• 14 İyul 2020
logo
Günəşi gözləyənlər...

Günəşi gözləyənlər...

Yaxud qurdun itdən seçilən vaxtı

Səhərin alatoranlığıdı. Günəşin narın şüaları üfüqdən pəncərəmə boylanıb gülümsəyir. Bir gözü yumulu, bir gözü açıq kompyüter masasının arxasına keçirəm. Qəhvənin buxarı yüngülcə dodaqlarımı isidir və tamamilə təhtəlşüur olaraq, Günəşin pəncərəmdən içəri süzülən zərif şüalarına təbəssümlə qarşılıq verirəm. “Xoş gəldin” deyirəm ey, “xoş gəldin və indi qurdu itdən, çaqqaldan, göreşəndən, leşyeyəndən seçmək mümkün olacaq”. Xoş gəldin, Günəş! Nə yaxşı ki, hər səhər səni görmək, yaxud görə biləcəyimizə ümid bəsləmək kimi bir təsəllimiz var!

28-dən başlayan tarix

Adətimdi, hər il 28 Maydan bir gün öncə keçdiyim yola nəzər salır, öncə özümlə, sonra isə məni mən, bizi biz olmağa qoymayan, ömrümüzü yeyən, günümüzü çürüdənlərlə bir yazılıq “haqq-hesab” çəkirəm. Mənim üçün il 28 Maydan başlayır.
32 il bundan öncə Bakıdan doğulduğum Lənkəran şəhərinə, Qarabağı Azərbaycandan qoparmağa çalışan ermənilərə və SSRİ-nin onları himayə edən yönəticilərinə qarşı etiraz aksiyasını təşkil etməyə gedəndə də may ayı idi. O zaman hələ oyanmaqda olan qan yaddaşımızdan söz-söz, sətir-sətir dirçələn 28 May gerçəkliyi sonuna qədər dərk olunmamışdı. Heç indi də dərk olunmayıb...
Nə isə...
28 Maya bir neçə gün qalırdı...
Qısa bir zaman ərzində onminlərlə insanın toplaşdığı meydanda tələblərimizin yer aldığı bəyanatı və “Azadlıq” marşını oxuyub kürsünü tərk elədim. Başımızın üzərindən helikoptellər uçurdu... Evə çatanda Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları “yolumu gözləyirdilər”. Həmin dövrdə təhlükəsizlik komitəsində çalışan vətənsevər insanların səyləri nəticəsində son anda həbsdən və universitetdən xaric edilməkdən xilas ola bildim.
28 Maya bir neçə gün qalırdı...
Bir neçə gündən sonra ilk dəfə üçrəngli Azərbaycan bayrağını görəcəkdim və əbədilik olaraq gözlərimə, yaddaşıma həkk edəcəkdim. O gündən başlayaraq, dünyanın bütün rəngləri gözlərimə həkk etdiyim üç rəngin içərisindən keçəcəkdi...
Mən tək deyildim, təbii ki... Mənim kimi onlarla, yüzlərlə Azərbaycan gənci həyatlarının ən gözəl günlərini, rahat yaşamaq haqlarını milyonların azadlığı uğrunda, üçrəngli bayrağın başımızın üzərində yenidən dalğalanması üçün, “millətlərin içində millətimizin imzasının olması” naminə heyfslənmədən qurban verdilər və ömürlərinin sonunadək bu azadlıqdan hər kəsdən daha çox faydalananların qınaq hədəfinə çevrildilər, xidmətinin, əməlinin, gördüyü işin, kimliyinin fərqinə varılmadan, ağına-bozuna baxılmadan, bir ucdan ən müxtəlif “epitetlərlə” damğalandılar.

İtirilən vaxtın adamları...

