• 29 Noyabr 2020
logo
"ABŞ Azərbaycanı Cənubi Qafqazın vacib ölkəsi kimi qəbul edir"

"ABŞ Azərbaycanı Cənubi Qafqazın vacib ölkəsi kimi qəbul edir"

ABŞ prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ikitərəfli münasibətlərdə diplomatik ənənə xarakteri daşıyır.
Göründüyü kimi, Trampın məktubunda Azərbaycanın suvernliyinə birmənalı dəstək ifadə edilir. Eyni zamanda Tramp Azərbaycana Avropanın enerji təminatında oynadığı rola görə təşəkkürünü ifadə edir. Trampın bu mövqeyi həm də qondarma “DQR”-i tanıtmaq istəyən erməni lobbisinətutarlı cavab kimi qəbul edə bilərik.
Bunu "Xalq Cəbhəsi" qəzetinə açıqlamasında politoloq Yeğanə Hacıyeva bildirib.
Politoloq qeyd edib ki, ABŞ prezidentinin budəfəki məktubunda diplomatik etiketə aid olmayan ştrixlər mövcuddur və bu ikitərəfli münasibətlərdə həssas məqamlar üzərindən tərtib olunub: “Bu məktubda da iki vacib ştrix var. Əvvəla, ABŞ Azərbaycanı Cənubi Qafqazın vacib ölkəsi kimi qəbul edir. Bu xüsusda Azərbaycanın Avropanın enerji təminatında oynadığı rol da yada salınır. Məktubun ana xəttini Azərbaycanın regiondakı inamlı roluna verilən qiymət təşkil edir. Ardınca Ermənistanın “DQR”lə bağlı uydurduğu miflərə cavab gəlir. Ermənilər son iki il ərzində onları tərəf kimi danışıqlar prosesinə cəlb etmək istəyib. Müxtəlif variasiyalardı “DQR”i müstəqil bir qurum kimi proseslərə qatmaq istəyirlər. Məktubda onların saxta iddialarına da cavab verilir. Azərbaycanın suverenliyinə ifadə olunan birmənalı dəstək elə ən gözəl cavabdır. Bununla erməni lobbisinin yaratmaq istədiyi psevdoreallıq da darmadağın edilir".
Politoloqun fikrincə, Tramp mesaj verir ki, belə oyunlarda onlar yoxdur. Bizim ərazi bütövlüyümüzə verilən qiymət elə Ermənistanı işğalçı kimi tanımaq anlamına gəlir. Son illərin dəyişən reallıqları çərçivəsində bir çox beynəlxaql təşkilatların nüfuzlarını itirməsi ilə rastlaşırıq: "ABŞ həm də mesaj verir ki, istənilən yenilənmənin fonunda onlar bizim ərazi bütövlüyümüzü tanıyacaqlar. Geniş mənada yanaşdıqda isə, hazırkı dönəmdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması həm də ABŞ-ın milli maraqlarına cavab verən məqamdır”.
ABŞ-ın ən böyük əhəmiyyət verdiyi strateji bölgələrdən biri də Cənubi Qafqaz, Azərbaycan və Gürcüstandır: “Azərbaycanın xüsusi çəkisi bu yöndə daha ağırdır. Azərbaycan Avropa və Asiya qitələrinin strateji komunikasiya xətlərinin kəsişdiyi, birləşdiyi bir nöqtədə yerləşir, Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya nəql edilməsi, Şərq-Qərb, Şimal-Cənub tranzitləri üzrə regiondan keçən nəqliyyat xəttləri çox önəmli rol oynayır. Söhbət tək neft və ya “mavi yanacaq”dan deyil, həm də diğər danınmalar və nəqliyyatdan gedir. ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizini qəti surətdə dəstəkləməkdə davam edir, Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır. ABŞ Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab edir". Y. Hacıyeva bildirib ki, ABŞ qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən, Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir: "Bu, ABŞ administrasiyasının bölgə problemlərinə düzgün yanaşmasının ifadəsidir”.