• 29 Mart 2024
logo
Tural Gəncəliyev: “Kanada parlamentinin üzvlərinə etiraz məktubu göndərmişik”

Tural Gəncəliyev: “Kanada parlamentinin üzvlərinə etiraz məktubu göndərmişik”

“Kanada parlamentinin üzvlərinə etiraz məktubu göndərmişik”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Tural Gəncəliyev deyib.

O bildirib ki, bundan öncə də icma və öz adından Kanada Parlamentinin üzvü Reyçl Harderin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin nümayəndəsinə “təbrik məktubu”nu göndərməsinə etiraz edib:

“Reyçl Harderin köməkçisi erməni mənşəlli Kanada vətəndaşıdır. Çox böyük ehtimalla həmin köməkçi deputat Reyçl Harderin saxta məlumatlarla təmin edib. Yaxşı olardı ki, deputat belə məlumatları əldə etdikdən sonra onu dəqiqləşdirərdi. Münaqişə ilə bağlı məsələni obyektiv şəkildə öyrəndikdən sonra addım atardı. Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.

Deputat Ramil Həsən isə qeyd edib ki, həmkarı Tural Gəncəliyevin dediyi kimi, Milli Məclisin 82 ölkə ilə parlamentlərarası dostluq qrupu var: “Prezidentin burada ilk iclasdakı çıxışı bizim hər birimiz üçün fəaliyyət istiqaməti olmalıdır. Dövlət başçısı hücum diplomatiyasından danışdı. Biz onun çıxışından yola çıxaraq, dostluq qruplarında hücum diplomatiyasının üstünlüklərindən istifadə etməliyik”.