• 4 Dekabr 2020
logo
“Karantin rejimi haqqında qanun qəbul edə bilərik”

“Karantin rejimi haqqında qanun qəbul edə bilərik”

Qüdrət Həsənquliyev: “Qanunvericilik sistemində “epidemiya əleyhinə rejim” termin kimi heç bir hüquq normasında, qanunda keçmir”

“Bizim deputat olaraq işimiz qanun layihələrini müzakirə etməkdir. Mən həmikarlarımı anlaya bilmirəm. Təkidlə tələb edirlər ki, səsə qoyaq. Biz hara tələsirik? Kimsə yorulubsa, çıxıb getsin. İmkan verin, işləmək istəyənlər işləsin”.
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsiunin sədr müavini Qüdrət Həsənquliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanunun layihəsinin müzakirəsi zamanı səsləndirib: “Hörmətli həmkarlar! Bir vacib məsələyə sizin diqqətinizi cəlb etmək istəyirəm. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı adlanır. Və Konstitusiya ilə birbaşa Milli Məclisin üzərinə insan hüquq və azadlıqlarınını qorunması ilə bağlı vəzifə qoyulur. Yəni Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin 71-ci maddənin 3-cü hissəsində qeyd olunub ki, hansı hallarda insan hüquqları və azadlıqları məhdudlaşdırıla bilər, dəqiq dairə müəyyənləşib. Müharibə, hərbi vəziyyət, fövqəladə vəziyyət və səfərbərlik halları. Ona görə ki, bu hallarda Prezidentin imzalayacağı fərmanlar parlamentdə təsdiq olunur və vətəndaşların hüquqlarının məhdulaşdırılmasında ali qanunverici orqan iştirak edir. Konstitusiyaya görə, əgər epidemiya varsa, deməli fövqəladə vəziyyət elan olunmalı idi, amma elan olunmadı. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə istinad olundu və ölkədə xüsusi karantin rejimi elan edildi. Amma karantində insanların hansı hüquq və azadlıqları məhdudlaşdırıla bilər, o da bəlli deyil. Nazirlər Kabineti beynəlxalq təcrübəyə uyğun olaraq, müvafiq məhdudlaşdırmalar həyata keçirirdi. Buna son zəruriyyət vəziyyətində qəbul olunmuş qərarlar kimi xalqımız da etiraz etmədi və qəbul elədi. Amma indi zaman keçir, biz karantin rejimi haqqında qanun qəbul edə bilərik. Bizim buna imkanımız var. Ona görə ki, Konstitusiyanın 71-ci maddəsində dəqiq göstərilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilər.
İndi keçək müzakirə olunan məsələ ilə əlaqədar olaraq 21-ci 1maddəyə. Burada epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulması qeyd olunur. Ümumiyyətlə, bizim qanunvericilik sistemində “epidemiya əleyhinə rejim” termin kimi heç bir hüquq normasında, qanunda keçmir. Yəni epidemiya rejimi yoxdur. Epidemiya olanda karantin rejimi elan olunur, yəni karantin rejimi olur. Komitə iclasında da mən təklif olunan bu müddəaya səs verdim. Yenə də burada ciddi bir problem görmürəm. Amma hesab edirəm ki, 211-ci maddənin sanksiyasının aşağı həddini bir az da aşağı endirsək daha uyğun olar. Burada hörmətli Azay Quliyev də dedi ki, 20 manata qədər endirə bilərik. Yəni söhbət ondan gedir ki, karantin rejimi qaydalarını pozan şəxslərə 20 manatdan 200 manata qədər cərimə tətbiq olunur. Yəni maska taxmamaq da karantin rejiminin pozulmasıdır. Bunun üçün biz ayrıca norma nəzərdə tutmaya bilərik. Ona görə ki, karantin rejimində çoxsaylı məhdudiyyətlər tətbiq olunub. Yəni hər hər məhdudiyyətə görə, İnzibati Xətalar Məcəlləsində ayrıca bir normanın nəzərdə tutulmasına, düşünürəm ki, ehtiyac yoxdur. Əgər parlamentdə çoxluq hesab eləsə ki, ayrıca maddə nəzərdə tutulmalıdır və bu qalsın, mən buna səs verəcəyəm və mən bunda da problem görmürəm.
Siyavuş Novruzov da dedi ki, 50 manat cərimə müəyyən edilib. Hörmətli həmkarlar, İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində inzibati tənbehin məqsədləri müəyyən olunub. İnzibati tənbehdə deyilir ki, dövlətin burada əsas mqəsədi həmin şəxsi tərbiyələndirmək və başqalarını inzibati hüquqpozmalardan çəkindirməkdir. Cinayət Məcəlləsinin 41-ci maddəsində deyilir ki, orada cəzanın məqsədi sosial ədaləti bərpa etmək, həm də başqalarını cinayət törətməkdən çəkindirmık üçün şəxsə müəyyən məhrumiyyətlər yaşatmaqdır. Yəni inbzibati cəza tətbiq olunanda, burada məhrumiyyət yaşatmaqdan söhbət getmir. Ona görə də, hesab edirəm ki, bura təkcə cərimə və həbs yox, həm də xəbərdarlğı daxil etməliyik. Burada hamı maska taxmaqla bağlı fikir bildirdi. Biz bilrik ki, yaşlı adamlarda, xüsusilə də maskadan istifadə edəndə təngənəfslik müşahidə olunur, bəzilərinin tənəffüs imkanları məhduddur. Ona görə də, onlar maska taxmırlar. Amma İnzibati Xətalar Məcəlləsində xəbərdarlıq da cəza növüdür. Onu da bura əlavə edək və mən də təklif edirəm ki, minimal həddi 20 manata endirək”.

Əli Zülfüqaroğlu