Bir neçə gün öncə telekanalların birində təsadüfən bir qrup “modern” gəda tərəfindən 1980-1990-cı illərin gəncliyinin necə məsxərəyə qoyulduğunun şahidi oldum. O gəncliyin ki, içində Vətən sevgisi olan nümanyəndələri 80-ci illərin ortalarından başlayaraq, milli mədəniyyətimizdən tutmuş tariximizədək həqiqətlərin ortaya çıxması üçün təmənnasız və təzyiq altında gücə-gündüz çalışır, fədakarlıq göstərirdilər.
O gənclik ki, 1989-cu ilin dekabrın 4-dən 5-nə keçən gecə yalın əllə tanklara, döyüş maşınlarına dirəniş göstərərək qırmızı imperiyanın gerçək üzünü Azərbaycan xalqının və dünyanın gözü önünə sərgilədi.
O gənclik ki, yanvarın 19-dən 20-nə keçən gecə paytaxt Bakını və ölkənin bir sıra rayonlarını işğalçı qoşunlardan qorumaq üçün dişinə qədər silahlanmış hərbi canilərin önünə ətdən çəpər çəkdi, Azərbaycan xalqının qəhrəmanlıq dastanını yenidən yazdı...
O gənclik ki, “uf” demədən canını Qarabağ üçün, Azərbaycan üçün fəda etdi!
O gənclik ki, çadırlarda, vaqonlarda bir qarın ac, bir qarın tox böyüdü, amma yenə də Vətən sevdasından vaz keçmədi.
O gənclik ki, ömürlərinin 25-30 ilini boz kardinallar və onların tör-töküntüləri yedi...
O gənclik ki, əksər nümayəndələri məhz istiqalal məfkurəsinin daşıyıcıları olduqları üçün heç bir əsas gətirilmədən “özgə adam” elan olundular, perspektivlərinin üzərindən xətt çəkildi, hər zaman ən sonuncu cərgəyə atıldılar.
Halbuki ömürləri yeyilən bu adamların dövlətə, millətə xidmət etməkdən, üçrəngli bayrağa tapınmaqdan, İstiqlal məfkurəsinin daşıyıcısı olmaqdan başqa heç bir günahı yox idi. Boz, ağ, sarı, kəsəsi, rəngbərəng kardinalların və kardinal olmaq üçün savaşa çıxanların, siyasi qüvvələr arasında səngər qazanların millətin bütövlüyünə, dövlətin ideoloji, hüquqi, iqtisadi, siyasi və sosial dayaqlarına vurduqları amansız zərbələrdə də, bir qayda olaraq müxtəlif bəhanələrlə “yad”, “özgə” gözündə görülən, amma milli məfkurə daşıyıcısı olan “səksəninci” və “doxsanıncı”ların zərrə qədər də suçunun olmadığını, zatən hər kəs bilir.
Haradan, kimdən, nədən qaynaqlandığını bilmirəm, amma ortalıqda olan ideoloji yanlışlıqlar, dövlətə, millətə sədaqətlə xidmət edən, zaman-zaman sinəsini hədəfə çevirən, ən ağır təzyiq və təhqirlərə məruz qalan insanların papaqlarını bir göz qırpımında dəyişənlərin, yalmanmağa fürsət axtaran muzdlu çaqqalların hədəfinə çevrildikləri göz qabağındadır. Bu proses getdikcə davamlı və aqressiv bir şəkil aldığı üçün, düşünürəm ki, artıq həyacan siqnalı verməyin də zamanıdır. Dövlətçi və milli siyasi təfəkkür daşıyıcılarının sıradan çıxarılmasına yönəlmiş bütün davranışlar təhlükəlidir və cəmiyyətə, xüsusilə də yeni nəslə yanlış mesajlar verir. İnsanlar sözdən yox, nümunədən, məşhur el məsəlində deyildiyi kimi “gözü çıxmış qardaşlarının” aqibətindən nəticə çıxarırlar. Real mənzərə isə çıxarılan nəticənin gözlə görülə və görülməyə bilən bütün cizgilərini tam çılpaqlığı ilə ortaya qoyur. Bu mənzərə isə yoluna, prinsiplərinə, dövlətə, millətə sədaqətlə xidmət edən insanların bəlli mərkəzlərdən idarə olunan resurslarda necə aşağılanmalarından, heç bir dəlil-sübut olmadan, məlum rus məsəlindəki kimi “məhkəməsiz, istintaqsız” linç edilmələrindən, böhtan və təhqirlərə məruz qalmalarından ibarətdir. Bu oyunu kimin, yaxud kimlərin oynadığını dəqiq deyə bilmərəm, amma kifayət qədər təhlükəli olduğu və cəmiyyətin siyasi, sosial və mədəni qütbləşməsinə xidmət etdiyi göz qabağındadır. Azərbaycanda dövlətin və hakimiyyətin qorunması ilə bağlı hər kəsə bəlli olan bir neçə təcrübə var. Onlardan biri – insanları əqidələrinə, prinsipial və dəyişməz mövqelərinə, sabit və ardıcıl fəaliyyətlərinə, bacarıqlarına görə qiymətləndirməyi böyük ustalıqla bacaran Heydər Əliyev nümunəsidir. Ondan öncəkilər isə...
Biz dövrün dəbinə uyğun “dvuxportnıy kosyum” geyinib kürsülərdə poz verən “stilyaqa”ların da, dövlət idarəçiliyində heç bir təcrübəsi olmayan alovlu natiqlərin də dövləti parçalanmaq təhlükəsi qarşısında qoyub 3-5 nəfərin təzyiqi ilə, yumşaq desək necə geriyə çəkildiklərinin canlı şahidi olan nəslin nümayəndələriyik. Zənnimcə, bu təcrübələr Azərbaycan üçün yetərlidir və bu günədək yürüdülən siyasətin təməlində məhz bu təcrübələrdən çıxarılan düzgün nəticələr dayandığı üçün də effektiv olub.
Təxminən 15 il öncə güneyli soydaşımız Mahmudəli Çöhrəqanlının Azərbaycan dövlətinə ünvanladığı ittihamlara cavab olaraq “Dövlətdən və millətdən küsməzlər” yazmışdım. Bu gün də eyni qənaətdəyəm. Amma başqa bir qənaətim də var: Dövlətə və millətə sədaqətlə xidmət edənləri də küsdürməzlər! Çünki bunun örnəyi və bu örnəkdən çıxarılacaq qənaət heç də yaxşı təəssürat və president yaratmayacaq.

