• 3 Dekabr 2020
logo
Azərbaycan XİN başçısı: “20 minə yaxın vətəndaş ölkəyə qaytarılıb”

Azərbaycan XİN başçısı: “20 minə yaxın vətəndaş ölkəyə qaytarılıb”

“Hamımız şahidi oluruq ki, pandemiya beynəlxalq səviyyədə əməkdaşlıq, qarşılıqlı yardım və əlaqələndirmənin səmərəliliyinin artırılmasının zəruriliyini açıq şəkildə nümayiş etdirdi. COVID-19 dünyanın qlobal böhranlara hazırlığının bir növ sınağına çevrildi”.
Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov bu gün videokonfrans şəklində keçirilmiş MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan həm ölkədə, həm də dünyada koronavirus pandemiyası ilə mübarizədə fəal rol oynayır.
“Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək, Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizəyə könüllü ianə olaraq 10 milyon ABŞ dolları ayırıb. Azərbaycan, eyni zamanda, ayrı-ayrı ölkələrə də maddi və maliyyə yardımı göstərir. Azərbaycanın koronavirusun ölkə daxilində yayılmasının qarşısını almaq üçün atdığı operativ və qabaqlayıcı addımlar barədə məlumatı diqqətinizə çatdırmaq istərdim. Yaranmış şərtlərə uyğun olaraq məhdudlaşdırıcı tədbirlər həyata keçirildi. Belə ki, fevral ayında Azərbaycan Respublikası ərazisinə yeni koronavirus infeksiyasının gətirilməsi və yayılmasına dair ilkin xəbərdarlıq üzrə Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı. Mart ayının əvvəlindən etibarən ölkədə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə dayandırıldı. Ölkədə planlaşdırılan bütün kütləvi tədbirlər təxirə salındı və ya ləğv edildi. Mart ayının ortalarında bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi bir rejim tətbiq edildi və martın ayının sonlarından etibarən ölkədə xüsusi karantin rejimi tətbiq olundu.
Bu gün Azərbaycan hökuməti yaranmış presedenti olmayan çətinlikləri uğurla aradan qaldırmaq üçün bütün zəruri tədbirləri görür. Dövlətin bütün resursları səfərbər olunub və müəyyən olunmuş məqsədlərə nail olmaq üçün onlardan səmərəli şəkildə istifadə olunur.
Ölkə sərhədindən kənarda qalmış vətəndaşlarımızın təxliyəsi böhran şəraitində ən vacib vəzifələrdən birinə çevrilib. Hazırda yaranmış vəziyyətdə vətəndaşlarımızın digər ölkələrdən geri qaytarılması üçün bütün lazımi tədbirlər görülüb. Bu tədbirlər davam etdirilir və hazırda 20 minə yaxın Azərbaycan vətəndaşı vətənlərinə qaytarılıb”, - deyə Azərbaycan XİN başçısı vurğulayıb.
Nazir qeyd edib ki, dövri sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlərin nəticəsi müsbət olub və son üç həftə ərzində Azərbaycanda müsbət tendensiya müşahidə olunur: “Yəni, koronavirusdan sağalmış insanların sayı yoluxmuş insanlardan çoxdur. Ölüm hallarının nisbətinin aşağı olması işin müsbət istiqamətdə aparıldığını göstərir. Mayın ayının 4-dən etibarən Azərbaycan məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasının ikinci fazasına keçib. Hesab edirəm ki, MDB, COVID-19 koronavirus infeksiyasının yayılması ilə mübarizədə birgə səyləri müzakirə etmək, habelə milli səviyyədə həyata keçirdiyimiz tədbirlərlə bağlı təcrübə mübadiləsi, lazımlı vaxtda bir-birimizə dəstək nümayiş etdirmək və xalqlarımız arasında həmrəyliyi gücləndirmək üçün vacib bir platformadır”.