• 28 Noyabr 2020
logo
“Bu gün vətəndaşın ictimai nəzarəti güclüdür”

“Bu gün vətəndaşın ictimai nəzarəti güclüdür”

Cavid Şahverdiyev: “Dövlət üçüncü sektorun inkişafı üçün qarşısında duran vəzifələri yerinə yetirməklə yanaşı, onların həyata keçirilməsi istiqamətində müvafiq addımlar atır”

Bu günün mövcud pandemiya dönəmi vətəndaş və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyətini, öz güc və potensialını lazımi istiqamətə, lazımi problemlərə yönəltmək zərurətini ortaya qoyur. Belə bir ərəfədə media və QHT sektorunun vətəndaş cəmiyyətləri olaraq sərgilədiyi mövqe və meydana çıxardığı problemlər və onun həllinə yönəlik ictimai nəzarətin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Cəmiyyətin, dövlətin pandemiya ərəfəsində inkişafı və tərəqqəsi üçün vacib olan ən mühüm məqamlar müzakirə olunmaqla çözüm yolları araşdırılır. Pandemiya dönəmi Cəmiyyətdə həllini tələb edən hansı nüansları ortaya çıxara bildi?
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin rəhbəri, jurnalist Cavid Şahverdiyev müsahibəsində bu və ya digər məsələlər ətrafında bir çox nüanslara diqqət çəkib və müəyyən təkliflərlə çıxış edib.

“Azərbaycan çevik və qətiyyətli qərarları ilə seçilir”

