• 2 Dekabr 2020
logo
Yeni mərhələnin siyasi arxitekturası və siyasi sistemdə novatorluq - MƏQALƏ

Yeni mərhələnin siyasi arxitekturası və siyasi sistemdə novatorluq - MƏQALƏ

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli “Prezident İlham Əliyevin islahatlar dövləti: Yeni mərhələnin siyasi arxitekturası və siyasi sistemdə novatorluq” adlı məqalə yazıb.
“Report” həmin məqaləni təqdim edir:
2018-ci ilin 18 aprel günü ölkədə keçirilən seçkilərdə yekdilliklə qalib gələn Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində söylədiyi fikirlər təkcə 15 ilin hesabatı, çoxsaylı daxili və xarici uğurların, meqa-layihələrin reallaşması, iqtisadi yüksəlişin başlanması, insan rifahının daha da yüksəlməsi barədə hesabat deyildi. Həmin fikirlər həm də bundan sonrakı dövr ərzində həyata keçiriləcək işlərin, görüləcək addımların, ən əsası yeni mərhələnin başlaması barədə mesajları özündə əks etdirməklə növbəti dövrün konfiqurasiyasına dair ilkin xəttin müəyyən edilməsi idi.
Ötən 15 ildə dünyada sülhün nizamı pozulmuş, olduqca gərgin illər yaşanmış, müharibələr, qanlı toqquşmalar fonunda Azərbaycan dünyanın və regionun təhlükəsizlik məkanına çevirilmiş, xalq təhlükəsizlik şəraitində yaşamış, daxili risklər aradan qaldırılmış, xarici risklərdən özümüzü qorumuşduq. Sözügedən illər ərzində Azərbaycanda demokratiya yolunda inkişaf daha da sürətlənmiş, əksər azadlıqlar təmin edilmiş, demokratik inkişaf baxımından çox uğurlu proseslər baş vermiş, siyasi islahatları dərinləşdirərək bütün azadlıqlar – söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı təmin edilmişdi.
Məhz andiçmə mərasimində söylədiyi nitqində növbəti dəfə xalqın dəstəyi ilə ölkənin sükanı arxasına keçən ölkə başçısı Azərbaycanda yeni simalı, yeni idarəetmə təfəkkürlü, yeni yanaşmaya istinad edən bir dövrün başlanmasına işarə verdi.
Onun nitqində yer alan İSLAHATLAR anonsu siyasi, iqtisadi, sosial, vətəndaş rifahının yüksəlməsi, yoxsulluğun aradan qaldırılması, qeyri-neft sektorunun önünün açılması üçün addımların atılması, iqtisadi şəffaflığın təmin olunması, xalq-iqtidar birliyinin daha da möhkəm təməllər üzərində qurulması və nəhayət, əsas məsələ - siyasi sahədə yeni yanaşmanın tətbiq edilməsi, ən əsası islahatların daha da dərinləşməsi kimi vacib ifadələrlə assosiasiya edilirdi.
Prezident İlham Əliyev 2019-cu ilin əvvəllərindən etibarən artıq yeni bir dövrün başlandığının işarəsini verən ilkin addımları reallaşdırması əvvəl gündən siyasi sistemdə xüsusi bir canlanma, siyasi münasibətlərin ruhunda təfəkkürcə yeni dinamika və siyasi dünyagörüşündə, siyasi etika, təsisatçılıq və siyasi iqtidarın mədəniyyəti olaraq meydana çıxdı.
Prezident ötən ilin Novruz bayramında xalqa ünvanladığı təbrikdə məhkəmə və hüquq islahatlarının başlanacağı ilə bağlı fikirlərin əvvəlinə siyasi dəyişmələrin, yenilənmələrin olacağı fikrini əlavə edərək, yaxın günlərdə başlanacağına,Azərbaycanın artıq yeni dövrə qədəm qoyduğunu, yeniləndiyini, gücləndiyini və müasirləşdiyini bildirərək, islahatların da onunla ayaqlaşacağına əmin etdi.