“Vay ana, məni döydülər”

...Mən kimliyindən asılı olmayaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, nöqsanlara yol verən, cinayət əməli törədən istənilən şəxsin qanun qarşısında cavab verməsinin və bu barədə ictimaiyyətin məlumatlandırılmasının tərəfdarıyam. Amma dedi-qodunun, konkret şəxsin, yaxud şəxlərin fəaliyyəti haqqında hansısa maraqlardan qaynaqlanan müxtəlif səpkili yazılar yayımlatdırmaqla, müvafiq dövlət insititlarının və bu institutlarla görəvlərindən dolayı əməkdaşlıq edən şəxslərin heç bir əsas olmadan ittiham edilməsinin, aşağılanmasının tərəfdarı deyiləm! Diqqətli oxucu nə demək istədiyimi yəqin ki, çox yaxşı başa düşür. Görəsən bütün bunların qarşılığında ortaya hansı sualların çıxacağını çaqqal və leşyeyənlər vasitəsilə dövlətini sevən və ona xidmət edən insanlara çamur atanlar heç olmasa təxmin edə bilirlər? Təkcə mən, elə indi, bu dəqiqə və bu yazıda konkret faktlara və dəmir məntiqə söykənən yüzlərlə sual yaza bilərəm...
Özümə gəldikdə isə, bu günədək yazdığım bütün yazıların altından öz imzamı qoymuşam. Son 15-20 il ərzində yazdıqlarımla, şərhlərimlə, müsahibə və açıqlamalarımla, reportajlarımla istənilən şəxs internet resurslarında ad və soyadımla axtarış verib tanış ola bilər. Daha öncəki yazılarım isə kitabxana arxivlərində qalır... Bu günə qədər nə yazmışamsa dövlətin və millətin maraqlarını ifadə edib. Ehtiyac olubsa, dostlarımı, əqidə yoldaşlarımı, məsləkdaşlarımı açıq şəkildə və öz imzamla müdafiə etmişəm. Yazdığım və dediyim hər sözün arxasındayam. Bir üzüm olduğu kimi sosial şəbəkələrdə də yalnız bir profilim və ya səhifəm var. Təbii ki, öz adımla. İndi həqiqət qarşısında, oxuculardan üzr istəyirəm, qamçı yemiş qancıq kimi zingildəyən biriləri məni və özlərini məndən daha yaxşı müdafiə edə biləcək həmkarlarımı kiminsə qoluna, qanadına bağlayıb şərləmək istəyirlərsə, bəri başdan deyim, işlərini bilsinlər: Bir neçə cümləlik statusumdan sonra “vay ana, məni döydülər” deyib məhkəmə qapılarına qaçan miskin və bədbəxt adamlarla işim olmayacaq. Onları idarə edənləri, ayaq üstə tutanları, zəhər və meydan verənləri bir-bir, həm də adlarını və əməllərini açıqlamaqla ifşa edəcəyəm. Bunun ardınca isə, şübhəsiz ki, dövlətin ideologiya və informasiya siyasətinə qarşı təxribat törətməklə konkret missiyanı həyata keçirən, yaxud maraqlarını təmin etmək üçün kimlərəsə yarınmağa cəhd göstərən xarici və daxili siyasi qrupların “nüfuz müvəkkilləri” ilə bağlı müvafiq ünvanlara açıq müraciətim olacaq, heç bir qrupun maraqlarına xidmət etməyən, dövlətçi düşüncəyə və əxlaqa sahib olan insanlara qarşı həyata keçirilən mənəvi terrora son qoyulması üçün konkret və təxirəsalınmaz addımların atılmasını rica edəcəyəm.

Söz ardı

Cümhuriyyətimizin 102-ci ildönümünə qədəm qoyuruq. Ölkəmiz islahatlar yolu ilə bir mərhələdən digərinə daşınır. Əqidədaşlarımla birlikdə illərdir ki, arzuladığımız və təxminən 12 ildir, müxtəlif təşəbbüs və ideyalarla gerçəkləşdirilməsinin vacibliyini diqqətə çatdırmaq istədiyimiz mürəkkəb bir prosesdən keçirik. Bütün bunlarla yanaşı, COVİD-19 virusunun yaratdığı çoxsaylı problemləri də nəzərə alsaq, həssas və məsuliyyətli bir zaman kəsiyinin düz mərkəzində olduğumuzu anlaya bilərik. Belə bir zaman kəsiyində, şəxsən mən qurdun itdən seçilməsi üçün Günəşin doğmasını gözləyirəm... Və o mütləq doğacaq! 28 May Günəşi kimi!

Elçin Mirzəbəyli