• 28 Mart 2024
logo
Elman Nəsirov: "Avropa Şurası anti-Azərbaycan mövqedədir"

Elman Nəsirov: "Avropa Şurası anti-Azərbaycan mövqedədir"

“Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür”.

Bunu APA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

O bildirib ki, Prezident İlham Əliyev Tərtər İdman Olimpiya Kompleksinin açılışında olduqca vacib məqamlara toxunub: “Onların sırasında ən diqqətçəkən məsələlərdən biri ölkə başçısının qondarma rejimdə keçirilən qondarma seçkilərə münasibətdə səsləndirdiyi fikirlər idi. Prezident İlham Əliyev vurğuladı ki, qondarma seçkilərin nəticələrini heç bir beynəlxalq təşkilat, qonşu dövlət tanımayıb. Eyni zamanda konkret misallarla göstərdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu “seçki”lərə görə bəyanatla çıxış edib və qondarma seçkinin nəticələrini tanımayıblar. Avropa İttifaqı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlar da analoji bəyanatlarla çıxış edərək, bu “seçki”lərin heç bir hüquqi əsasa malik olmadığını qeyd ediblər. Bu bir daha “seçki”lərin qeyri-legitimliyini göstərir”.

E. Nəsirov həmçinin Prezident İlham Əliyevin bu xüsusda Avropa Şurası Parlament Assambleyasının eyni qətiyyəti, prinsipiallığı nümayiş etdirməməsi ilə bağlı fikirlərinə də münasibət bildirib: “Avropa Şurası dolayısı ilə bu qeyri-qanuni seçkilərə münasibətdə özünün mövqesizliyini nümayiş etdirdi. Ümumiyyətlə, Avropa Şurası Parlament Assambleyasının riyakar mahiyyəti heç kim üçün sirr deyil. Bunun da səbəbləri var. Bu gün bu təşkilatda Azərbaycana qarşı fobiya hökm sürür. Bu təşkilatda anti-azərbaycan fəaliyyəti göstərən siyasi qruplaşmalar formalaşıb və sifariş əsasında Azərbaycan əleyhinə fəaliyyət göstərirlər. Onlar Azərbaycana qarşı ləkələmə, ölkəmizi gözdən salma, ölkəmiz haqqında uydurmalar yayma, saxta məruzələr qəbul etdirmə, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləmə kimi kampaniyaları davam etdirirlər. Onlar heç bir halda Azərbaycanın müstəqilliyini həzm edə bilmirlər. Ona görə də bu yolu seçiblər. Bu təşkilatdakıların müdafiə etdikləri isə Azərbaycandakı “beşinci kolon”, milli dönüklər və ermənilərdir. Yəni burada sinxronluğa diqqət yetirək, erməniləri müdafiə edən təşkilat, həm də Azərbaycandakı milli dönükləri dəstəkləyir. Ümumiyyətlə, Dağlıq Qarabağda xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər şoudur, təlxəklər tamaşasıdır”.

Deputat bildirib ki, bu təşkilatdakılar yaxşı olardı ki, pandemiya dövründə Azərbaycan Prezidentinin davranışı ilə bağlı da bəyanat versinlər: ”Bu dövrdə ölkə liderinin davranışı nəhəng bir dövlətinin rəhbərinin davranışını xatırladır. Azərbaycan pandemiya dövründə həm də regional və qlobal səviyyədə bu bəlaya qarşı öz töhfələrini verməkdədir. Bütün bunlara görə də Azərbaycana münasibətdə bu təşkilat qərəzli davranır. Bu baxımdan da Prezident İlham Əliyev bir daha söylədi ki, AŞPA-nın Azərbaycan əleyhinə qəbul etdiyi qərarların heç bir qiyməti yoxdur. Onların Azərbaycana qarşı qərəzli addımlarını biz qəbul etmirik. Avropa Şurasının riyakar mahiyyəti heç kim üçün sirr deyil. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar”.