• 28 Noyabr 2020
logo
"Əgər belə bir şey olsaydı, həmin vaxt olmasa da sonrakı dövrlərdə mənim məlumatım olardı"

"Əgər belə bir şey olsaydı, həmin vaxt olmasa da sonrakı dövrlərdə mənim məlumatım olardı"

Keçmiş baş nazir Pənah Hüseyn Moderator.az-a açıqlamasında Gəncə qiyamının Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini əngəllədiyini vurğulayarkən aydın səmada şimşək effekti verən iddiada bulunub:
“1993-cü ilin iyun ayının birinci və ikinci ongünlüyündə böyük sülh sazişinin imzalanması gözlənilirdi. Bu saziş və ona əlavə olunan sənədlərə görə 20 iyunda Kəlbəcər azad olunurdu. Sonrakı 40 gün ərzində isə Azəbaycanın ərazi bütövlüyü gözlənilməklə, habelə Dağlıq Qarabağda yaşayan ermənilərə özünüidarəetmə muxtariyyəti verilməklə müharibə qurtarırdı. Bu saziş 26-27 may tarixlərinə imzalanmışdı. Iyunun 14-də qondarma Dağlıq Qarabağ “Respublikası”nın parlamenti tərəfindən də qəbul edilmişdi. Artıq o vaxt qiyam başlamışdı. Ermənilər şərt qoydular ki, vəziyyət aydınlaşandan sonra bu plan işləməyə başlasın..."
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevsə Pənah Hüseynin bu açıqlaması ilə razılaşmır.
Moderator.az əməkdaşının mövzu ətrafında Qüdrət bəylə qısa dialoqunu təqdim edirik:

- Qüdrət bəy, sabiq baş nazir Pənah Hüseyn "Moderator.az" saytına verdiyi açılamada deyib ki, 1993-cü ilin 4 iyun Gəncə qiyamından öncə 25-26 may tarixlərində ermənilərlə sülh sazişi imzalanıb və iyunun 14-də Dağlıq Qarabağ "Respulikası"nın parlamenti də onu təsdiq edib. Sazişə əsasən iyunun birinci və ikinci ongünlüyündə böyük sülh sazişinin imzalanması gözlənilirmiş.40 gün ərzində Qarabağ ermənilərinə özünüidarəetmə muxtariyyatı verməklə müharibəyə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində son qoyulurmuş. Sizin bu barədə məlumatınız olubmu?

- 27 ildən sonra Pənah bəyin belə bir açıqlama ilə çıxış etməsi qətiyyən başa düşülən deyil. Onun açıqlamasından belə anlaşılır ki, sazişin imzalanması iki gün çəkib, 25 və 26 may. Saziş harda imzalanıb? Niyə xalqdan gizli saxlanılıb? Sazişi kim imzalayıb? Sazişin imzalanmasında hansısa xarici dövlətin vasitəçiliyi olubmu? Böyük sazişin imzalanmasının dəqiq vaxtı niyə müəyyən olunmayıb?İyunun birinci və ikinci ongünlüyü nə deməkdir? Sazişin mətni niyə indiyə qədər dərc olunmayıb?
Saziş qondarma Qarabağ Respublikasının Parlamentində müzakirə olunduğu halda bizim parlamentdə niyə müzakirə olunmayıb? Əgər düşünülübsə ki, Pənah bəyin dediyi böyük saziş imzalanandan sonra bu barədə xalqa məlumat verilsin, onda qiyam başlayandan sonra xalqa niyə deyilmədi ki, qiyam sülh sazişini pozmaq üçündür.
Mən həmin vaxt dövlət katibinin köməkçisi idim, əgər belə bir şey olsaydı, həmin vaxt olmasa da sonrakı dövrlərdə mənim məlumatım olardı. Mənim Kələkidə Əbülfəz bəylə, Əli Kərimli ilə qiyam barədə çoxlu söhbətlərim olub, ola bilməzdi ki, bu boyda hadisəni gizlətsinlər. Ümumiyyətlə isə bunu gizlətmək sadəcə mümkün deyildi. Mən bu günə qədər heç vaxt AXC hakimiyyətində təmsil olunmuş heç kimdən bu barədə nəsə eşitməmişəm.