• 2 Dekabr 2020
logo
Mehriban Zeynalova: “Mədəniyyətimizin keşiyində durmalı olan məmurlar özləri ölkəyə, tariximizə, mədəniyyətimizə xəyanət edib”

Mehriban Zeynalova: “Mədəniyyətimizin keşiyində durmalı olan məmurlar özləri ölkəyə, tariximizə, mədəniyyətimizə xəyanət edib”

Son zamanlar Dövlət Təhlükəsizlik Xidməti tərəfindən rayon icra hakimiyyətlərində, ardınca Mədəniyyət Nazirliyində yüksək vəzifəli şəxslərin saxlanılması ilə nəticələnın əməliyyatlar ictimaiyyətin böyük marağına səbəb olub.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başladılan və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət alıb, 2020-ci ildə də intensiv şəkildə davam etdirilir. Məhz bu səbəbdən ictimaiyyət və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən böyük dəstək görür.

“Təmiz dünya“ Qadınlara Yardım İctimai Birliynin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil etdiyindən, qeyri-hökumət təşkilatları prosesi yüksək dəyərləndirir:

“İndiyə qədər hər birimiz dəfələrlə dövlət başçısının çıxışlarındakı tələbləri, çağırışları dinləmişik. Dəfələrlə icra hakimiyyəti başçılarına, yüksək vəzifəli məmurlara “vətəndaşa xidmət edin” çağırşının edilməsinə baxmayaraq, hələ də qanunsuz əməlləri davam etdirən, büdcəni talayan, rüşvət alan, vətəndaşı incidərək onu dövlətdən narazı salmağa çalışan məmurlar var. Maraqlıdır ki, onlar hətta bundan əvvəl keçirilən əməliyyatlarda saxlanılan həmkarlarının aqibətindən də dərs götürmürlər. 5 icra hakimiyyətinin başçısı həbs olunub, yayılan infrmasiyaları təhlil edəndə məlum olur ki, əməlləri demək olar bir-birinin təkrarıdır. Prosesin davamlı olacağı istisna olunmur. Çünki Prezident dəfələrlə çıxışlarında bəzi icra başçılarının dövlətlə vətəndaş arasında sədd yaratdığını deyib.

Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunub. Bu adamlar dövlətin vətəndaşa ayırdığı vəsaitə, hətta Heydər Əliyev Fondunun bu çətin günlərdə əhalinin dəstəyə ehtiyacı olan təbəqəsinə ayırdığı sovqatlara da göz dikiblər. Bu, dövlətə, xalqa xəyanət deyil? Burada daha bir məqam DTX-nın fəaliyyətidir. Əslində, bu da ölkədəki kadr islahatlarının nəticəsidir. Yeni kadrlar yeni yanaşma ortaya qoyur”.

M.Zeynalova bildirib ki, bir çoxları kimi o da dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbulu zaman verilən mesajları diqqətlə izləyib:

“Prezident qəti çəkildə ortaya mövqeyini qoyaraq korrupsiyaya qarşı amansız mübarizə aparılmasının vacibliyini bildirdi. Bundan sonra 8 mayda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirildi, saxlanılanlar var. Nazir müavini Rafiq Bayramov, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxanılıb. Təbii ki, onların hansı əməlləri törətdikləri istintaq çərçivəsində müəyyən ediləcək, əməllərinə hüquqi qiymət veriləcək.

Amma burada daha ağırlı bir məqam var. Söhbət mədəniyyətimizdən, tariximizdən gedirsə, hər bir Azərbaycan vətəndaşını maraqlandıran məsələdir. Ölkənin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi qəbuledilməzdir. Azərbaycanın qədim mədəniyyətini dünyaya çatdırmalı olan bir qurumda belə əməllərə yol verilirsə, burada başqa heç bir münasibət ola bilməz. Azərbaycan Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalıb. İndi isə məlum olur ki, buna qarşı mübarizə aparmalı və mədəniyyətimizin keşiyində durmalı olan qurumda yüksək post tutan məmurlar özləri ölkəyə, tariximizə, mədəniyyətimizə xəyanət edib. Bu xəyanətdir. Bunun başqa adı yoxdur. Dövlətə, xalqa, ölkəyə xəyanət isə mütləq cəzasını almalıdır”.