş ərazilərlə və həm də Ermənistanla həmsərhəd bölgələrdə yaşayan mülki azərbaycanlı əhalinin mütəmadi olaraq atəşə tutulması, təssərrüfatla məşğul olan dinc sakinlərin, o cümlədən uşaqların qətlə yetirilməsi işğalçı ölkənin cinayətkar mahiyyətinin göstərici kimi dəyərləndirilməlidir.
Azərbaycanın regionda sülhə, əminamanlığa və əməkdaşlığa xidmət edən siyasəti ilə Ermənistanın dağıdıcı fəaliyyətini heç bir halda müqayisə etmək mümkün deyil.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri Avropanın enerji təhlükəsliyinə töfhə verməklə yanaşı, bölgə ölkələrinin inkişafına və rifahına zəmin yaradıb. Azərbaycanın paytaxtının NATO və Rusiyanın yüksək rütbəli hərbi komandanlığının görüşlərinə ev sahibliyi etməsi, ölkəmizin qlobal humanitar problemlərin müzakirə edildiyi beynəlxalq dialoq platformasına çevrilməsi işğalçı Ermənistanın və ermənipərəst konqresmenlərin iddialarına ən tutarlı cavab sayıla bilər.
Azərbaycan 1999-2008-ci illərdə NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında (KFOR), 2003-2014-cü illərdə NATO-nun Əfqanıstanda həyata keçirilən ISAF əməliyyatında iştirak edib.
Ölkəmiz 2015-ci ildən başlayaraq NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək adlı təlim, məsləhət və dəstək missiyasına töhfə verir. Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması üzrə NATO çərçivəsində və digər beynəlxalq siyasi proseslərdə yaxından iştirak edir və Əfqanıstan hökuməti ilə müntəzəm təmaslar saxlayır. Azərbaycanın töhfəsi siyasi, hərbi, logistik dəstək / hava və yer tranziti, habelə müxtəlif treninqlər, humanitar mina təmizləmə və Əfqan Ordusu üzrə Etimad Fonduna maliyyə töhfələri kimi sahələrdən ibarətdir.
NATO-nun baş katibi Yens Stoltenberq ötən il təşkilatın 70 illiyinə həsr olunmuş iclas çərçivəsində mətbuata verdiyi açıqlama zamanı Azərbaycan Respublikasının Avratlantik Alyansın yaxın tərəfdaşı olduğunu, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini bildirib. Baş katib Azərbaycanın NATO-nun rəhbərliyi ilə Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini diqqətə çatdırıb. Stoltenberq xüsusilə 2017-ci ildə fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolunun NATO üzv dövlətləri tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunduğunu qeyd edərək, bu dəmir yolunun Alyansın “Qətiyyətli Dəstək” missiyasının uğuruna mühüm töhfə verdiyini vurğulayıb.
Ölkəmizin BMT-nin və digər beynəlxalq təşkilatların humanitar missiyalarında yaxından və fəal iştirakı, yeni növ koronavirus pandemiyasının hökm sürdüyü bir dönəmdə yaşayan iqtisadi çətinliklərə baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatına virusla mübarizə üçün ayırdığı maliyyə vəsaitləri, dünyanın ayrı-ayrı ölkələrinə etdiyi yardımlar Azərbaycan dövlətinin humanizm dəyərləri üzərində bərqərar olduğunun bariz nümunəsidir.
Öz beynəlxalq öhdəliklərinə daim sadiq qalan, regional və qlobal sülhə böyük töhfələr verən, dünyanın ən müxtəlif ölkələrinə ayrı-ayrı xalqlara və dini konfessiyalara məxsus tarixi və mədəni irsin qorunub saxlanılmasında yaxından iştirak edən, torpaqlarının 20 faizindən çoxunun işğal altında olmasına, işğal nəticəsində köçkün düşmüş bir milyona yaxın insanın çoxsaylı problemləri ilə qarşı-qarşıya qaldığına baxmayaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə sadiq qalan Azərbaycan Respublikasına münasibətdə ernipərəst konqresmenlərinin nümayiş etdirdikləri mövqe, ən yaxşı halda ədalət prinsiplərinin ayaqlar altına atılması kimi dəyərləndirilə bilər.
Maraqlıdır, görəsən hansı səbəbdən həmin konqresmenlər Azərbaycanın işğal altındakı ərazilərində mütəmadi olaraq hərbi təlimlər keçirən, təxribat xarakterli addımlarıyla münaqişənin yenidən alovlanmasına zəmin yaradan işğalçı Ermənistanın cinayətkar əməlləri ilə bağlı Pompeo və Esperə müraciət etmirlər?
Ermənistanın işğalçılıq siyasətini pisləməyə cəhd belə göstərməyən, lakin ABŞ rəhbərliyini Azərbaycanın keçirdiyi hərbi təlimləri mühakimə etməyə çağıran şəsxlər necə və hansı əməllərinə görə obyektiv ola bilərlər?
Görəsən, bu konqresmenlər Ermənistan ordusu 2016-cı ildə Azərbaycanın Ağdam və Tərtər rayonlarının mülki əhalisinin başına bomba yağdıranda nə üçün səslərini çıxarmırdılar?
Azərbaycan öz silahlı qüvvələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinə, şəxsi heyətin döyüş qabiliyyətinin artırılmasına böyük vəsaitlər ayırır və ölkəmizin silahlı qüvvələri dünyanın 50 ən güclü ordusu sırasına daxildir. Xaricdən verilən dilənçi payı hesabına ordu saxlayan Ermənistandan fərqli olaraq, bizim öz ordumuzu gücləndirmək və təkmilləşdirmək üçün kimsəyə ehtiyacımız yoxdur.
Azərbaycan artıq ermənipərəst siyasətçilərin və konqresmenlərin bu qəbildən olan təxribatlarına alışıb. Belə cəhdlər təxribatçı konqresmenlərə şərəf gətirmədiyi kimi, ABŞ-la Azərbaycan arasındakı strateji tərəfdaşlıq münasibətlərinə də xələl gətirə bilməz. Çünki bu münasibətlər uzunmüddətli, qarşılıqlı faydalılıq və etimad üzərində formalaşan əməkdaşlığa söykənir.

