• 29 Mart 2024
logo
Azərbaycanın ATƏT-dəki missiyası: Ermənistan həmsədrlərin əhalini sülhə hazırlamaq çağırışını fərqli başa düşür

Azərbaycanın ATƏT-dəki missiyası: Ermənistan həmsədrlərin əhalini sülhə hazırlamaq çağırışını fərqli başa düşür

"Azərbaycana qarşı müharibəyə başlayan, etnik təmizləmə həyata keçirən, münaqişə zamanı digər ağır cinayətlər törədən, tənzimlənməyən irqçi ideologiyanın tərəfdarı, BMT-nin məcburi qətnamələrinə, BMT Təhlükəsizlik Şurası, Avropa İnsan Hüquqları Məhkəməsinin hökmləri və digər beynəlxalq təşkilatların çoxsaylı sənədləri və qərarlarına məhəl qoymayan Ermənistanın başqalarını tənqid etməsi, sivilizasiya standartlarına və insan ləyaqətinə dair mühazirələr deməyə cəhd etməsi maraq doğurur".

Bunu Azərbaycanın ATƏT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin müavini Rövşən Sadıqbəyli təşkilatın Daimi Şurasının 1270-ci görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistanın hər hansı bir iddiası uyğunsuz və cəfəng görünür: "Çünki Azərbaycan vətəndaşlarına qarşı geniş və sistemli vəhşiliklər və etnik zəmində ayrı-seçkilik bu ölkənin dövlət siyasətidir.

Azərbaycandan və bölgədəki digər dövlətlərdən fərqli olaraq, Ermənistan bütün qeyri-erməniləri, o cümlədən azərbaycanlıları qovaraq monoetnik bir ölkəyə çevrilib".

R. Sadıqbəylinin sözlərinə görə, Ermənistan eyni siyasəti və təcrübəni  Azərbaycanın işğal olunmuş ərazilərində də tətbiq edib: "Belə ki, bütün qeyri-ermənilər qovulub və Ermənistanın tabeliyində irqçi bir rejim qurulub. Bu fonda Ermənistanın Azərbaycanı nifrət nitqində ittiham etməsi təcavüzkarın yalançı mənəviyyat duyğusunu əks etdirir. Ermənistan rəhbərliyinin ermənilər və azərbaycanlılar arasında "etnik uyğunsuzluq" barədə qeyri-qanuni mühakiməsi bu ölkənin siyasətinin əsasını etnik, dini zəmində nifrət, düşmənçilik və dözümsüzlük təşkil etdiyini sübut edir. Belə bir iyrənc konsepsiya Ermənistanda çoxdandır ki, davam edən ideologiyanın bir hissəsidir və bu konkret ifadə ilk dəfə Robert Köçəryanın Ermənistan prezidenti olduğu dövrdə işlədilib. BMT-nin müvafiq qurumları və digər beynəlxalq təşkilatlar da daxil olmaqla, beynəlxalq birlik dəfələrlə Ermənistanda hökm sürən dözümsüzlük ruhundan bu ölkədə həyata keçirilən ayrı-seçkilik siyasətindən ciddi narahatlığını ifadə edib. 2016-cı ilin iyun ayında dərc etdiyi hesabatında İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyası (ECRI) "azərbaycanlılara qarşı dözümsüz ifadələr"i xüsusilə qeyd edib.

"Makuçyan və Minasyan Azərbaycanla Macarıstana qarşı" işə gəldikdə isə, Ermənistanın bu mövzuda verdiyi bəyanat beynəlxalq qurumların qəbul etdiyi sənədlərin və qərarların özbaşına və seçilmiş şəkildə şərh edilməsi praktikasının daha bir nümunəsidir. Azərbaycan nümayəndə heyəti iştirakçı dövlətlərə öz qeydini təqdim edib və Ramil Səfərov haqqında məlumat verib. Bu hadisəni yalnız Ermənistanın Azərbaycan ərazilərində davam edən qanunsuz işğalı kontekstində görmək lazım olduğunu söyləmək kifayətdir".

O qeyd edib ki, Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsini Azərbaycana qarşı qarayaxma kampaniyasında istifadə etmək niyyəti rədd edilməlidir: "Ermənistan həmin məhkəmənin 16 iyun 2015-ci il tarixli "Çıraqov və başqaları Ermənistana qarşı" iddiası (Ərizə № 13216/05) ilə bağlı qərarına əməl etməkdən başlayaraq, insan hüquqları standartlarına hörmət və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı ikiüzlülüyünə son qoymalıdır. Məlum olduğu kimi, təqdim olunan sübutları araşdıraraq Avropa Məhkəməsinin Böyük Palatası Ermənistanın Dağlıq Qarabağ bölgəsi və Azərbaycanın digər işğal olunmuş əraziləri üzərində effektiv nəzarət həyata keçirdiyini, köçkünlərin öz evlərinə və ya yaşayış yerlərinə qayıtmaq hüquqlarını bir daha təsdiq edib və Ermənistanın azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına görə məsuliyyət daşıdığını müəyyənləşdirib. Ermənistan nümayəndə heyətinin bəyanatı bir daha göstərdi ki, bu iştirakçı dövlət ATƏT-in Minsk Qrupu həmsədrlərinin əhalini sülhə hazırlamaq çağırışını fərqli şəkildə başa düşür. Ermənistan Azərbaycana qarşı açdığı müharibənin mahiyyəti, səbəbləri və nəticələri barədə beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərinin heç bir perspektivinin olmadığını dərk etməlidir. Azərbaycan ardıcıl olaraq bəyan etdiyi kimi, münaqişənin davam etməsinin və nəticədə gərginliyin artmasının başlıca səbəbi Azərbaycan ərazilərinin qanunsuz işğalıdır.

Əgər Ermənistan həqiqətən bölgədə sülhün konstruktiv axtarışında maraqlıdırsa, beynəlxalq öhdəliklərinə əməl etməli, qüvvələrini Dağlıq Qarabağ bölgəsindən və Azərbaycanın işğal olunmuş digər ərazilərindən çıxarmalıdır, bu da insan hüquqlarını və bu ərazilərdəki evlərindən və mülklərindən didərgin salınmış  yüz minlərlə azərbaycanlının fundamental azadlıqlarını təmin edəcək".