• 25 Noyabr 2020
logo
İsveçrədə 28 May - Respublika Günü münasibəti ilə vebinar konfrans keçirilib

İsveçrədə 28 May - Respublika Günü münasibəti ilə vebinar konfrans keçirilib

Bu ilin 29 may tarixində Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyinin təşkilatçılığı və İsveçrə-MDB Birgə Ticarət Palatasının dəstəyi ilə Azərbaycan Demokratik Respublikasının yaradılmasına həsr edilmiş Vebinar təşkil olunub.
Səfirlikdən verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsədlərdən biri də Azərbaycanın əlverişli iqtisadi mühiti barədə məlumat vermək və bu istiqamətdə İsveçrə biznes mühitinin ölkəmizlə əməkdaşlığa cəlb edilməsinə nail olmaq idi. Vebinarda, həmçinin natiq qismində Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova, İsveçrənin Azərbaycandakı səfiri xanım Muriel Peneveyre, “SOCAR Energy” şirkətinin icraçı direktoru Edqar Baxman və “Stadler” şirkətinin idarəetmə üzrə direktoru Matias Stöhr iştirak ediblər.
İlk öncə, Azərbaycanın Respublikasının və İsveçrə Konfederasiyasının dövlət himnləri səsləndirilib.
Sonra çıxış edən səfir Xanım İbrahimova Azərbaycan Xalq Cumhuriyyəti barədə qonaqlara məlumat verərək, 102 il öncə - 1918-ci ildə müsəlman Şərqində ilk demokratik və dünyəvi respublikanın məhz Azərbaycanda qurulmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. X.İbrahimova bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşamasına baxmayaraq, siyasi, iqtisadi və sosial sahələrdə ciddi nailiyyətlər əldə edilib, qadınlara səsvermə hüququ verilməsi daxil olmaqla 200-ə yaxın qanun qəbul edilib. Azərbaycan-İsveçrə əlaqələrinin də məhz həmin dövrə təsadüf etdiyini vurğulayan səfir Azərbaycanlı mütəffəkirlərin Qafqaz Konfederasiyası yaratmaq ideyasının arxasında İsveçrə modelinin nəzərdə tutulduğunu qonaqların diqqətinə çatdırıb. O qeyd edib ki, çox qısa müddət mövcud olmasına baxmayaraq ADR Azərbaycanda dövlətçilik ənənəsinin əsasını qoyub.
Səfir X.İbrahimova Azərbaycan xalqının yalnız 70 il sonra - 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdiyini qonaqların diqqətinə çatdıraraq, müstəqilliyinin ilk illərinin Azərbaycan üçün çox çətin olduğunu, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vəziyyəti daha da ağırlaşdırdığını qeyd edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 1/5-nin işğal edildiyini və ölkəmizdə 1 milyon insanın məcburi köçkün kimi yaşamağa məcbur olunduğunu bildirib. 1993-cu ildə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə irəli sürülən yol xəritəsi ilə siyasi, iqtisadi və sosial istiqamətlərdə həyata keçirilən islahatlar nəticəsində önəmli xarici investisiyaların cəlb edildiyini və bununla da Azərbaycanın inkişaf etməyə başladığını vurğulayan səfir X.İbrahimova H.Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmizin donor dövlətə çevrildiyini, beynəlxalq təşkilatlar və Ermənistan istisna olmaqla bir çox dövlətlərlə etibarlı ikitərəfli və çoxtərəfli əlaqələrin mövcudluğunu, habelə bir çox qlobal proseslərdə aktiv iştirakını qonaqların diqqətinə çatdırıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə xüsusi vurğu edən səfir BMT və digər regional və beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi qətnamələr və sənədlər barədə məlumat verdi və Ermənistanın təcavüzkar siyasətinin heç bir dövlət tərəfindən dəstəklənmədiyini qeyd edərək münaqişənin sülh yoluyla həll edilməsi üçün dövlətimizi tərəfindən işlərin davam etdirildiyini bildirmişdir və bu xüsusda, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən İsveçrə Hökumətinə təşəkkürünü ifadə edib.
