• 28 Noyabr 2020
logo
Əsas şərt şəxsi məsuliyyətdir!

Əsas şərt şəxsi məsuliyyətdir!

Xeyli müddətdir məni düşündürən, narahat edən məsələlərlə bağlı araşdırma aparmağa, yazmağa vaxt tapmıram. Bütün günüm və yəqin ki, əksər həmkarlarımın da vaxtı bu lənətə gəlmiş koronavirusa, daha dəqiq ifadə etsəm, COVİD-19 xəstəliyinin həyatlarına, sağlamlıqlarına nə qədər böyük təhlükə yarada biləcəyini hələ də dərk edə bilməyən əziz həmvətənlərimizin marifləndirilməsinə sərf olunur. Eyni mövzuda nə qədər yazmaq, nə qədər danışmaq olar?! Söz də tükənir, səbr də! Yazdıqların, dediklərin isə sanki daşa dəyibmiş kimi üstünə qayıdır.
Maska taxırsan, intellekti və mədəniyyəti “0”- dan aşağı olan gülməşəkərin birisi ağzını ayırıb şit-şit gülür, marketdə məsafə saxlayırsan və bunu nəfəsi boynunun ardını isidən tərbiyəsizin birindən də tələb edəndə, az qalır gözünü çıxartsın. Və başlayır “qlobal siyasət”, “böyük oyun” haqqında əfsanələri boynunun ardına xırdalamağa...
Maşallah, pandemiya başlayandan “geosiyasət uzmanları”nın sayı da artıb. Hərdən düşünürəm, bəlkə COVİD-19 virusunun hansısa zərrəcikləri bizim sərhədlərimizdən içəri daxil olanda “hərşeyşünaslıq” mutasiyasına uğrayib və bu fenomenal hadisədən dünyanın xəbəri yoxdur.
...Bir gün öncə işğal altında olan yurd yerlərimizdən birinin adını daşıyan ticarət mərkəzindən hazırlanmış süjeti izlədim. Süjetdən bu böyük ticarət mərkəzinin xüsusi karantin rejiminin indiki şərtləri daxilində hansı əsaslarla fəaliyyət göstərdiyi barədə məni düşündürən suala cavab tapa bilməsəm də, təfəkkürü virusdan dəfələrlə təhlükəli olan gənc satıcının jurnalistin “niyə maska taxmırsınız” sualına “Ona görə ki, koronavirus yoxdur” cavabı ictimai rəylə bağlı mənim üçün çox önəmli olan bir məqamı gün işığına çıxardı. Deməli, belə düşünənlərin sayı kifayət qədər çoxdur və bu yanaşma bəzilərinin düşüncəsində o qədər “dərin” kök salıb və bu adamlar öz “həqiqətlərindən” o qədər əmindirlər ki, bunu bütün ölkəyə açıq şəkildə bəyan etməkdən belə utanmırlar. Doğrusu, bu əminliyin arxasında hansı sosial-psixoloji amillərin dayandığını araşdırmaq niyyətində deyiləm. Buna vaxtım da yoxdur. Öz “həqiqətlərinə” inanan kəslərin taleyi də məni, artıq bir o qədər də narahat etmir. Amma məsuliyyətli insanların keçirdikləri narahatlığa, Azərbaycan polisinin, həkimlərimizin qatlaşdıqları əziyyətə, dövlətin öz vətəndaşının həyatını və sağlamlığını qorumaq üçün həyata keçirdiyi tədbirlərə və bütün bunların bir qrup məsuliyyətsiz, reallığı görmək istəməyən insanın ucbatından boşa çıxa biləcəyinə görə narahatlıq keçirirəm.

Başqa seçim yoxdur!

Prezident İlham Əliyev modul tipli ilk xəstəxana kompleksinin açılışında Azərbaycanın koronavirusa qarşı mübarizədə ən mütərəqqi, ən insansevər bir davranış sərgilədiyini xüsusi olaraq vurğuladı. Bu gün ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı əldə olunan nəticənin ən önəmli cəhətlərindən biri və bəlkə də birincisi prosesin sərt cəza mexanizmlərinin tətbiqi vasitəsi ilə deyil, marifləndirmə və innovativ mexanizmlərin tətbiqi vasitəsilə irəli aparılmasıdır. Demək, yazmaq asandı, amma vətəndaşların sıxılmaması, əlavə qayğı və məhrumiyyətlərlə qarşı-qarşıya qalmaması üçün dövlət bütün məsuliyyəti öz üzərinə götürüb, ən müxtəlif sahələrdə çalışan minlərlə insan gecə-gündüz çalışıb, fədakarlıq göstərib, ailələrinin üzünə həsrət qalıblar.
Dövlət başçısı da öz nitqində qeyd etdi, insanların məsuliyyətsiz davranışları ucbatından karantin rejimi əvvəlki vəziyyətə gətirilə və sərtləşdirilə bilər. İndiki şəraitdə dövlətin öz vətəndaşlarının sağlamlıqlarını qorumaq, təhlükəsizliklərini təmin etmək məcburiyyətində qala biləcəyi ehtimalı kifayət qədər çoxdur... Bilirsiniz bu nə deməkdir?
Hər şeyin yenidən və əvvəlkindən daha ağır məhrumiyyətlərin hesabına təkrarlanması...
Bu o deməkdir ki, minlərlə insan yenidən ailələrinin üzünə həsrət qalacaq.
Bu o deməkdir ki, dövlət yenidən insanların sosial problemlərinin həlli üçün, indiki halda hər qəpiyi qızıldan qiymətli olan resurslarını xərcləyəcək... Təhsildə, biznes həyatında, bütövlükdə həyatın bütün sahələrində tənəzzül yaşanacaq və getdikcə daha da dərinləşəcək.
Bu o deməkdir ki, doğmalarınızın şad günlərində onlarla birlikdə ola bilməyəcəksiniz.
Bu o deməkdir ki, ən böyük arzuları övladlarının toyunu görmək olan və bəlkə də ömürlərinin sonuna bir neçə ay qalan yaşlı, yaxud xəstə valideynlər bu gözəl günün sevincini yaşamadan dünyanı tərk edəcəklər...
Azərbaycanda koronavirusun yayıldığı ilk gündən Prezident, Birinci vitse-prezident dəfələrlə hər kəsi məsuliyyətli olmağa çağırıb, təhlükənin hər bir Azərbaycan vətəndaşı üçün real olduğunu dilə gətiriblər. Bir dövlət başçısından, yaxud dövlət rəsmisindən daha çox ata, ana, qardaş, bacı... kimi hər birimizə səmimi tövsiyyələrini çatdırıblar...
Kütləvi İnformasiya Vasitələri gecə-gündüz dünyanın müxtəlif ölkələrində koronavirus səbəbindən yaşanan insan faciələrini göz önünə sərgiləyib. Məgər bütün bunlar yetərli deyil?!
Görəsən daha nə etmək lazımdır ki, “koronavirus yoxdur” deyib günahsız insanların həyatına təhlükə yaradanlar əsl həqiqətin nədən ibarət olduğunu anlasınlar və məsuliyyətli olsunlar?!
Azərbaycan Prezidenti modul tipli xəstəxana kompleksinin açılışında bir daha bəyan etdi ki, koronavirusun yayılmaması üçün vətəndaşların şəxsi məsuliyyəti mühüm şərtdir. Bizdən bundan başqa heç nə tələb olunmur, sadəcə MƏSULİYYƏT! Vəssalam! Başqa seçim yoxdur!

Elçin Mirzəbəyli