• 25 Noyabr 2020
logo
“Trampın məktubunda mühüm strateji istiqamətlərə toxunulub”

“Trampın məktubunda mühüm strateji istiqamətlərə toxunulub”

Hikmət Məmmədov: “ABŞ Prezidentinin bütövlüyümüzü dəstəklədiyini bildirməsi iki ölkə arasında olan münasibətlərin göstəricisidir”

“ABŞ-Azərbaycan münasibətləri bütün istiqamətlər üzrə yüksək tərəfdaşlıq münasibətləri səviyyəsindədir”. Bu sözləri “Xalq cəbhəsi”nə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi qlobal layihələr istər Avropanın, istərsə də Şimali Atlantika ölkələrinin qarşılıqlı mənafeləri və təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir: “Bütün bunlarla bərabər, ABŞ və Azərbaycan beynəlxalq münasibətlər sistemində bir sıra strateji istiqamətlər üzrə, o cümlədən hərbi-siyasi istiqamətlər üzrə geniş tərəfdaşlıq imkanlarına sahibdirlər. NATO yüklərinin Əfqanıstana daşınmasında, dünyada sülhün bərqərar olunmasında, təşkil olunmuş sülhməramlı missiyanın yerinə yetirilməsində ABŞ Azərbaycanla tərəfdaşlıq edir. ABŞ həm də dünya siyasətini müəyyən edən güc mərkəzlərindən biri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindəndir. Bütün bunlar ABŞ-Azərbaycan münasibətlərinin qarşılıqlı maraqlar kontekstində olduqca mühüm strateji əhəmiyyətə malik olmasını şərtləndirir”. H.Məmmədov bildirib ki, bu günlərdə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda da məhz mühüm strateji istiqamətlərə toxunulması, dövlətimizin ərazi bütövlüyü ilə bağlı məsələləri önə çəkməsi və onu dəstəklədiyini bildirməsi həm iki ölkə arasında olan münasibətlərin göstəricisidir, həm də Azərbaycanın beynəlxalq münasibətlərin müstəqil aktoru olaraq bu münasibətlər sistemində nüfuzu kimi qiymətləndirilməlidir: “Şübhəsiz ki, bu məktub həm də bundan sonrakı mərhələdə yeni dünya nizamı yaranması prosesində ABŞ və Azərbaycanın qarşılıqlı münasibətləri ilə bağlı əsas istiqamətləri müəyyən edən fikirlərdir. Belə proqnozlaşdırmaq olar ki, bundan sonrakı mərhələdə də ABŞ-Azərbaycan münasibətləri bütün sahələr üzrə inkişaf dinamikasına malik olacaq”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli də ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda iki dövlət arasındakı münasibətlərin inkişaf perspektivini, beynəlxalq hüququn norma və pribsiplərini və ölkəmizin maraqlarını ifadə edən kifayət qədər önəmli məqamlara toxunduyunu qeyd edib.
Onun sözlərinə görə, Prezident Donald Trampın məktubunun Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ tərəfindən güclü şəkildə dəstəkləndiyi ifadəsi ilə başlaması, ölkəmizin ərazi bütövlüyünün, müstəqil hüququn subyekti kimi beynəlxalq münasibətlər sistemində iştirakının birmənalı şəkildə müdafiə olunmasıdır.
Klassik və müasir suverenlik konsepsiyalarına, həmçinin BMT Nizamnaməsinə və beynəlxalq hüququ çağdaş norma və prinsiplərinə görə, suverenlik dövlətin bütün əraziləri üzərində daimi və mütləq hakimiyyətə malik olmasıdır.
Suverenlik konsepsiyasının başqa bir önəmli prinsiplərindən biri suverenliyin bölünməzliyidir. Yəni konkret halda Azərbaycanın öz əraziləri üzrəndə mütləq və daimi hakimiyyətə sahib olmasının güclü dəstəklənməsi, eyni zamanda Azərbaycan ərazilərinin bölünməzliyi prinsipinin dünyanın super gücü tərəfindən birmənalı şəkildə müdafiə olunmasıdır.
Suverenlik konsepsiyasının digər mühüm prinsipi isə dövlətin suverenliyinin öz əraziləri üzərində istisnasız olaraq təmin edilməsidir. Qeyd olunan prinsipindən ABŞ Prezidenti tərəfindən Azərbaycanın suverenliyinin dəstəklənməsi çərçivəsində müdafiə edilməsi, ölkəmizin Ermənistanın işğalı altında olan əraziləri üzərində istisnasız suverenliyinin təmin edilməsinin vacibliyinə işarə kimi qəbul edilməlidir”.
