• 7 İyul 2020
logo
BAXCP sədrindən Ramazan və 28 May təbriki

BAXCP sədrindən Ramazan və 28 May təbriki

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan xalqını Ramazan Bayramı və 28 May Respublika Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:

Əziz həmvətənlər,
Sizi Ramazan Bayramı və 28 May Respublika Günü münasibətilə təbrik edirəm.
Hər iki bayramın Avrasiyanın ən böyük xalqlarından biri olaraq, bizim üçün müstəsna önəmi, dəyəri var. Ramazan Bayramı dini olduğu qədər milli bayramımızdır. Ramazan - imanın, inamın, iradənin, qətiyyətin, Vətən, Xalq, İnsan sevgisinin, dürüstlüyün nəfsə, kamilliyin nadanlığa, xeyirin şərə qarşı dirəniş göstərdiyi, dözüm, təmizlik, paklıq və mərhəmət ayıdır. İlk Respublikamızın – Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu tarixin daşıdığı anlam, İstiqlal məfkurəmizin və gələcəyə baxışımızın təməlini təşkil edən üçlü inkişaf düsturunun verdiyi məna bizdən hədəflərimizə çatmaq üçün inam, qətiyyət, dürüstlük, dözüm, cəsarət, Vətənə, xalqa, dövlətə sədaqət və sevgi tələb edir. Bu baxımdan, üçrəngli bayrağımızın üzərində yer alan rənglərdən - yollardan birinin milli-dini dəyərlərimizi ifadə etməsi təsüdufi deyil. İstiqlal məfkurəmizin sütunlarını yaradan böyük mütəfəkkirlərimiz gələcəyimizi, inkişafımızı, bütövlüyümüzü bu dəyərlərdə görüblər və zaman onların nə qədər haqlı olduğunu az qala hər gün sübuta yetirir.
Çünki qarşımızda duran maneələri yalnız milli-mənəvi dəyərlərimizə, istiqlal ideallarımıza sədaqətimizlə aşaraq hədəflərimizə vara bilərik.
Cəmiyyətimizin sütunlarını gəmirən korrupsiya, rüşvətxorluq, sui-istifadəçilik üzərində qanunların aliliyinin təmin edilməsi üçün mükəmməl mexanizmlər yaratmaqla, güzəştsiz mövqeyimizlə yanaşı, həm də nəfsimizlə, dürüstlüyümüzlə, vicdanlı vətəndaş olmağımızla qələbə çala, milli-mənəvi dəyərlərimizə, istiqlal ideallarımıza sədaqətimizlə torpaqlarımızı işğaldan azad edə, ölkəmizdə həyata keçirilən islahatları sürətləndirə və daha uğurlu nəticələrə nail ola bilərik.
Dəyərli həmvətənlər,
Bizi qarşıda çətin və şərəfli bir yol, yalnız öz gücümüz, bacarığımız, yaradıcı potensialımızla quracağımız böyük gələcək gözləyir. Bu yolda hər birinizə Tanrıdan möhkəm cansağlığı və uğur diləyirəm!
Tanrı Azərbaycanı qorusun!”