• 29 Mart 2024
logo
“Sosial şəbəkələrdən gələn təhlükələrin qarşısının alınması zəruridir”

“Sosial şəbəkələrdən gələn təhlükələrin qarşısının alınması zəruridir”

Sahib Alıyev: “Ən çox dezinformasiya hücumuna məruz qalan dövlətlərin ilk onluğunda Azərbaycan da var”

“Qlobal sosial media nəhənglərinin öz informsiya siyasətlərində selektivliyə yol verdikləri, ayrı-seçkilik tətbiq etdikləri, ayrı-ayrı ölkələrə və çevrələrə yanaşmada fərqli siyasət yürütdükləri heç kimə sirr deyil”. Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında millət vəkili Sahib Alıyev deyib. S.Alıyev əlavə edib ki, ümumiyyətlə bu sahədə həm qlobal müstəvidə, həm də hər bir dövlətin öz qanunvericilik müstəvisində nizam-intizam yaratmağın vaxtı çoxdan çatıb: “İndi prezident Tramp qlobal, yaxud ənənəvi mediaya yanaşmada olduğu kimi sosial şəbəkəyə yanaşmada da daha çox özünə qarşı qərəzli siyasəti görərək belə bir addım atıb. Amma halbuki həm qlobal müstəvidə, həm də hər bir dövlətin özünün qanunvericiliyi çərçivəsində sosial şəbəkələrdə nizam-intizam yaradılmasına, sosial şəbəkələrdən gələn təhlükələrin qarşısının alınmasına çox böyük ehtiyac var. Heç kimə sirr deyil ki, bu gün Yaxın Şərqin altının üstünə çevrilməsi məhz bəlli çevrələrin sosial şəbəkələr vasitəsilə reallaşdırdıqları informasiya siyasəti nəticəsində meydana çıxıb. Sosial şəbəkə hazırda dünyada ayrı-ayrı dövlətlərin apardıqları hibrid savaşının ən təsirli elementi kimi çıxış edir. Bu gün ən təsirli informsiya savaşı sosial şəbəkə üzərindən aparılır.
Onu da deməliyik ki, hazırda dünyada sosial şəbəkə üzərindən ən çox dezinformasiya hücumuna məruz qalan dövlətlərin ilk onluğunda Azərbaycan da var. Bu da Azərbaycanın yerləşdiyi regionda ayrı-ayrı güclərin maraqlarının toqquşması ilə, eyni zamanda da Azərbaycanın yürütdüyü müstəqil siyasətlə bağlıdır. Ona görə də mən Milli Məclisdəki çıxışlarımda da qeyd etmişəm ki, bizdə informasiya təhlükəsizliyi ilə bağlı ayrıca qanunun qəbuluna ehtiyac var. Burada məhz sosial şəbəkə üzərindən informasiya təhlükəsizliyi məsələsi də öz həllini tapmalıdır”.

Əli Zülfüqaroğlu