Bütün dövlət aparatının dəyişməsi, bürokratik əngəllərin aradan qaldırılmasına yönəlik addımların intensivləşməsi, sosial –iqtisadi və kadr sahəsində islahatların yeni mərhələyə keçməsi, daxili və xarici siyasətdə yeni qələbələr, düşmənlə bütün cəbhələrdə üstünlüyü əldə saxlayan addımlar, idarəetmədə tam fərqli bir baxış sərgilənməsi, eləcə də 2019-cu ildə çalınan islahatlar marşı özü ilə fərqli reallıqlar da doğurdu. Ölkənin ən böyük islahatçısı Prezident İlham Əliyevin şəxsi təşəbbüsləri, yeni baxışları, novator addımları ölkə həyatını müstəqillikdən sonra ilk dəfə fərqli, amma pozitiv təsirlərlə müşayiət edilən həddə dəyişdirdi.
Əlbəttə, islahatlar panoramasında siyasi sahənin xüsusi olaraq fərqlənməsi, daha dəqiq ifadə etsək, islahatların ən vacibi kimi öndə gəlməsi dövlət həyatının idarəedilməsində, cəmiyyətin fəaliyyətdən kənarda qalan bəzi qruplarının siyasi struktura modifikasiya edilməsi ən vacib rola malik idi. Bu kontekstdə islahatlar paketinin mühüm bir hissəsində siyasi partiyalarla bağlı ciddi addımların atılması da nəzərdə tutuldu ki, onun da tərkib hissəsi kimi, siyasi və kadr islahatlarınını davamı olaraq, Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı.
İlk dəfə idarəetmə aparatında siyasi partiyalarla münasibətlərin tənzimlənməsi üçün şöbənin təsis edilməsi onu göstərdi ki, dövlət siyasi sistemin təşəkkül tapmasına, siyasi elementlərin sağlam mübarizə aparmasına, cəmiyyətdə siyasi rəqiblik anlayışına yeni baxışın ortaya qoyulmasına şərait yaradır və əsas məqsəd kimi cəmiyyətdə siyasi mühitin saflaşdırılması, barış əhval-ruhiyyəsinin təsis edilməsi, düşmənçilik, kin-küdurətlə, qisasçılıq, “qambit” üsulu kimi qeyri-siyasi hallara son qoyulmasını təmin etməyə çalışır.
Artıq siyasi səhnədə siyasi rəqiblərinə siyasət dili ilə danışan yeni kadrların simasında yeni bir dövlət var və bu baxımdan ölkə rəhbəri tərəfindən müvafiq şöbəyə Ədalət Vəliyevin müdir təyin edilməsi sonrakı müddətdə siyasi düşərgədə başlanan proseslərin ruhunda da nə qədər uğurlu olmasını görmək mümkündür. Hələ ötən ilin sentyabrında baş tutan iqtidar – müxalifət partiyaları arasındakı dialoqda üst-üstə düşən ilk mənafe kimi "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masada qəbul edilən bəyanat bu sahədə gələcək üçün böyük perspektiv vəd etməyə başladı.
İlin əvvəlindən isə siyasi partiya rəhbərləriylə, müxalif düşərgənin simalarıyla Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin təşəbbüsü ilə görüşlərin keçirilməyə başlanması siyasi dialoq sahəsində yeni baxışın və formatın olduğunu nümayiş etdirdi. Ölkədə 50-dən artıq siyasi partiya qeydiyyatdan keçsə də, ictimai – siyasi fəaliyyətdə onların aktiv olaraq 10-a yaxını mövcuddur. Demək ki, onlarla siyasi qurum bütövlükdə bu və ya digər səbəbdən nəinki siyasi səhnədə yoxdur, ümumiyyətlə siyasi hərəkətliliyə də malik deyil. Ona görə dövlət siyasi aktivliyin artması prosesini də öz üzərinə götürməsi gələcək üçün sağlam sistemin inşasına yol açmağa başlayıb. Xüsusi təmənnası ucbatından dialoq təşəbbüsü baş tutmayan iki-üç siyasi qrupdan başqa, demək olar ki, bütün siyasi qüvvələr ümumi və şəxsi mənafeləri ilə bağlı fikir mübadiləsi aparıblar, təkliflərini veriblər, qarşılıqlı etimad üçün inam mühiti, əməkdaşlıq formatını yarada biliblər.
Nəhayət, fevral ayında Milli Məclisə keçirilən VI çağırış seçkilərdə siyasi sistemin təşəkkülü üçün mühüm addımlar atıldı və bu, ölkə rəhbərinin parlament ilk iclasında səsləndirdiyi fikirlərdə tamamlandı:
“Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır”.
