• 16 Dekabr 2019
logo
add image
Bunun nəyi pisdi?

Bunun nəyi pisdi?

Yaxud “Azərbaycan”ın iddiasına qarşı Azərbaycan nümunəsi

Yazıya sualla başlayacağam: Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və ayrı-ayrı dövlət qurumlarının jurnalistlər üçün keçirdikləri müsabiqə rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetinin başbilənlərini hansı səbəbdən, yaxud səbəblərdən narahat edir?
Səbəblərini təxmin etsəm də, təfərrüatına varmayacağam. Əks təqdirdə bu yazının da “Azərbaycan” qəzetində dərc olunan “Müsabiqə keçirmək, yoxsa inşa yazdırmaq” adlı əsaslandırılmamış “tezislər toplusu”ndan fərqi olmaz…
Yazının giriş hissəsini haqqında söz açdığım “tezislər toplusu”nda olduğu kimi özünümüdafiə, yaxud özünüqoruma instinktindən qaynaqlanan reflektiv təriflərlə bəzəməyəcəyəm. Buna ehtiyac da duymuram. Dövlətin kütləvi informasiya vasitələrinə konseptual əsaslara söykənən dəstəyi göz önündədir. Görmək istəyən hər kəs görə bilər.
Keçək mətləbə:
“Müsabiqə keçirmək, yoxsa inşa yazdırmaq” adlı “tezislər toplusu”nun giriş və çıxış epitetlərinin tən ortasında yer alan iradın mahiyyəti ondan ibarətdir ki, bəs nə üçün jurnalistlər üçün keçirilən müsabiqələrin istiqamətləri öncədən elan olunur.
Sitat: “Heç bir ölkədə jurnalistləri və ya media qurumlarını mükafatlandırmaq üçün keçirilən müxtəlifyönlü tədbirlər öncəsi KİV nümayəndələri, yaxud qurumları üçün hansısa mövzu seçilmir, şərtlər irəli sürülmür”.
Əslində iddianın imperativliyindən tezis sahibinin kimliyini müəyyənləşdirmək bir o qədər də çətin deyil. Amma bunun mənim üçün heç bir əhəmiyyəti olmadığı üçün bu imperativ iddianın nə qədər əsasız olduğunu sübuta yetirəcəyəm:
Rusiyanın İqtisadi inkişaf nazirliyi hər il jurnalistlər üçün ölkə iqtisadiyyatının stimullaşdırılması, “Rostelekom” isə “informasiya və kommunikasiya texnologiyalarının inkişafı” istiqamətləri üzrə müsabiqə keçirir. Oxşar istiqamətlər Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçiridiyi müsabiqələrdə də yer alıb. Məsələn, “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” və yaxud “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi”...
“İjnet” Beynəlxalq Jurnalistika Şəbəkəsi və Ekologiya Jurnalistləri Cəmiyyəti də həmçinin, hər il ekologiya və ətraf mühitin qorunması istiqamətində müsabiqə keçirir və qalib jurnalistlərə “Nina Mason Pulliam” mükafatı təqdim edir.
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqələrdəki istiqamətlərdən biri də “ekologiya və ətraf mühitin mühafizəsi” adlanır... Nümunələrin sayını sonsuza qədər artırmaq olar. Təəssüf ki, buna vaxtım yoxdur...
Digər tərəfdən, KİVDF-nin ayrıca və müxtəlif dövlət qurumları ilə birgə keçirdiyi müsabiqələrin mövzu və istiqamətləri haradansa mücərrəd bir məkandan götürülməyib. Bütün bu istiqamətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın V bəndində yer alıb. “Azərbaycan” qəzetinin “faktaraşdıcı missiyası”nın bacarığına bələd olduğum üçün həmin bəndi olduğu kimi “tezislər toplusu”müəllifinin diqqətinə təqdim edirəm:
Dövlət, əsasən, aşağıdakı sahələr üzrə proqram və layihələrin həyata keçirilməsini dəstəkləyir:
- vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;
- fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;
- insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
- ictimai və dövlət maraqlarının müdafiəsi;
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi;
- Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
- qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması;
- Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;
- azərbaycançılıq ideyasının təbliği;
- gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;
- regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
- azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
- informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;
- diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;
- dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;
- elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
- ekologiya və ətraf mühitin mühafizəsi;
- gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;
- uşaq və gənclərin fiziki və mənəvi inkişafı.
Bu istiqamətlər Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərini əks etdirir!

