• 25 Noyabr 2020
logo
“Torpaqlarımızın işğaldan azad olunması barədə fikirlər səsləndirməliyik”

“Torpaqlarımızın işğaldan azad olunması barədə fikirlər səsləndirməliyik”

Qüdrət Həsənquliyev: “Amma başlamışıq bir-birimizi ittiham etməyə”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisdə çıxış edərək bir sıra məsələlərə münasibət bildirib və bəzi həmkarlarını danışarkən diqqətli olmağa çağırıb. Torpaqların işğalı ilə əlaqədar olaraq keçmiş hərəkatçıların günahlandırılmasını doğru saymayan millət vəkili deyib ki, biz bununla o vaxt xalq hərəkatında olmuş insanları Cəmil Həsənlinin ətrafına toplamış oluruq: “Biz xalq hərəkatının üzvləri kimi daha çox hadisələrin şahidi olmuşuq. Burada Cəmil Həsənlidən danışıldı. Cəmil Həsənli Elçibəy ona vəzifə verən kimi AMİP-dən istefa verib AXC-yə gəldi”.
BAXCP sədrinin sözlərinə görə, AXCP seçkilərdən imtina edəndə Cəmil Həsənli mandatı daha üstün tutaraq AXCP-dən istefa verdi: “Bu gün Cəmil Həsənlinin dedikləri inciklikdən doğan haray-həşirdir. Ona görə də nə onun dediklərinə inanan var, nə də ciddi qəbul edən”.
Şuşanın işğalı ilə bağlı məsələlərə toxunan Qüdrət Həsənquliyev deyib ki, Azərbaycanda bütün hakimiyyətlərin dövründə torpaqlar işğal olunub. “Bütün xalqların içərisində xəyanətkarlar olub və olacaq. Qorxaqıqsa hamımız qorxağıq. Cəsarətliyiksə hamımız cəsarətliyik. Odur ki, bəzi məsələlərdə ehtiyatlı olmalıyıq. Biz artıq işğal haqqında yox, torpaqlarımızın işğaldan azad olunması barədə fikirlər səsləndirməliyik. Amma başlamışıq bir-birimizi ittiham etməyə. Elçibəyin bir fikri var idi: “Yer bərk olanda öküz öküzdən görər”. Onu da deyim ki, Şuşa işğal olanda AXC hakimiyyətdə deyildi. O zaman Milli Məcliisn sədri kimi prezidentin səlahiyyətlərini Yaqub Məmmədov icra edirdi. Şuşa işğal olunanda o İrana danışıqlara dəvət edildi və bu boşluqdan istifadə edən ermənilər şəhəri işğal etdilər. Bunu da kiçik bir məlumat kimi Cavid Osmanovun diqqətinə çatdırıram”.
Qeyd edək ki, deputat Cavid Osmanov çxışında “bu gün Şuşanın Ermənistan tərəfindən işğalının 28-ci ili tamam olur. Şuşanın işğal edilməsində AXC-Müsavat cütlüyünün rolu az deyil”-deyib və bu, bəzi deputatlarda etiraz doğurub.
Qüdrət Həsənquliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsinin müzakirəsi zamanı deputat Tahir Kərimlinin “insanları hər şeyə görə cəzalandırmaq olar, amma danışığa görə cəzalandırmaq olmaz. Bu qanunun işləməməsi qorxusu məndə var. Böyük vəzifəli şəxslərimiz var ki, dövlət dilində yaxşı danışa bilmir. Onu necə cəzalandıracaqlar?” fikrinə cavab verib.
Qüdrət Həsənquliyev bildirib ki, burada söhbət şivədən, dialektdən getmir: “Bəzən bizim televiziyalarda tərbiyəsiz adamlar efirə daxil olur. Adam ailəsi ilə efirə baxır. Bu zaman həmin şəxslər jarqonlardan, aşağılayıcı ifadələrdən istifadə edirlər. Bu qanun da onunla bağlıdır”.