• 5 İyul 2020
logo
Sosial şəbəkələrə ciddi nəzarət olmalıdır

Sosial şəbəkələrə ciddi nəzarət olmalıdır

ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrlə bağlı imzaladığı fərman bu mövzuda müzakirələri, bu sahəyə diqqəti bir daha artırıb. Düşünürəm ki, Amerika kimi demokratik ənənələri olan, demokratiya və söz azadlığına önəm verən dövlətin başçısının belə bir fərman imzalaması bu sahədəki durumun tənzimlənməsinə olan ehtiyacdan irəli gəlib.
Bunu “Xalq Cəbhəsi”nə Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
M.Göyüşlü qeyd edib ki, Azərbaycanda da sosial şəbəkə istifadəçilərinin ötən hər gündə artması, bu platformanın ictimai rəyə təsir imkanlarının genişlənməsi mövzunun bizim üçün də aktual olduğunu söyləməyə əsas verir: "Xüsusən nəzərə almalıyıq ki, koronavirus pandemiyası, karantin qaydaları internetin, sosial şəbəkələrin təsirini, nüfuzunu, onlara olan ehtiyacı daha da artırıb. Bu baxımından mən sosial şəbəkələrin ancaq mənfi yöndə təsir etdiyini, onların mütləq bağlanması, onlarla bağlı sərt qərarlar qəbul edilməsi fikirlərini tam olaraq bölüşmürəm. Ümumiyyətlə, sosial şəbəkələri bir sel kimi təsəvvür etsək onun qarşısını tam olaraq almaq mümkünsüzdür deyə bilərik. Belə olduğu üçün mən təklif edirəm ki, bu gücün qarşısını almağa deyil, onu yönləndirməyə daha çox cəhd göstərməliyik. Bu həm daha asandır, həm də daha effektiv nəticələr verə bilər. Yönləndirmə dedikdə Azərbaycanın dövlətçilik və milli maraqlarını önəmsəyən şəxslərin sosial şəbəkələrdə dövlət və dövlətçiliklə bağlı məqamlara qarşı aktiv mövqe göstərməsi, bu platformanın imkanlarından istifadə edərək həqiqətlərin təbliğində fəal olması lazımdır. Əgər fəal və vətənpərvər şəxslər sosial şəbəkələrdə hansısa anti-Azərbaycan, anti-dövlət və s. bu kimi məqamlarla qarşılaşılaşsalar onlara qarşı aktiv vətəndaş mövqeyini bildirmələri lazımdır".
Siyasi şərhçinin fikrincə, amma bəzən də elə olur ki, sosial şəbəkələrdə ictimai rəyə təsir edən, Azərbaycan dövlətinin milli maraqlarının əleyhinə çıxış edən böyük səhifələr və qruplar aktivlik edir. Onların təbliğatının dövlətə və dövlətçiliyə çox böyük ziyan vurduğunu hər kəs görür. Bu təbliğata qarşı aktiv vətəndaşlıq mövqeyi göstərməyin də mənasız olduğu təsdiqləndikdən sonra əlac yalnız bir məqama qalır: aidiyyatı dövlət qurumlarının müdaxiləsinə. Ya həmin səhifələrin və ya qruplarının idarəedicilərinə xəbərdarlıq etmək, ya da onları birdəfəlik bağlamaq: "Belə ziyanlı məqamlar ortaya çıxacağı təqdirdə Azərbaycan dövlətinin rəsmi qurumlarının, Prezident İlham Əliyevin sosial şəbəkələrlə bağlı hansısa məhdudlaşdırıcı qaydalar tətbiq etməsini normal qarşılayacağam. Çünki, Azərbaycan dövlətçiliyinin əleyhinə sosial şəbəkələrdə aktivlik göstərən, söyüş, təhqir, əxlaqa uyğun olmayan təbliğat aparan səhifə və qruplara məhdudlaşdırıcı qaydalar tətbiq etməsək gələcəkdə çox böyük problemlərlə qarşılaşa bilərik".