• 7 İyul 2020
logo
Tahir Kərimli: Dövlətə qarşı çağırışlar edən, etik qaydalara əməl etməyən şəxslər məsuliyyətə cəlb edilməlidir

Tahir Kərimli: Dövlətə qarşı çağırışlar edən, etik qaydalara əməl etməyən şəxslər məsuliyyətə cəlb edilməlidir

Dövlətə qarşı çağırışlar edən, etik qaydalara əməl etməyən şəxslər məsuliyyətə cəlb edilməlidir.
Bunu Trend-ə açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.
Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın sosial şəbəkələrin nəzarətdə saxlaması ilə bağlı qərarı düşünülmüş və düzgün addımdır: "ABŞ dünyada iqtisadi cəhətdən ən öncül yeri tutur. Digər tərəfdən, dünyanın idarə olunmasında ən mühüm ölkədir. Bu ölkə həmişə dünyada söz azadlığı və demokratiyanın carçısı kimi öndə gedib, bütün dünyaya demokratiya ixrac edib. Ona görə də bu qərarı digər dövlətlər versəydi, həmin dövlətə qarşı kampaniyalar ola bilərdi. Amma demokratik ölkənin yetişdirilməsi və demokratik dövlətin başçısı olan Donald Trampın belə bir addım atması ciddidir. Hesab edirəm ki, bu qərar ciddi şəkildə dəstəklənməlidir. Donald Trampın bu qərarı təkcə ABŞ üçün deyil, bütün dünya ölkələrinin qarşılaşdığı problemin həlli üçün vacibdir. Çünki bu məsələ qlobal mahiyyət daşıyır. Sosial şəbəkələrin baş ofisi ABŞ-da da fəaliyyət göstərir. Bu qərardan sonra hətta transmilli şirkətlərə də sanksiyalar tətbiq etmək mümkün olacaq. Yəni məhkəmə qərarından sonra həmin şirkətlərə nəzarət etmək mümkün olacaq. Sosial şəbəkələrə nəzarət vacibdir".
Millət vəkili bildirib ki, bu problem bütün dünya ölkələri kimi Azərbaycanda da var və ölkəmiz bundan əziyyət çəkir: "Çünki bütün dövlətlər kimi, Azərbaycan dövlətinə qarşı da Avropada və dünyanın başqa ölkələrində olanlar açıq terror çağırışlarına, dövlət çevrilişinə çağırışlar edirlər. Amma həmin şəxslər heç bir məsuliyyətə cəlb edilmir, cəzasız qalırlar. Əslində hər bir ölkənin qanunvericiliyində bununla bağlı müddəalar olmalıdır ki, bu cür hallara qarşı sosial şəbəkə rəhbərləri özləri tədbir görsün. Əgər sosial şəbəkə rəhbərləri buna qatşı tədbir görməsələr, məhkəmə müəyyən qadağalar qoymalıdır. Həmçinin bununla bağlı dövlətlər arasında əməkdaşlıq sazişləri olmalıdır ki, hansısa ölkədə oturub başqa ölkəyə qarşı çağırışlar edən şəxslərə cinayət təqibi olmalıdır. Bu baxımdan Trampın qərarı dəstəklənməlidir. Çünki sosial şəbəkələrin məsuliyyətsizliyi o qədər real təhlükəyə çevrilib ki, artıq bu özbaşınalığa son qoymaq lazımdır. Bu qərar bütün dünya ilə yanaşı Azərbaycanda da dəstəklənməlidir".