“Unikal” müqayisə

“Müsabiqə keçirmək, yoxsa inşa yazdırmaq” adlı əsaslandırılmamış “tezislər toplusu müəllifinin gətirdiyi nümunələr isə ümumiyyətlə unikallığı ilə seçilir. Müəllif dünyanın ayrı-ayrı ölkələrində keçirilən jurnalist müsabiqələrindən nümunə gətirmək və öz mövqelərini konkret faktlarla əsaslandırmaq əvəzinə Nobel və Oskar mükafatlarından, Kann festivalından bəhs edir... Jurnalistlər üçün keçirilən müsabiqələrin “Nobel” və “Oskar” mükafatları, Kann festivalı ilə nə əlaqəsi var? Bu müsabiqə və festivalların mahiyyəti bir-birindən fundamental olaraq fərqlənir... Təsəvvür edin, jurnalistlər üçün “Oskar” mükafatının şərtlərinə uyğun istiqamətlər müəyyənləşdirilir:
- Ən yaxşı kişi jurnalist yazısı;
- Ən yaxşı qadın jurnalist yazısı;
- Ən yaxşı ikinci dərəcəli kişi jurnalist yazısı;
- Ən yaxşı ikinci dərəcəli qadın jurnalist yazısı və s.
...Jurnalistlər üçün keçirilən müsabiqələrin məqsədi ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması, jurnalistikada ixtisaslaşmanın təşviqi və stimullaşdırılmasıdır.
Bəlkə Nobel mükafatı da eyni missiyanı daşıyır? Yəni Nobel Fondu təqdim etdiyi mükafatlarla fizika, kimiya, fiziologiya və tibb sahələri üzrə kəşflər edən dahilərin peşəkarlıq səviyyəsini artırmaq istəyir... Arqument(lər)inizə... quzu kəssinlər sizin...
Jurnalistlər üçün keçirilən müsabiqələr həm də sosial xarakter daşıyır və məqsəd jurnalistlərin sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Heç kimi bu müsabiqələrdə iştiraka, yaxud hansısa dövlət qurumunu tərifləməyə məcbur etmirlər. Bunu müsabiqə yazılarının qiymətləndirmə meyarlarında da görmək mümkündür.
İndi jurnalist tamamilə leqal vasitələrlə, həm də dövlətin vergisini və sosial sığorta haqlarını ödəyərək, öz zəhmətinin müqablində ailəsini dolandırmaq üçün qazanc əldə edirsə, bu “Azərbaycan” qəzetindəki bəzi şəxsləri niyə narahat etməlidir?
Yazının əvvəlində “tezislər toplusu”nda yer alan “Heç bir ölkədə jurnalistləri və ya media qurumlarını mükafatlandırmaq üçün keçirilən müxtəlifyönlü tədbirlər öncəsi KİV nümayəndələri, yaxud qurumları üçün hansısa mövzu seçilmir, şərtlər irəli sürülmür” iddiasına da münasibət bildirmişdim. Əslində bu məsələnin üzərindən keçmək də olardı... Təkcə ona görə ki, heç bir ölkədə dövlət jurnalistlərə mənzil vermir! Bu məsələdə yalnız Azərbaycan nümunəsi var. Elə müsabiqələr də olsun növbəti Azərbaycan nümunəsi! Bunun nəyi pisdi?

Elçin Mirzəbəyli