• 27 Aprel 2024
logo
Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib

Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib

Meksika Deputatlar Palatasının üzvü, hakim “Morena” partiyasının təmsilçisi və Meksika-Azərbaycan dostluq qrupunun sədri Aqustin Qarsiya Rubio 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, təbrikdə deyilir: “Şərqdə ilk demokratik respublika olan Azərbaycan Respublikasının müstəqilliyinin 102-ci ildönümü münasibətilə Azərbaycan xalqına şəxsən öz adımdan və Meksika xalqı adından səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən bəri bütün sahələrdə inkişaf edərək beynəlxalq aləmdə böyük nüfuza malik bir dövlətə çevrilib.
Meksika ilə Azərbaycan arasında mövcud möhkəm dostluq münasibətləri, iki ölkə üçün vacib sayılan iqtisadi və sosial sahələrdə əlaqələri daha da inkişaf etdirməyə təkan verib. Yüksək səviyyəli səfərlər, ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı sərmayə qoyuluşu imkanları, həmçinin hər iki dövlətin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında sıx iqtisadi və elmi əlaqələr, habelə mədəni dialoq və təhsil mübadiləsi sayəsində ikitərəfli münasibətlərimiz getdikcə möhkəmlənir.
İnanıram ki, Meksika ilə Azərbaycan arasındakı münasibətlər hər iki xalqın rifahı naminə gələcəkdə də inkişaf edəcək”.
A.Q.Rubio Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ildən-ilə çiçəklənmə yolunda inkişafını davam etdirəcəyindən, həmçinin Meksikanın qarşılıqlı rifah naminə ölkəmizlə əməkdaşlıq etməyə davam edəcəyindən qətiyyətlə əminliyini ifadə edib.