- Cavid bəy, məlumdur ki, ölkəmiz pandemiya dönəmini yaşayır. Belə qeydlər var ki, hazırda ictimai, siyasi, hüquqi, sosial-iqtisadi, mədəni dəyərləri özündə əksetdirən fəaliyyət istiqamətləri mövcud dönəmə uyğun “yeni cəmiyyət modeli”nin qurulması üzərində hesablamalar aparır. Belə bir vaxtda Vətəndaş Cəmiyyətlərinin fəaliyyəti, vətəndaş cəmiyyətlərinin mövcud gücü, potensialı ona öz rolunu oynaması üçün hansı imkanları yaradır?
- Azərbaycanda QHT sektorunun inkişafı prioritet olaraq qəbul edilir və vətəndaş cəmiyyəti institutlarının siyasi-ictimai, sosial-iqtisadi tərəqqidə danılmaz rola malik olduğu birmənalı olaraq qəbul edilir.
Pandemiya zamanında vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə gəlincə, deyə bilərəm ki, bu missiyanı QHT-lər layiqincə yerinə yetirməkdədirlər. Dünya dövlətlərinin koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə apardığı hazırkı dövrdə Azərbaycan qlobal təhlükədən maksimum az itkiylə çıxmaq üçün atdığı çevik və qətiyyətli qərarları ilə seçilir. Eyni zamanda ölkəmizin vətəndaş cəmiyyəti institutları, xüsusi ilə QHT-lər, mətbuat COVİD-19 pandemiyasına qarşı mübarizə sahəsindəki dövlət siyasətinə yaxından dəstək verərək vətəndaşların maarifləndirilməsində və onlara müxtəlif cür yardımların göstərilməsində fəal iştirak edirlər. Dövlətin koronavirusla mübarizə sahəsində həyata keçirdiyi işlərə QHT-lərin də yaxından dəstək verdiyini göz önündədir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin təşəbbüsü, tövsiyələri ilə ölkənin aparıcı QHT-ləri bu prosesə qoşularaq istiqamətləniblər. Əsas istiqamət də əhalinin düzgün formada maariflənməsidir. Hər bir QHT ayrı-ayrılıqda koronavirusla mübarizədə öz töhfəsini verə bildi. İstər mediada, istər sosial şəbəkələrdə təbliğatlarını apardılar, hətta sosial roliklər hazırlayanlar da oldu. Mövcud vəziyyətdə QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsini və bu istiqamətdə görüləcək işlərin effektivliyinin daha da artırılması məqsədilə onlayn ümumrespublika konfransı keçirilib. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna Şura üzvlərinin və Katibliyin əməkdaşları, eləcə də QHT-lər vəsait köçürüblər. Martın 27-dən etibarən Şuranın REAL TV ilə birlikdə “Evdə qal, cəmiyyəti qoru!” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlanıb. QHT-lər istər əhalinin nisbətən çox olduğu yerlərdə - küçələrdə, parklarda, istərsə də sosial şəbəkələrdə və mediada vətəndaşları özlərini təcrid etməyə və evdə qalmağa çağırırlar. Hazırda 100-dən artıq QHT bu ictimai kampaniyada fəal şəkildə iştirak edir. İndiki həssas dönəmdə QHT-lərin dövlətimiz və cəmiyyətimiz ilə yüksək həmrəylik nümayiş etdirməsi vətəndaşların karantin qaydalarına riayət etmələri, birlik göstərmələri üçün önəmli motivasiyadır. Şura Mətbuat Şurası ilə birlikdə COVİD-19 pandemiyası ilə mübarizədə QHT- Media əməkdaşlığının gücləndirilməsinə həsr olunan onlayn konfrans da keçirib. Koronavirusa qarşı mübarizə sahəsində ölkəiçi fəaliyyətlərlə yanaşı həmçinin, müxtəlif formatlı beynəlxalq həmrəylik aksiyaları da keçirilir. Rusiyanın məşhur "Rus Velikaya" Beynəlxalq Fondu da böyük kollektivlə vətəndaşlara immuniteti gücləndirən məhsullar paylayır. Kampaniyanın məqsədi xüsusilə yaşı 65-dən çox olan insanları evlərində vitaminlərlə zəngin məhsullarla təmin etməkdir. Rusiyanın 9 şəhərində həyata keçirilən xeyriyyə aksiyasına müxtəlif ölkələrin QHT-ləri də dəstək verir. İndi isə estafeti Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının koordinatorluğu ilə Azərbaycan götürüb. Bu xeyriyyə kampaniyası çərçivəsində Azərbaycan QHT-ləri ölkənin müxtəlif ərazilərində ehtiyaclı yaşlı insanlara ərzaq yardımları göstərir.
Hazırda bu kampaniyada ölkənin 22 QHT-si iştirak etsə də ona qoşulanların sayı artmaqdadır.
Qeyd edək ki, Azərbaycanın xeyriyyə kampaniyasının estafetini götürməsi xəbərini Rusiyanın bir çox tanınmış media orqanı işıqlandırıb. Korona ilə mübarizədə QHT sektorunun dəstəyini sadalamaqla qurtarmaz. QHT-lər müxtəlif vasitələrdən istifadə edilməklə bu mübarizədə öz sözünü deyə biliblər. İstər paytaxtda, istərsə də regionlarda.
- Müasir dövrün tələbinə uyğun olaraq ictimai fikrin, ictimai nəzarətin formalaşması prosesini üzərinə götürən media qurumları, eləcə də QHT-lər bu istiqamətdə hansı əsas nüanslara diqqət yetirməlidir?
- Vətəndaş cəmiyyəti dövlətdən fərqli elə bir sahədir ki, burada vətəndaşlar öz maraqlarından çıxış edərək birgə fəaliyyət göstərə bilərlər. Ümumilikdə, vətəndaş cəmiyyəti özündə müxtəlif sosial və siyasi subyektlərin maraqlarını cəmləşdirir. Vətəndaş cəmiyyəti - azad insanların özlərinin, onların könüllü birliklərinin və cəmiyyətlərinin dövlət hakimiyyətinin müdaxiləsi olmadan istibdadından uyğun qanunlar tərəfindən qorunan özünü ifadə etmək formasıdır. Müstəqil Azərbaycanda ictimai həyatın demokratikləşdirilməsinin əsas istiqamətlərindən biri məhz vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Bu istiqamətdə mühüm addımlardan biri də QHT-lərin formalaşması və inkişafı üçün münbit şəraitin təmin olunmasıdır. Sivil dövlətin vacib atributlarından biri kimi QHT genişmiqyaslı fəaliyyəti Azərbaycan cəmiyyəti üçün də vacibdir. QHT-lər vətəndaş cəmiyyətiinin əsas institutlarından biridir. Hazırda ölkəmizin sürətli iqtisadi və siyasi inkişafı vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində, qeyri-hökumət təşkilatlarını dəstəkləmək və inkişaf etdirmək sahəsində dövlətin imkanlarını genişləndirir. 2008-ci ildən başlayaraq bir sıra yerli QHT-lərə dövlət büdcəsi hesabına qrantların ayrılması da dövlət səviyyəsində vətəndaş cəmiyyəti quruculuğu prosesinə göstərilən dəstəyin bariz təcəssümüdür. Dövlət üçüncü sektorun inkişafı üçün qarşısında duran vəzifələri görməklə yanaşı, onların həyata keçirilməsi istiqamətində müvafiq addımlar atır.
Bununla yanaşı, çox istərdim ki, bəzi xarici dövlətlərdə olduğu kimi biz də stabil və dayanıqlı əmək haqqı alaraq əmək müqaviləsi əsasında fəaliyyət göstərək. Bizim ölkədə fəaliyyət göstərən QHT-də çalışanların isə daimi maaşları yoxdur. Layihədən layihəyə işçi və əməkdaşlara bir neçə aylıq maaş ödənilir. Vergilərin azaldılması məsələsinə də baxılmalıdır. QHT-lər digər kommersiya strukturları ilə bir tutulmamalıdır.

