• 23 Sentyabr 2020
logo
“Cəmiyyətin sağlamlığını təhlükəyə atmayın”

“Cəmiyyətin sağlamlığını təhlükəyə atmayın”

Musa Qasımlı: “Evdən çıxmaq zərurəti yarandıqda tibbi maska taxın”

“Koronavirus pandemiyası ilə bağlı son vaxtlar yaranmış vəziyyət haqqında fikirlərimi bir daha açıq şəkildə bölüşməyi lazım bilirəm. Hamıya bəllidir ki, bu virus bizdə yaranmayıb, ancaq ölkəmiz dünyanın bir hissəsi olduğundan ziyanı bizə də dəyir. O da məlumdur ki, vətəndaşın sağlamlığını əsas götürən cənab Prezidentimiz İlham Əliyevin çevik və düzgün siyasəti nəticəsində bu bəladan indiyədək az itki ilə çıxan ölkələrdən biri Azərbaycandır”. “Xalq cəbhəsi”nin məlumatına görə, bu fikirləri millət vəkili Musa Qasımlı öz facebook səhifəsində qeyd edib. Millət vəkili bildirib ki, dövlətimiz vətəndaşın sağlamlığının qorunması, sosial təminatı ilə bağlı olaraq özündən asılı olan hər şeyi edib, edir və yük onun çiyinlərindədir: “Ancaq çox şey vətəndaşların özündən asılıdır. Təəssüf ki, onu da açıq şəkildə söyləmək lazımdır ki, biz özünütəşkil səviyyəsi yüksək olan cəmiyyət deyilik, bir çoxları "əşşi, mənə nə" deyəcək qədər laqeyddir və hər şeyi dövlət hakimiyyətindən gözləyir, eyni zamanda hakimiyyətin də tövsiyələrinə riayət etmirlər. Sonra da deyirlər ki, toyumuz qalıb, yas məclislərinə normal gedə bilmirik. Gəlin özümüzə sual verək: bunun səbəbi nədir? Günahı kimdədir? Səbəbini və günahkarı bilməkdən ötrü ilk növbədə özümüzə, küçələrə, avtobuslara, metroya, çayxana və restoranlara baxmaq gərəkdir. Görünən odur ki, insanların bir qısmi tibbi maska taxmır, sosial məsafəni gözləmir, çay masası arxasında bir-birinə az qala yapışmış halda otururlar. Bu qədər məsuliyyətsizlik olarmı? Nə üçün belə edirlər? Soruşanda deyirlər ki, virus mənə bir şey eləməz. Birdəfəlik başa düşmək lazımdır ki, hökumət hər binanın giriş qapısına, avtobusa, metro vaqonuna, çayxanaya polis işçisi qoya bilməz. Özünüzün, ailənizin, qohumlarınızın, qonşularınızın və cəmiyyətin sağlamlığını təhlükə altına atmayın, çalışın evdə qalın, evdən çıxmaq zərurəti yarandıqda tibbi maska taxın, sosial məsafəni gözləyin, gigyena qaydalarına ciddi riayət edin. İmkan verin cəmiyyət normal hala dönsün”.

Əli