• 1 Dekabr 2020
logo
Elman Nəsirov: Donald Trampın sosial şəbəkələrin məsuliyyətə cəlb edilməsi ilə bağlı qərarı düzgün addımdır

Elman Nəsirov: Donald Trampın sosial şəbəkələrin məsuliyyətə cəlb edilməsi ilə bağlı qərarı düzgün addımdır

ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrin dezinformasiyaya görə məsuliyyətə cəlb edilməsi ilə bağlı qərarı düzgün addımdır.
Bunu Trend-ə Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, Trampın bu mövqeyi tam haqlıdır, sosial şəbəkələrin hüquqi tənzimlənməsinin vacibliyinin ABŞ-da da dərk olunmasını göstərir.
“Donald Tramp 1996-cı ildə ABŞ-da qəbul edilmiş “Kommunikasiya Müdafiə Aktı”nın 230-cu paraqrafının ləğvi ilə bağlı qərar qəbul edib. Həmin paraqrafa görə texnoloji şirkətlər öz sosial şəbəkələrində, platformalarında yayılan informasiyalarn məzmununa görə məsuliyyət daşımırdılar. ABŞ Prezidentinin məlum qərarından sonra isə artıq məsələ fərqli şəkildə qoyulur. Yəni bir az da açıq desək, “Facebook”, “Twitter” və digər sosial şəbəkələrdə yayılan dezinformasiyaya görə həmin platformalar birbaşa məsuliyyət daşıyacaqlar və məhkəmə qaydasında bu məsələyə baxılacaq.
Yəni bundan sonra sosial şəbəkələr məsuliyyətdən kənar qalmayacaq. İnformasiya yayılırsa, ona görə məsuliyyət məhz bu şirkətlərin üzərinə düşəcək. Hesab edirəm ki, bu, çox düzgün və vaxtında atılmış bir addımdır. Məsələ ondadır ki, bu gün sosial şəbəkələr təhqir, söyüş, terrora, vətəndaş itaətsizliyinə, vətəndaş müharibəsinə çağırış, hakimiyyətlərin qeyri-qanuni yolla zəbt edilməsi, konstitusion quruluşların zorla devrilməsinə çağırış məkanına, platformasına çevrilib və buna görə də heç kim məsuliyyət, cavabdehlik daşımır. Bu isə qəbuledilməzdir.
Biz bunun dəfələrlə Azərbaycana münasibətdə də şahidi olmuşuq. Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlət kimi beynəlxalq arenada nüfuzunun artması anti-Azərbaycan və ermənipərəst dairələri narahat edir, ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil olunur. Antimilli ünsürlər məhz sosial şəbəkələrin yaratdığı belə qeyri-qanuni imkanlardan istifadə edərək Azərbaycana, dövlətçiliyə qarşı yalan, böhtan, təhqir dolu fikirlər səsləndirirlər, insanları terrora dəstəyə çağırırlar. Azərbaycan dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir.
Trampa görə, xüsusilə “Twitter” ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi aləti” kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir, ABŞ-a qarşı informasiya təxribatları ilə məşğul olur. Trampın qərarı göstərir ki, təkcə ABŞ deyil, dünyanın digər ölkələri də dövlət üçün çox ciddi təhlükə mənbəyi, dezinformasiya mərkəzinə çevrilmiş sosial şəbəkələrə qarşı qanunvericilik qaydasında addımlar atmalıdır”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalayıb.
ABŞ Prezidenti, həmçinin “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib.
Qeyd edək ki, daha əvvəl "Twitter" sosial şəbəkəsi prezidentin yalan paylaşımlarından birini açıqlayıb. Şirkət Trampın mesajı altında dövlət başçısının yalanını iddia edən maddəyə xəbərdaredici nişan və istinad yerləşdirib.