Bu arada bir məqama da diqqət çəkməyi vacib hesab edirəm: ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışan ermənipərəst konqresmenlərin təxribatçı əməllərinin səbəbi, onların Erməni Milli Komitəsinin sifarişlərini icra etdikləri aydındır. Aydın olmayan isə, Azərbaycan xalqı üçün şərəf məsələsi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə maneə yaradan həmin konqresmenlərlə sinxron hərəkət edən, Azərbaycana qarşı yönəlmiş bütün iddia və ittihamlara dəstək verən “sapı özümüzdən olan baltalar”dır. Təəssüf ki, Azərbaycanın Qərbdən idarə olunan, xarici fondlar tərəfindən maliyyələşən radikal müxalifətinin təmsilçiləri, onların ölkə sərhədlərindən kənarda məskunlaşan tör-töküntüləri hətta bu şərəf məsələsində belə Azərbaycan xalqı ilə birlikdə ola bilmirlər.

Azərbaycanın mədəniyyət mərkəzlərindən birinə - Şuşaya işğala haqq qazandırmaq üçün səfər edən, erməni işğalını kilsədə şam yandırmaqla, dualar etməklə dəstəkləyən Frank Pallone, Adam Şiff və digər erməni dəstəkçisi olan konqresmen və siyasətçilərlə eyni mövqeyi bölüşən azərbaycanlıların arasındakı fərq, görəsən nədən ibarətdir? Şəxsən mən belə bir fərqi görmürəm. Mənə görə, həmin şəxslər də öz davranışlarıyla Frank Pollone kimi erməni işğalının “şərəfinə” şam tuturlar. Və bu ilk dəfə deyil ki, baş verir.

Oxşar davranışlar ötən il ABŞ Konqresinin Nümayəndələr Palatasinda qondarma “erməni soyqırımı”nın tanınmasına dair qətnamənin qəbulu və işğal altındakı Azərbaycan ərazilərində formalaşdırılmış qanunsuz, qondarma rejimin “xarici işlər naziri”nin Frank Pallone və Adam Şiffin təşəbbüsü ilə Nümayəndələr Palatasında keçirdiyi görüşlər zamanı da sərgilənmişdi. Separatçılarla və ermənipərəst konqresmenlərlə eyni vaxtda Azərbaycan əleyhinə mətbuat konfransı keçirən radikal müxalifət təmsilçiləri torpaqlarımızın işğalı faktını belə dilə gətirməmiş, bu barədə susmağa üstün vermişdilər. Susmaq isə məlim olduğu kimi razılıq əlamətidir.
Amma nə Azərbaycan dövlətinin, nə də xalqının susmaq niyyəti yoxdur. Biz susanda silahlar danışacaq!

Ermənipərəst konqresmen Kristofer Smit və Azərbaycanın radikal müxalifət təmsilçisinin görüşü
Qeyd edim ki, Azərbaycanın radikal müxalifətinin uzun illərdirdir ABŞ-ın qatı ermənipərəst dairələri, xüsusilə də Konqresin Helsinki Komissiyasının rəhbəri, özünü “ermənilərin böyük dostu” adlandıran, hər qondarma erməni soyqırımın tanınması ilə bağlı ABŞ prezidentlərinə müraciət ünvanlayan Kristofer Smit, Frenk Pallone və digər bu kimi kimi konqresmenlər tərəfindən himayə olunduğu kimsəyə sirr deyil.

Kristofer Smit ABŞ-dakı erməni diasporunun ən fəal üzvlərindən olan Asbed Vasilyanla birlikdə
Bu həmin Kristofer Smitdir ki, 2015-ci ildə digər erməni dəstəkçisi olan konqresmenlərlə birlikdə Birləşmiş Ştatların Azərbaycanla münasibətlərinə yenidən baxmasını və ölkəmizə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamənin qəbuluna nail olmaq istəyirdi. Azərbaycanın radikal müxalifətinin nümayəndələri isə bu zaman erməni dəstəkçiləri ilə görüşlər keçirir, 1992-ci ildə Azərbaycana qarşı tətbiq olunmuş “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin müəlliflərindən biri olan Kristofer Smiti və onun birbaşa işğalçı Ermənistanın maraqlarına xidmət edən layihəsini açıq şəkildə müdafiə edirdilər.

Kristofer Smitin qonradma erməni soyqırımının tanınması ilə bağlı müraciətlərindən bir hissə
“Sapı özümüzdən olan baltalar”ın və onların varislərinin 2016-cı ildə ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasını təşkil etdiyi anti-Azərbaycan dinləmələrində Dağlıq Qarabağdakı separatçı rejimin sabiq “başçısı” Bako Saakyanın oğlu Armen Saakyanla birlikdə ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyasını da kimsə unutmayıb. Və unutmayacaq da! Çünki Azərbaycan xalqı xəyanəti heç vaxt unutmur və bağışlamır!

Elçin Mirzəbəyli, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru,
siyasi ekspert