• 24 Aprel 2024
logo
“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub

İyunun 4-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitənin sədri Əhliman Əmiraslanov əvvəlcə koronavirus (COVİD-19) pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, bu sahədə həyata keçirilən tədbirlər barədə danışıb.

İclasda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edildib.

Qeyd olunub ki, qanun layihəsi ölkə Konstitusiyasının 94-cü maddəsinə uyğun olaraq, Azərbaycanda insan orqan və toxumalarının donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin, tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək. 5 fəsil, 35 maddədən ibarət sənəddə qanunun tətbiq dairəsi, donorluğun və transplantasiyanın əsas prinsipləri, qayda və şərtləri, bu sahəyə yardımın təşkili, transplantasiya işini həyata keçirən mütəxəssislərin hüquq və vəzifələri, resipiyentlərin uçotu, donorluq işinin koordinasiyası, donor orqanlarının resipiyentlər arasında bölüşdürülməsi kimi məsələlər ətraflı ehtiva olunub.

Komitə üzvləri Rəşad Mahmudov, İlham Məmmədov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, dəvət olunmuş mütəxəssislər qanun layihəsi ilə bağlı fikirlərini bildirdilər, bu sahədə dünya ölkələrinin qabaqcıl təcrübəsindən danışıblar.

Gündəliyin ikinci məsələsini təqdim edən Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlara təklif olunan dəyişiklikləri diqqətə çatdırıb. Bildirib ki, bu dəyişikliklər ekoloji təhlükəsizliyin qorunması məqsədi daşıyır.

İclasda gündəliyin üçüncü məsələsinin - “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklərin (birinci oxunuş) mahiyyətini açıqlayan Məhəmməd Bazıqov diqqətə çatdırıb ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” 27 iyun 2019-cu il tarixli qanunda tibb müəssisələrinin akkreditasiyası nəzərdə tutulub.

Ətraflı müzakirələrdən sonra hər 3 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.