Azərbaycan-İsveçrə əlaqələrindən bəhs edən səfir X.İbrahimova iki ölkə arasında əlaqələri görülən işlər nəticə son ildə daha da inkişaf etdiyini bildirib. Bu xüsusda, artıq ənənə halını almış iki ölkə Prezidentlərinin Dünya İqtisadi Forumu çərçivəsində görüşlərinin ölkələrimiz arasındakı münasibətlərdə məxsusi rolunun olması vurğulanıb. Səfir məlumat olaraq bildirib ki, dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsi məqsədilə bu il Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb.
Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkəmizin siyasi sabitliyə və sürətli iqtisadi inkişafa nail olduğunu söyləyən X.İbrahimova ölkəmizin bir çox dövlətlər, o cümlədən İsveçrə üçün etibarlı tərəfdaş kimi çıxış etdiyini bildirib. O qeyd edib ki, hazırda Azərbaycanda xidmət, tikinti, nəqliyyat, bank, sığorta və s. bu kimi qeyri-neft sektorunda İsveçrə şirkətlərinin xüsusi rolu var və bu xüsusda, İsveçrəyə məxsus olan “Holcim” şirkəti Azərbaycanın qeyri-neft sektorunda ən böyük investisiyalar yatıran şirkətlərdən biridir. Eləcə də Azərbaycanın SOCAR şirkətinin də İsveçrədə 200-ə yaxın yanacaq doldurma məntəqələrinin fəaliyyət göstərdiyini qonaqların diqqətinə çatdıran səfir ölkəmizdə İsveçrə ilə iqtisadi əlaqələrə böyük önəm verdiyini vurğulayıb. Daha sonra səfir bildirmişdir ki, səfirlik tərəfindən həm Azərbaycana, həm də İsveçrəyə təşkil edilən ixrac missiyaları, habelə Sürix və Cenevrə şəhərlərində həyata keçirilən “Bir Kəmər Bir Yol” investisiya forumları nəticəsində son 1 il ərzində iki ölkə arasında iqtisadi dövriyyə nəzərə çarpacaq dərəcədə artıb.
Koronavirus pandemiyasından da bəhs edən səfir X.İbrahimova qeyd etmişdir ki, Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva tərəfindən görülən işlər nəticəsində Azərbaycan nəinki milli səviyyədə, eyni zamanda regional və qlobal səviyyədə koronavirus pandemiyası ilə mübarizədə ciddi addımlar atıb. Bü xüsusda, ölkəmiz tərəfindən Dünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində, eləcə də bu pandemiyadan ən çox əziyyət çəkən bir sıra dövlətlərə maddi yardım edilməsi diqqətə çatdırılıb. Azərbaycanın bir çox ölkələri birləşdirən Şimal-Qərb, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında vacib rol oynadığını bildirən səfir pandemiya dövründə ölkəmizin fasiləsiz tranzit trafikinin təmin edilməsində mühüm rolunu vurğulanıb.
Sonra İsveçrənin Azərbaycandakı səfiri xanım Muriel Peneveyre çıxış edərək İsveçrənin Azərbaycanla əlaqələrə önəm verdiyini qeyd etdi və iqtisadi əlaqələrin genişlənməsi fonunda Azərbaycanda makro iqtisadi sabitliyin qorunması istiqamətində maraqlı olduqlarını ifadə etdi.
Natiqlərdən “SOCAR Energy” şirkətinin icraçı direktoru Edqar Baxman və “Stadler” şirkətinin idarəetmə üzrə direktoru Matias Stöhr çıxışlarında Azərbaycanın uğurlarından bəhs etdilər və ölkəmizin aidiyyəti qurumları ilə həyata keçirilən birgə layihələr barədə təbliğat xarakterli məlumat verdilər.
Tədbir Azərbaycana həsr edilən videoçarxla yekunlaşıb.
Tədbirdə Federal Xarici İşlər Nazirliyinin və İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin nümayəndələri və Turizm Nazirliyinin rəhbərliyi, İsveçrədə akkreditə olunmuş xarici ölkələrin səfirləri, eyni zamanda yəhudi icmasının fəal rəhbərləri, İsveçrə biznes dairələrinin nümayəndələri, habelə Azərbaycan diasporunun üzvləri iştirak ediblər.