• 25 Noyabr 2020
logo
Milli Məclisin deputatı xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkəyə gətirilməsini təklif edib

Milli Məclisin deputatı xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkəyə gətirilməsini təklif edib

Milli Məclisin deputatı Hikmət Babaoğlu xaricdə təhsil alan azərbaycanlı tələbələrin iyun ayı ərzində ölkəyə gətirilməsini təklif edib.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat qeyd edib ki, xaricdə tədrisin təxirə salınması ilə əlaqədar tələbə yataqxanalarının fəaliyyətini dayandırması səbəbindən tələbələr çətinliklərlə üzləşə bilərlər.
Onun sözlərinə görə, bu baxımdan tələbələrin öz hesabına çarter reysləri vasitəsilə ölkəmizə gətirilməsi məsələsi aktualdır: “Azərbaycan Prezidentinin də mövqeyi belədir ki, vətəndaşlarımız xüsusi çarter reysləri ilə ölkəmizə gətirilsin. Düşünürəm ki, bu məsələni həll etmək lazımdır”.
H.Babaoğlu çıxışı zamanı, həmçinin məcburi köçkünlər üçün salınan "Qobu park-3" yeni yaşayış kompleksinin açılışına da münasibət bildirib. Bunun ölkəmizdə məcburi köçkünlərə diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb:
"Prezident İlham Əliyev açılış zamanı çıxışında 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalı ilə bağlı məsələyə toxunaraq həm sovet dövründə olan satqınları, xəyanətkarları və danos yazanları xüsusi vurğulamaqla, həm də torpaqlarımızın işğalına səbəb olan AXC-Müsavat cütlüyünün xəyanətini bir daha tənqid etdi. Düşünürəm ki, bu, çox vacib idi. Çünki tarixi yaddaş milli yaddaşımızın əsas komponentidir və öz tarixi faciələrini yaddan çıxaranlar onu yenidən yaşamağa məhkumdurlar. Bu mənada, düşünürəm ki, Azərbaycan Prezidentinin çıxışı mühüm bir kompleks sənəd idi və tarixçilər, ictimai fəal fərdlər qarşısında yeni vəzifələr müəyyənləşdirdi".