Ölkə rəhbərinin Novruz bayramı münasibətilə xalqa ünvanladığı təbrikində də müxalifət partiyaları ilə bağlı xoş sözlər yer alır: “Yeni parlamentin qarşısında duran vəzifələr haqqında mən parlamentin ilk iclasında öz sözlərimi demişəm. Əlavə etmək istərdim ki, parlamentin tərkibi yenidən formalaşdı və ilk dəfə olaraq parlamentin rəhbərliyində müxalifət nümayəndələri də yer aldı. Eyni zamanda, parlament komitələrinin rəhbərliyində də müxalifət nümayəndələri təmsil olunur. Bu, ölkəmizin tarixində ilk dəfə baş verən hadisədir və bir daha onu göstərir ki, bizim niyyətimiz çoxpartiyalı sistemin təkmilləşdirilməsidir. Sirr deyil ki, parlamentdə səslərin çoxluğu Yeni Azərbaycan Partiyasına məxsusdur. Əlbəttə, Yeni Azərbaycan Partiyasının razılığı olmadan bu islahatlar aparıla bilməzdi. Bu, onu göstərir ki, bu istiqamətdə atılan addımlar ölkəmizin gələcək uğurlu inkişafına müsbət təsir edəcək və ölkəmizdə siyasi sistemin yeni konfiqurasiyası formalaşır”.
Yeni formalaşan parlamentdə Milli Məclis Sədrinin müavinlərindən birinin müxalifət partiyasının, digərinin isə bitərəflərin nümayəndəsinin olması da bunun bariz nümunəsidir ki, əlavə olaraq, komitə sədrlərinin müavinləri arasında da müxalifətçilərin yer alması bunun təsdiqidir.
Əlbəttə, ölkə rəhbərinin səsləndirdiyi fikirlər siyasi sistemin yenidən qurulması, təsis edilməsini zəruri etməklə həm də siyasi struktura üzv olan qüvvələrin Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın həyat səviyyəsinin, dövlətimizin iqtisadi və hərbi potensialının, beynəlxalq aləmdə nüfuzunun və təsir imkanlarının daha da gücləndirilməsi kimi məsələlərdə birgəliyini reallaşdırır.
2020-ci ilin ilk iki ayı istisna olmaqla dövlət və cəmiyyətin bütün fəaliyyət dairəsi koronavirusla müharibə lokomotivi üzərində qurularaq, ona qarşı müarizə “mod”una keçirilib, ölkənin bütün iqtisadi, siyasi, inzibati və insan resursları COVİD-19 ilə mübarizəyə sərf olunub, amma əsas ritm–islahatlar tendensiyası bir an belə olsa, fasilə verməyib, yeni dövrün bütün tələbləri, yanaşmaları, reallıqları nəzərə alınaraq, həyata keçirilib. Eyni siyasi ruhun davamı kimi aprel ayı ərzində daha iki siyasi partiya qeydiyyata alınıb, Ədliyyə Nazirliyinin rəhbərliyi ilə qeydiyyat üçün müraciət edən partiya rəhbərliyi arasında görüşlər keçirilib, müraciətlərinə əsasən təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi öyrənilib, nəhayət, qeydiyyata alınmaqları ilə bağlı dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib.
Hətta yeni qeydiyyata alınmış partiyalardan birinin sədri PA-ya “siyasi strategiya” adlandırdığı təkliflər siyahısını təqdim edib.
Şübhəsiz ki, siyasi sisemin təkmilləşdirilməsi üçün birbaşa təşəbbüs ölkə rəhbərindən gəldiyi üçün vaxtaşırı çıxışlarında Özü də mütləq bu məsələlərlə bağlı qeydlərini mütəmadi olaraq çatdırır.
Prezidenti İlham Əliyev respublikanın yeni təyin edilmiş Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bildirib ki, siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır: “Deyə bilərəm ki, müstəqillik dövründə miqyasa və nəticəyə görə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilmirdi. Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq buna öz müsbət münasibətini bildirmişlər. Beləliklə hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir”.
Yeri gəlmişkən, onu da bildirək ki, Prezidentin Kamran Əliyevi Milli Məclisin razılığı ilə Baş prokuror vəzifəsinə təyin edilməsi ilə bağlı təqdimatını Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev həyata keçirib və bu fakt özlüyündə siyasi düşüncənin praktiki tətbiqdə artıq geniş sərhədlərə vardığının, siyasi islahatların üfüqünün görünməz olduğunu ortaya çıxardı.
