• 5 Dekabr 2020
logo
Arazda “fırtına” qoparmaq cəhdi

Arazda “fırtına” qoparmaq cəhdi

Azərbaycanın dövlət siyasətinin təməlində ölkənin ərazi bütövlüyünün təmin olunması, işğal altında olan ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpası prioritet vəzifə kimi dayanır. Qarabağ Azərbaycanın heç bir halda keçilməsinə imkan verilməyəcək “qırmızı xəttidir” və bu amil dövlətimiz tərəfindən bütün ikitərəfli və çoxtərəfli beynəlxalq münasibətlərdə əsas götürülür.

Rəsmi Bakının Azərbaycanın ərazi bütövlüyünü şübhə altına ala biləcək istənilən məsələyə münasibətinin açıq və birmənalı olmasına baxmayaraq, təəssüf ki, bir çox hallarda bu təkzibolunmaz reallığa gözlərini yuman, əssasız, təsdiqlənməmiş məlumatlara əsaslanaraq, yaxud faktları məqsədyönlü şəkildə təhrif edərək, vətəndaşı olduğu dövlətin ünvanına ağır və absurd ittihamlar səsləndirən, onu “milli xəyanət”də gunahlandıranlar da tapılır.

Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi məsələsi ətrafında böyük ajiotajın yaradılması da prosesin məqsədyönlü şəkildə körükləndiyindən və anti Azərbaycan mərkəzləri tərəfindən idarə olunduğundan xəbər verir.

Ortalıqda Azərbaycanın mövqeyini əsaslandıran konkret faktlar olduğu və bu faktların əlçatanlığı təmin edidiyi halda, heç bir əsası olmayan, bir çox hallarda işğalçı Ermənistanın mövqeyini ifadə edən mənbələr əsas götürülür.
Əslində məsələ ətrafında ajiotaj yaratmaq əvəzinə, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin hüquqi bazasını təşkil edən sənədlərə müraciət etmək mümkün idi. Onların əldə olunması üçün isə axtarış sistemlərinə açar sözlərin daxil edilməsi...

Aydındır ki, bu adamlar 2016-cı ilin fevralında Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləri arasında imzalanmış Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında sazişə bilərəkdən istinad etmir, həmin sazişdə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığının xüsusi olaraq vurğulandığını dilə gətirmir, bununla da insanların vətənpərvərlik hisləri ilə oynamağa, onları dövlətə qarşı yönəltməyə çalışırlar. Özünü “ekspert” hesab edən bəziləri isə məsələnin mahiyyətindən məlumatlı olmadıqları halda, faktların bilərəkdən təhrif olunduğu açıqlamaları əsas götürməklə, öz “istedad və bacarıqlarını”, necə “vətənsevər” olduqlarını ictimai rəyə sırımağa çalışırlar.

Halbuki, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişdə, həm də bir neçə yerdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ yer alır. Sazişin preambula hissəsində ““Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsində və istismarında hər iki Tərəfin suverenliyinin vacibliyi” vurğulanır, “BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti” qeyd olunur.

Maddə 1-də bildirilir ki, “Tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərəcəklər”.
Maddə 6-da isə deyilir ki, “Tərəflər “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edir”. Yəni işğalçı ölkə və onun separatçı tör-töküntüləri heç bir halda “istismarçı tərəf” kimi çıxış edə bilməzlər.
Sazişin 8-ci maddəsində su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisindən istifadə qaydası, heç bir istisnaya yol verilmədən müəyyənləşib.
Sitat: “Azərbaycan Respublikasına məxsus “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi BMT qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunanadək qarşılıqlı razılaşma əsasında yalnız İran İslam Respublikasının ərazisində istifadə edilə bilər”.