Elçin Mirzəbəyli ABŞ Prezidentinin öz məktubunda beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolunu və töhfələrini yüksək dəyərləndirdiyini, bu sahələr üzrə iki ölkə arasında 30 illik əməkdaşlığın xüsusi vurğulandığını xatırladıb: “Bu yanaşma Azərbaycanın məktubda qeyd olunan istiqamətlərdə oynadığı rolun yüksək səviyyədə qiymətləndirilməs olmaqla yanaşı, ölkəmizin təşəbbüsləri və iştirakı ilə gerçəkləşdirilən, hazırda həyata keçirilən və ya həyata keçirilməsi nəzərdə tutulan bütün enerji layihələrinin, Azərbaycanın bu istiqamətdəki təşəbbüslərinin bundan sonra da dəstəklənəcəyinə münasibətdə ifadə olunan önəmli bir mesajdır.
Şübhəsiz ki, bu dəstəyin əsasında Azərbaycanın “Əsrin müqaviləsi”ndən başlayaraq həyata keçirdiyi bütün layihələrə münasibətdə öz öhdəliklərinə sadiq qalması da mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələrin region dövlətlərinin inkişafına və təhlükəsizliyinə verdiyi töhfə də nəzərə alınmalıdır. Enerji təhlükəsizliyi istənilən dövlətin sabit iqtisadi inkişafının, təhlükəsizliyinin təmin edilməsində müstəsna önəm daşıyır. Məhz bu baxımdan, ölkəmizin liderliyi ilə həyata keçirilən enerji layihələrinin regionun və Avropanın təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət malik olduğunu danılması mümkün olmayan bir fakt kimi qeyd edə bilərik.
Məktubda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq sülh, sabitlik və qlobal inkişafa verdiyi əhəmiyyətli töhfələrin və dövlətimizin beynəlxalq səviyyədə nailiyyətlərinin vurğulanması isə ABŞ-ın dövlət başçısının ölkəmizə və onun liderinə verdiyi yüksək qiyməti ifadə edir.
Məktubda, həmçinin ABŞ və Azərbaycan nəzərdə tutularaq, iki böyük xalq və dövlət ifadəsindən istifadə olunur. Bu ilk növbədə ABŞ-ın dövlət başçısı səviyyəsində Azərbaycanı nüfuzlu və güclü dövlət olaraq qəbul edilməsi anlamına gəlir. Azərbaycan xalqına münasibətdə “böyük xalq” ifadəsinin işlədilməsi də, düşünürəm ki, çox böyük məna daşıyan, xalqımızın regionda həyata keçiridiyi və bundan sonra da keçirəcəyi böyük hərəkətverici, tənzimləyici missiyaya verilən yüksək dəyərdir.
Bu, eyni zamanda Azərbaycan və ABŞ arasında yaxın tərəfdaşlıq münasibətlərininı təsdiqi kimi səciyyələndirilməlidir.
Məktubunun sonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Donald Tramp ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın münaqişənin sülh yolu ilə dayanıqlı həlli üzrə aparılan danışıqlara dəstəyini davam etdirəcəyini bəyan edib.
Danışıqlara dəstək ifadə etməklə Minsk Qrupunun həmsədr ölkəsi olan ABŞ Ermənistanın danışıqlar formatının dəyişdirilməsi cəhdlərini birmənalı olaraq rədd edir, işğalçı ölkənin qarşısında manipulyativ və pozucu davranışlarına, destruktiv hərəkətlərə qoyulmasını tələbini qoyur.
Məktubda münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə vurğu edilməsi isə, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan və qəbul edilən ərazilərinin hərbi işğalının qəbuledilməzliyi və Ermənistan Silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması tələbidir.
Bütövlükdə, ABŞ Prezidentinin dövlətimizin başçısına ünvanladığı məktubu Azərbaycanın regional və qlobal proseslərdə oynadığı rola verilən yüksək qiymət kimi dəyərləndirir, iki dövlət arasındakı münasibətlərin qarşılıqlı faydalılıq prinsipi əsasında bundan sonra da inkişaf edəcəyini, hətta yeni və daha dinamik bir mərhələyə qədəm qoyacağını düşünürəm”.

ƏLİ