“Hüququ bilmədiyimizdən daha çox məmur özbaşnalığı, süründürməçiliklərlə üzləşirik”

- Cavid bəy, vətəndaşlarla əlaqəli şəkildə işləyən ictimai birlik olaraq, hüquqi, sosial, iqtisadi sahədə hansı boşluqları görürsünüz. Necə hesab edirsiniz, əsas missiyanı daşıyan vətəndaş öz hüquq və vəzifələrini nə dərəcədə bilir və bu gün onun dövlət quruculuğunda fəal iştirak etməsi üçün hansı təminatı var?
- Hüquq və vəzifələr vəhdət təşkil edir. Hər bir vətəndaş öz hüquqlarını yaxşı bilməli və onlara əməl olunmasını tələb etməklə yanaşı, öz vəzifələrini də yaxşı bilməli, onları yerinə yetirməlidir. Vətandaş öz hüququnu bilirsə və onun qorunması uğrunda mübarizə aparırsa deməli, o məmur özbaşnalığına qarşı müarizə aparmış olur. Yaxşı bir vətəndaş olmaq üçün ilk növbədə hüququnu bilməlisən. Ölkənin daxili siyasəti Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarətdir. Hər bir vətəndaşımızın hüququ konstutisiya çərçivəsində qorunur. Amma təəssüflərolsun ki, vətəndaşlarımız öz hüquqlarını belə bilmədiklərindən aldanılırlar, əzilirlər, bəzi məmurların köləsinə çevrilirlər. Hüququnu bilməyən vətəndaş heç vaxt dövlət quruculuğu prosesində iştirak edə bilməz.
Sadaladığınız sahələrin hamısında maariflənmə işi aparılmalıdır. Əhalimiz öz hüquqlarını bilməlidir, istər sosial, istər iqtisadi, istər vətəndaşlıq hüququnu öyrənməlidir. Öz hüququnu bilməyən vətəndaş hər bir çətinliklərlər üzləşə bilər. Hüququ bilmədiyimizdən daha çox məmur özbaşnalığı, süründürməçiliklərlə üzləşirik. Bir çox rayonlarda müxtəlif mövzularda layihələr həyata keçirmişik və əhalinin öz hüquqlarını bilmədiyini görmüşük. Hər bir sahədə əhalimiz maariflənməlidir.
- Maarifləndirməyə bu qədər ehtiyacın olması nə ilə bağlıdır. Bu sahədə geri qaldığımız və maniə yaradan məqamlar nədir: düşüncə, ənənələrin doğurduğu steriatiplər, savadsızlıq və yaxud vətəndaş cəmiyyəti və məsuliyyət anlayışının ölkə üzrə yetərincə əhatə olunmamağı, yaxud xarici təsirlər...
- Bu sahədə daha çox regionlarımız geri qalırlar. Maariflənmə işi regionlarda sürətlənməlidir. Düzdür, QHT-lər bu məsələdə üzərlərinə düşən vəzifələri yerinə yetirirlər, amma istədiyimiz effekti vermir. Ona görə ki, maariflənmə prosesini təkcə QHT-lər həyata keçirməməlidir. Öz təcrübəmdən misal çəkim. Milli mənəvi dəyərlərimiz, uşaq hüquqlarının qorunması, vətənpərvərlik və s. mövzularla bağlı şimal bölgəsində layihələr həyata keçirmişik. Minlərlə buklet, kitabça paylamışıq. Çatmayıb, öz hesabımıza yenidən çap etdirib regionlara dağıtmışıq. Tələbatın artmasına təsir edən səbəblərdən biri, əhalinin maariflənməsi, hüquqi bilikləri əldə etməsi olub. QHT sektoru əhalinin maariflənməsində böyük və əvəzsiz rola malikdir.
- Bu ağır dönəmdə necə düşünürsünüz, ölkənin nüfuzlu təşkilatları, eləcə də məmurlar, iş adamları, siyasi xadimlər arasında vətəndaş, dövlət, xalq, birliyi nümayişi necə müşahidə olundu?
- Cənab Prezidentimizin “Biz birlikdə güclüyük” çağırışına qoşulanlar bu ağır dönəmlərdə xalqına, millətinə, dövlətinə xidmət etmiş oldular. Koronavirusla mübarizəyə dəstək fonduna 120 milyon manata yaxın vəsaitin toplanması onu deməyə əsas verdi ki, həmrəylik, birlik nümayiş etdirə bildik. Millət vəkilləri, QHT sədrləri, iş adamları, incəsənət xadimləri imkan daxilində minlərlə, on minlərlə aztəminatlı ailəyə yardım etdilər. Amma təəssüflər olsun ki, son günlərdə bəzi icra hakimiyyəti başçıları və onların yerlərdəki nümayəndələrinin dövlətin aztəminatlı ailələr üçün ayırdığı ərzaq yardımlarını mənimsəmələri, korrupsiya və rüşvətxorluğa qurşanmaları faktları ilə də üzləşdik. Şübhəsiz, bu insanların heç biri cəzasız qalmayacaq.
- Diaspora təşkilatlarımızın fəaliyyəti özünü necə göstərə bildi. Imkanlı diaspor təşkilatları cəmiyyət olaraq bütövləşmək, bir-birinə dəstək durmaq üçün hansı addımları atdı?
- Xaricdəki bir çox diaspor təşkilatlarının yardımlarını da gördük. Elələri də vardı ki, öz vəsaiti hesabına Azərbaycandakı ailələrə yardımlar edib. Bu da alqışlanmalıdır. Milyonçu diaspor təşkilat sədrləri də var ki, heç yaxına durmadılar. Fonda bir manat belə vəsait köçürmədilər. Koronavirusun yayılmasının müsbət cəhətlərindən biri də, bu ağır dönəmlərdə kimin kimin yanında olduğunu göstərdi. Xainin, dostun kim olduğunu üzə çıxardı.