Sazişin digər maddələrində də Azəırbaycanın ərazi bütövlüyü ilə bağlı üçüncü tərəfə “müdaxilə” və şərh üçün əsas verən hər hansı bir məqam yoxdur.
Bu arada Sazişdə yer alan bir mühüm məqamı da xatırlatmaq isyəyirəm: Maddə 9-da azərbaycanlı mütəxəssilərin tikinti işlərinə nəzarət və istismar prosesində iştirakı öhdəlik kimi İran tərəfinin üzərinə qoyulur.

Onu da qeyd edim ki, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin tarixçəsi keçm

iş SSRİ dövrünə təsadüf edir. Belə ki, bu hidroqovşaqların texniki layihələrinin tərtib edilməsinə 1977-ci ildə SSRİ və İranın bu sahədə ixtisaslaşmış qurumlarının əməkdaşlığı ilə başlanıb. Texniki layihələr “Bakı Hidrolayihə” layihə institutu tərəfindən 1981-ci ildə başa çatdırılıb və SSRİ-nin aidiyyəti qurumları tərəfindən təsdiq edilib. 1988-ci ildə isə SSRİ və İran arasında iqtisadi, ticarət və elmi-texniki əməkdaşlıq haqqında uzunmüddətli Saziş bağlanmış və həmin Sazişə əsasən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə qarşılıqlı razılıq əldə olunub. Daha sonra texnoloji avadanlıqların köhnəlməsi və istehsalatdan çıxarılması səbəbindən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci ildə verdiyi tapşırığa əsasən müstəqil ekspert qrupu yaradılmış və layihələr yenidən işlənilib.

Məsələyə dair fikir bildirərkən, Azərbaycan tərəfinin yaxın gələcəyə ünvanlanmış strateji məqsəd və hədəfləri baxımından konkret sənədlərə və faktlara istinad edilməli, hadisələrin ardıcıllığı nəzərə alınmalı və təbii ki, mövzuya hərtərəfli yanaşılmalıdır. Əks təqdirdə isə heç bir əsası olmayan, kimlərinsə sibyektiv qənaətinə söykənən, bəzi hallarda isə bilərəkdən təhrif olunan məlumatların yer aldığı yanaşmalar ortaya çıxır ki, bu da son nəticədə ictimai rəyin çaşdırılmasına xidmət edir.

Maraqlıdır ki, Azərbaycanın adının və maraqlarının yer aldığı istənilən məlumatı zərrəbinlə oxumağa və ondan öz maraqlarına uyğun nəticə çıxarmağa çalışan bəziləri, nədənsə Azərbaycanla İran arasında imzalanmış sözügedən sazişin beynəlxalq sənəd olduğunu və bu sənəddə ölkəmizin ərazi bütövlüyü ilə bağlı məsələnin açıq və birmənalı şəkildə vurğulandığını unudurlar.

Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və qəbul edən istənilən fikir, bəyanat, beynəlxalq təşkilatların qətnamələri və xüsusən iki dövlət arasında imzalanmış beynəlxalq sazişlər isə, heç şübhəsiz ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına ağır zərbədir və Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində fəaliyyətinə böyük töhfədir.

Bəzi “ekspert” və xroniki qərəz daşıyıcıları isə yaxşı olardı ki, hər bir azərbaycanlı üçün həm də böyük rəmzi və mənəvi anlamı olan Araz çayını “fırtına” qoparmağa alışdıqları bir fincan su ilə səhv salmasınlar.

Bəzilərinin istinad etməyi “unutduğu” hökumətlərarası saziş həm də o anlama gəlir ki, Azərbaycan öz torpaqlarını tezliklə işğaldan azad edəcəyinə və sazişin özünə aid hissəsini yerinə yetirəcəyinə əmindir. Bunun əksini iddia edənlər isə, ictimai rəyə təslimçilik ruhu aşılamaqla yanaşı, erməni təbliğat maşının uydurduğu yalanların həqiqət kimi təqdim olunmasına çalışırlar. Əsl xəyanət də məhz budur!

Elçin Mirzəbəyli