Siyasi əməkdaşlıq elementinin aparıcı olduğu cəmiyyətin tavanı üzərində demokratiya, azadlıq və insan haqlarının qorunması kimi amillər dayanır. Amma təəssüf ki, bu anlayışlar özünün nəzəri və praktini əksini tapdığı Qərbdə digər ölkələrə müdaxilə üçün vəsilə rolunu oynamaqdadır. Üstəgəl, sözügdən müdaxilələr fonunda dünyada onsuz da qarşıdurmalar güclənir, konfrantasiyaların məkanı tez-tez dəyişir, dənizlər isinir, qızmar ərəb səhrasından Avropanın Şərqinə qədər, dünya sivilizasiyasının beşiyi Aralıq dənizinin sahilin boyunca, Şərqi Çin dənizi də daxil olmaqla böyük bir zolaqda müharibələr daha da alovlanır. Sanki müharibə allahı Ares dirilərək Yer üzərindəki fəaliyyəti ilə özü-öz düşməninə qənim kəsilmiş “homo sapiens”ə qarşı dalbadal həmlələr edir və bir üst səviyyəyə keçid edərək, COVİD-19 kimi viruslar çoxluğunu yollayır.
Bütün bu proseslər nəticəsində təkcə sərhədlər dəyişmir, insanlar ölmür, epidemiyaların da müharibələrlə paralel gəlişi təfəkkürü dəyişdirir. Yeni insan, yeni düşüncə tərzi və yeni tətbiqlər gətirir, yaxud da bunun reallığını məcburiyyətə çevirir.
Qlobal dünyanın bir parçası olan Azərbaycanın da ətrafında mürəkkəb siyasi vəziyyət, siyasi-hərbi toqquşma şəraiti, qonşu ölkələrimizin dünyadakı mövqelərinin müharibə ilə təhdid edilməsi, geopolitik müstəvidə yeni reallıqların yaranaması, güc mərkəzlərinin tərəddüdü və ümumiyyətlə yeni dünya nizamı Ölkəmizdə milli maraqların, siyasi mənafelərin müdafiəsinin “Dəmir Əl” prinsipi ilə həyata keçirilməsini şərtləndirir.
Bu baxımdan ölkə rəhbəri İlham Əliyevin şəxsi iradəsinin, təşəbbüsünü məhsulu olan islahatlar və onun davamlılığı barədə özü tərəfindən verilən mesajlar daimi dəyişən, reallıqlarla uyğunlaşan, cəmiyyətdə barış, sülh, əməkdaşlıq ruhu ilə səsləşən siyasi sistemin dinamikasını müsbət meyillərə daşıyan addımlarla ahəngdardır. Belə ki, siyasi islahatların dairəsi təkcə siyasi rəqiblərin toplaşdığı düşərgə ilə birlikdə fəaliyyət niyyəti daşımır, elitanın siyasi problemlərini də həll etmək məqsədi daşıyır: “Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir... Biz müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya bilmişik. Bu gün müstəqilliyi möhkəmləndiririk. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir. Müstəqilliyin ali dəyər olması ideyası yüksək siyasi mədəniyyət düşüncəsi olmaqla bu gün elitanın transformasiyasında mühüm prinsipə çevrilmişdir. Bu ideya həm də özündə müasir idarəetmə fəlsəfəsini birləşdirməklə yeni zamana yol açır. Böyük dövlətlərin öz idarəetmə fəlsəfələri mövcuddur. Onlar öz idarəçilik fəlsəfələrini əsrlərlə formalaşdırmış və tətbiq etmişlər. Müasir gənc dövlətlərin fəlsəfəsinin formalaşmasının isə obyektiv çətinlikləri daha çox ola bilir. Bu çətinliklər, ilk növbədə, dövlətin müasir dünyanın qlobal meyillərində sürətli, bəzən birtərəfli inteqrasiya xətti və suverenliyə təhdidləridir”. – deyə, ölkə rəhbəri bildirir.