“Nazirliyin sözçüsü bizim məktubumuza gec cavab verdiyindən bütün planlarımız pozuldu”

- Bəzi qanunların icrasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müəyyən maneələr var. Bəs siz fəaliyyətinizdə hansı maneələrlə qarşılaşırsınız və onlardan hansının aradan götürülməsini vacib hesab edirsiniz?- Bir dəfə belə halla üzləşmişəm. Bir neçə il öncə rayonlardan birində məktəblərdə tədbir planlamışdıq. Təbii ki, QHT Şurasının ayırdığı maliyyə əsasında. Mövcud qaydalara uyğun olaraq Prezident Administrasiyasına məlumat verdik, rayon icra hakimiyyətinə məktub ünvanladıq. Heş bir problemin olmadığı bildirildi. Lakin tədbir məktəbdə keçirildiyindən gərək Təhsil Nazirliyindən icazə alınmasının vacibliyi deyildi. Bir ay biz nazirlikdən icazə ala bilmədik. Nazirliyin sözçüsü bizim məktubumuza gec cavab verdiyindən bütün planlarımız pozuldu. Layihəmizin həyata keçməsinə süni əngəllər törətdi. QHT Şuranın müsabiqəsinin qalibi olub, dövlət vəsait ayırıb, icra hakimiyyəti razıdır, nazirlik isə məktəblərə tapşırıb ki, mənim icazəm olmasa heç bir QHT orada tədbir keçirməsin. QHT gənclərin vətənpərvərlik ruhunda maariflənməsi ilə bağlı tədbir keçirir, Təhsil nazirliyi bunu əngəlləyir. Bu barədə mediada da məlumat vermişdim.
- Vətəndaş cəmiyyəti olaraq hazırda aparılan kadr islahatlarını necə müşahidə edir və qiymətləndirirsiz. Vətəndaş İctimai nəzarət funksiyasını yerinə yetirə bilirmi?
- Prezidentimizin kadr islahatlarını hamı kimi biz də bəyənir və dəstəkləyirik. Bütün sahələrdə islahatların aparılması lazım və vacibdir. Uğurlu kadr islahatları həmişə dövlətimizə xeyir verə bilər.
Prezident İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edərkən çıxışında vətəndaşlara müraciət edib: “Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik”. Vətəndaş aktivliyi çox şeyi həll edir. Əgər o, gördüyü problemlə bağlı səsini ucaldırsa, onu ictimailəşdirirsə müsbət nəticəsi ola bilər. Bu gün vətəndaşın ictimai nəzarəti güclüdür. Çünki əlinin altında sosial şəbəkələr var. Üzləşdiyi problemi həm çəkib göstərir, həm də məlumat verir. Operativ və çevik, özü də yerində.

Versus.Az