• 29 Noyabr 2020
logo
Soltan Məmmədov: "REACT-C19” layihəsi Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığının bariz nümunəsidir

Soltan Məmmədov: "REACT-C19” layihəsi Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığının bariz nümunəsidir

“Bir ay əvvəl Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və tapşırığı ilə Heydər Əliyev Fondu, TƏBİB və ÜST tərəfindən koronovirusla mübarizədə “REACT-C19” layihəsinin icrasına başlanılıb”.
APA-nın məlumatına görə, bunu “REACT-C19” layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, millət vəkili Soltan Məmmədov bildirib. Onun sözlərinə görə, Azərbaycanda pandemiya ilə mübarizənin ilk günlərindən Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük" çağırışından sonra ölkədə bütün dövlət qurumları, QHT, sahibkarlar, ictimaiyyət və beynəlxalq təşkilatların imkanları səfərbər olunaraq genişmiqyaslı tədbirlərin icrasına başlanıb.
"REACT-C19” layihəsinin tətbiqi Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq siyasətinin bariz nümunəsidir. İqtisadiyyat, sosial siyasət, səhiyyə sahəsində görülən işlər göz qabağındadır. Sahibkarlara dəstək istiqamətində həyata keçirilən vergi siyasəti, maddi dəstək, aztəminatlı ailələrin maddi rifahının qorunması, pandemiyanın özünüməşğulluq siyasətinə göstərə biləcəyi mənfi təsirlərin qarşısının alınması üçün qanunvericilik bazasında müvafiq dəyişikliklər ölkədə həyata keçirilən uğurlu sosial və iqtisadi siyasətin göstəricisidir", - deyə o qeyd edib.