• 27 Noyabr 2020
logo
Bəhruz Quliyev: Azərbaycan sürətli inkişaf edir və dövlətimiz daha çox qələbələrə öz imzasını atacaq

Bəhruz Quliyev: Azərbaycan sürətli inkişaf edir və dövlətimiz daha çox qələbələrə öz imzasını atacaq

Azərbaycanda davam edən tərəqqi reallığı hətta ən çətin dönəmlərdə belə öz təsdiqini tapır və bu gerçəklik bir daha sübut edir ki, ölkəmizin inkişaf potensialı ardıcıllığını qoruyub saxlayır.
Bunu Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışını şərh edərkən deyib.
Onun sözlərinə görə, belə bir möhtəşəm layihənin məhz 28 May - Respublika Gününə təsadüf etməsi isə əlbəttə ki, qürurdoğurucu hissdir:
“Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü günü Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın açılış mərasimində iştirakları sübut edir ki, həyata keçirilən dövlət siyasətinin əsas mahiyyətlərindən biri də xalqın sosial-rifah halının daha da yaxşılaşdırılmasıdır. Həmçinin qaçqın və məcburi köçkünlərin daim diqqət mərkəzində olması, onlar üçün yaradılan mühitin çərçivəsində məşğulluqlarının artırılması, sənaye və təhsil müəssisələrinin istifadəyə verilməsi, iş yerlərinin açılması və s. kimi mühüm məqamlardır. Eləcə də yüzlərlə ən müasir standartlara cavab verən yaşayış massivlərinin insanların istifadəsinə verilməsi bu siyasətin mərkəzində insan amilinin dayandığını bir daha isbatlamış olur.
Digər tərəfdən, dövlət səviyyəsində bu istiqamətdə görülən işlərə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da iştirakı və təşəbbüskar rolunda çıxış etməsi fərəhləndirici hadisə kimi qiymətləndirilə bilər. Belə ki, kompleksdə müasir məktəb binasının inşası da bir daha göstərir ki, ölkədə təhsilin inkişafı istiqamətində atılan addımlardan doğma yurdlarından didərgin düşən soydaşlarımız da yüksək səviyyədə bəhrələnirlər. Yalnız bu deyil, digər sahələrdə də davam edən inkişaf qarşıdakı illərdə növbəti layihələrin reallaşdırılmasına kifayət qədər zəmin və imkanlar yaratmış olur”.
“Dövlətimizin başçısı “Qobu 3” yaşayış kompleksinin açılışı zamanı irəli sürdüyü fikirlərində də xatırlatdı ki, hələ 2003-cü ildə Prezident seçkilərində xalqın iradəsi və seçimi ilə qələbə qazandıqdan sonra 5 il ərzində çadır şəhərciklərinin aradan qaldırılacağını bildirsə də, həmin proses dörd ilə yekunlaşıb. Onların yerlərinə minlərlə komplekslər, yaşayış binaları salınıb, qaçqın və məcburi köçkünlərimiz üçün bütün müvafiq imkanlar yaradılıb, o cümlədən bir daha sübut olundu ki, xalqımızın lideri daim öz vədinə sadiq qalır və bu gün də həmin faktlar öz təsdiqini tapmaqdadır”, - deyən Bəhruz Quliyev əlavə edib ki, Prezident İlham Əliyev digər fikri isə doğma yurd-yuvalarından qaçqın düşmüş insanlarımızın yaxın zamanlarda öz el-obalarına qayıdacaq, quruculuq-abadlıq işlərinin həmin ərazilərdə davam etdiriləcək:
“Bu, eyni zamanda, işğal altında qalan torpaqlarımızın azad ediləcəyi, təcavüzkarların torpaqlarımızdan qovulacağı anonsu idi. Cənab Prezident bu əsnada beynəlxalq aləmin də Azərbaycanın haqq səsinin yanında olduğunu xüsusilə xatırlatdı. Yəni artıq sübut olunub ki, Azərbaycan dövləti daxili siyasəti ilə yanaşı, həm də xarici siyasətində öz mövqeyini möhkəmləndirib, diplomatik nailiyyətlər əldə edib. Dövlətimizin başçısı vurğuladı ki, bizim hərbi gücümüz, beynəlxalq təşkilatların münaqişə ilə bağlı sərgilədiyi mövqe sözügedən amilləri isbatlayır. Xüsusilə son illər ərzində demək olar ki, bütün beynəlxalq təşkilatların ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməsi, dünyanın bütün aparıcı ölkələrinin Azərbaycanın mövqeyinə səs vermələri barədə deyilən fikirlər qələbənin uzaqda olmadığını göstərir.
Biz, burada qondarma “DQR”də saxta “prezident” seçkilərinin keçirilməsindən sonra beynəlxalq aləmin ortaya qoyduğu birmənalı mövqeni də göstərə bilərik. Prezident İlham Əliyev bununla bağlı qeyd etdi ki, o saxta və dırnaqarası prezidenti heç kim tanımadı. Məhz nüfuzlu təşkilatların - ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya, ondan sonra Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bəyanat verdilər ki, bu seçkilər tanınmır, Dağlıq Qarabağ Azərbaycan torpağıdır”.
“Əlbəttə ki, sosial-iqtisadi sferalarla yanaşı, ordu quruculuğu, hərbi sənayenin də inkişafı belə bir məqamda prioritet təşkil edir”, - deyən Bəhruz Quliyev bunu Prezident İlham Əliyevin digər fikirləri ilə də əsaslandırıb:
“Ölkə rəhbərimiz qeyd etdi ki, ordu quruculuğu Prezident kimi onun fəaliyyətinin ön planında dayanır və bu gün elə bir qüdrətli ordu yaradılıb ki, istənilən vəzifəni icra edə bilər. Ona görə də, dövlət başçısı sözügedən mövzu ilə bağlı fikirlərini bildirərkən vurğulayıb ki, demoqrafik vəziyyət Azərbaycan tərəfinin üstünlüyünü bundan sonra da təmin edəcək. Ölkə liderinin “Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır” tezisi hesab edirəm ki, artıq işğalçı Ermənistan rəhbərliyini ciddi şəkildə narahat etməkdə, təşvişləndirməkdədir. Bu baxımdan da, Prezidentimiz eyni zamanda Ali Baş Komandan olaraq erməniləri qorxuya salan “Qarabağ Azərbaycanındır və nida işarəsi” kəlamını bir daha xatırlatdı.
Həmçinin xatırlatdı ki, hələ Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrlərdə o, Qarabağa, Şuşaya və Xankəndində səfərlər edərkən, ermənilər onun qarşısında farağat dayanırdılar. Söz yox ki, erməni xisləti bu gün də mövcuddur və Azərbaycanın güclü ordu potensialı öz sözünü dedikdən və ərazilərimiz işğaldan azad olunduqdan sonra işğalçılar növbəti dəfə Azərbaycan rəhbərliyinin qarşısında farağat dayanmalı olacaqlar. Buna isə kimsənin şübhəsi olmamalıdır. Azərbaycan sürətli inkişaf edir və inkişafı keçilən bütün mərhələlərində xalqımız, dövlətimiz daha çox zəfərlərə, qələbələrə öz imzasını atacaq”.