Bəli, hazırda ölkə üçün yeni bir dövr başlayıb, Prezidentin qətiyyətli addımları sayəsində ictimai rəy dövləti qurulub, çevik və adekvat fəaliyyət göstərən dövlət aparatı yaradılıb, proaktiv iş sistemi bəhrəsini verməkdədir. Dəyişikliklər rüzgarı siyasi sistemin bütün komponentlərinə sirayət edib, dövlətin siyasi struktur üzrə yönverici orqanları düzgün qərarlar qəbul edir, siyasi qüvvələrin addımlarını düzgün dəyərləndirir, siyasi həyatda canlanma müşahidə edilir, siyasi rəqiblərin səsi eşidilir, nəzərə alınır, hətta gələcəkdə dövlət idarəçiliyində, icra hakimiyyəti orqanlarında da konstruktiv müxalifət partiyasının və bitərəflərin təmsilçilərinin olması kimi təxminlər irəli sürülür, ilk müsbət amil kimi qanunverici orqanda müxalifət təmsilçilərinin mövqeləri xüsusi olaraq nəzərə alınmağa başlayır ki, bu da sözün tam mənasında yeni dövrün siyasi mərhələsinin başlanması deməkdir.
Şübhəsiz ki, bu mərhələnin də ideoloqu Cənab İlham Əliyev olmaqla yeni siyasi dünyagörüşünün inşasını həyata keçirir, bu dövr üçün siyasi ideyaları gündəmə daşıyır, siyasi dialoq, əks fikrin qəbul edilməsi, dinlənilməsi, görüşlərin keçirilməsi ilə müşayiət edilən yanaşmanın doğuracağı nəticəni indidən də söyləmək olar. Siyasi etika, siyasi mədəniyyət dəyişir, artıq uzaq hesab etdiyimiz, bir mərhələ olaraq dövrünü başa vurmuş 90-cı illərin meydan siyasətinin leksikonundan imtina etmiş, rasional təfəkkürlü, praqmatik düşüncəli yeni simalı müxalifət də iqtidarın açdığı siyasi meydanda öz rolunu oynamağa hazırlaşır.
Bundan sonrakı dönəmdə biz milli ideallara sadiq, siyasi etikanın və mədəniyyəti əxz etmiş, iqtidara qarşı mübarizəni öz nizamnaməsini kənara qoyaraq, müxtəlif xarici dairələrin, anti-Azərbaycan qüvvələrinin əli ilə daxili sabitliyi pozmağa, risk amillərini yüksəltməyə, “beşinci kolon”luq etməyə çalışan müxalifət adını istismar edən qruplaşmaları görə bilməyəcəyik.
Güclü siyasi sistemin yaranması effektiv müxalifət, o isə öz növbəsində güclü iqtidar, alternativlər, konsepsiyalar, yol xəritələri deməkdir ki, bunlar da nəticədə ölkə rəhbərinin başlatdığı siyasi sistem anlayışını cəmiyyətin də qanunauyğunluğu nəzərə alınaraq cəmiyyətin siyasi həyatında rol alan siyasi qurumları və digər ictimai qurumları, bunların fəaliyyətini və qarşılıqlı münasibətlərini daha effektiv təşkil etmək məqsədi ifadə edir. Əlbəttə ki, hər cəmiyyətin siyasi sistemi onun inkişafının qanunauyğun nəticəsi kimi formalaşır. Siyasi sistem cəmiyyətin sosial-siyasi təbiətini, mövcud siyasi münasibətləri, təsisatları, normaları və hakimiyyətin təşkili prinsiplərini ifadə edir.
Siyasi sistemdə təkcə müxalifət detalını görməyəcəyik, siyasi müstəvidə vətəndaş cəmiyyətinin digər ünsürləri, ictimai birliklər də əhatə ediləcək. Artıq siyasi hakimiyyətin təşkilində atılan addımlarda cəmiyyətlə dövlət arasındakı münasibətlər ehtiva edilir və ictimai sistemin digər hissələri ilə–sosial, iqtisadi, ideoloji, etik, hüquqi, mədəni sistemlərlə qarşılıqlı əlaqələr yaşanır.
Nəhayət, Prezident İlham Əliyevin yeni dövlət qurmaq üçün həyata keçirdiyi dəyişikliklərin başında gələn siyasi sistem islahatlarında bir sıra amillər müəyyən olunmaqdadır. Bu amillər içərisində cəmiyyətin sosial strukturunu, idarəçilik formasını, dövlətin tipini, siyasi rejimin xarakterini, sosial-siyasi münasibətləri, dövlətin siyasi-hüquqi statusunu, cəmiyyətdə siyasi-ideoloji və mədəni münasibətlərin xarakterini, siyasi həyatın formalaşmasının tarixi və milli ənənələrini göstərmək olar.