• 1 Dekabr 2020
logo
"Sosial şəbəkələrdə yalan, böhtan, dezinformasiya, təhqir, terrora, dövlət çevrilişlərinə çağırışlar da zəngindir"

"Sosial şəbəkələrdə yalan, böhtan, dezinformasiya, təhqir, terrora, dövlət çevrilişlərinə çağırışlar da zəngindir"

ABŞ prezidenti Donald Trampın, sosial şəbəkələrin yaydıqları dezinformasiyalara görə məsuliyyətə cəlb olunması haqqında qəbul etdiyi sərəncamı düzgün hesab edirəm. Etiraf etmək lazımdır ki, bir çox müsbət cəhətləri ilə yanaşı sosial şəbəkələrdə yalan, böhtan, dezinformasiya, təhqir, terrora, dövlət çevrilişlərinə çağırışlar da zəngindir.
Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında Millət vəkili Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, yaxın tarixdəki prosesləri diqqətlə təhlil etsək, görərik ki, sosial şəbəkələrdən sui-istifadə nəticəsində bir çox ölkələrdə dövlət çevrilişləri, müxtəlif rəngli inqilablar, müharibələr baş veriv: "Məsələ ondadır ki, 1996-cı ildə qəbul olunmuş qanunla sosial şəbəkələrdə yayılan istənilən məlumatlara görə, həmin şirkətlər hər hansı hüquqi məsuliyyət daşımırlar. Biz ölkəmizə qarşı müxtəlif zamanlarda aparılan təxribat xarakterli kampaniyaların şahidi olmuşuq. Bəzi hallarda öz siyasi və iqtisadi maraqlarını təmin etmək üçün müxtəlif mərkəzlərdən idarə olunan qüvvələr Azərbaycana sosial şəbəkələr vasitəsilə hücumlar təşkil edirlər. Nə qədər acınacaqlı, milli, mənəvi dəyərlərimizə, əxlaqımıza zidd olsa da, ölkə xaricindən cəzasızlıq şəraitində, sosial şəbəkələr vasitəsilə ifrat söyüş, təhqir, böhtanlar yağdırırlar. Təbii ki, belə olan təqdirdə normal insanın, ələlxüsus gənclərin psixikası pozulur, cəmiyyətdə mənəvi deqradasiya baş verir. Hesab edirəm ki, hər bir texnoloji şirkət, öz platformalarında yayılan dezinformasiyalar, söyüş, şantaj, böhtan və təhqirlərə görə hüquqi məsuliyyət daşımalıdır".

Cavid