• 4 Dekabr 2020
logo
"Əhalinin dəstəyi hökumətin bu sahədə başlanmış olan prosesi davam etdirməsi üçün ən böyük stimuldu"

"Əhalinin dəstəyi hökumətin bu sahədə başlanmış olan prosesi davam etdirməsi üçün ən böyük stimuldu"

Aqil Camal: “ Yerli icra hakimiyyəti rəhbərləri son həbslərdən nəticə çıxarsalar biz bunun nəticələrini yerlərdə, insanların həyatında hiss edəcəyik”

“İndi bir çox insanları bir sual düşündürür: Nə üçün bu günlərdə həbs edilən icra baççıları bir neçə ay əvvəl tutulan icra başçılarının aqibətindən ibrət götürməyiblər? Ən azından, ehtiyatlı olmayıblar? Qanunsuz əməllərini ehtiyatlı şəkildə həyata keçirməyiblər? Baş verənlər onu göstərir ki, cinayət başında yaxalanan icra başçıları özlərini o qədər cəzasızlıq mühitində hiss ediblər ki, onlardan əvvəlkilərin aqibətini yaşaya biləcəklərini ağıllarına belə gətirməyiblər”. Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında “Türküstan Media Qrupu”nun baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal səsləndirib: “Ona görə də, bəlkə də təyin olunduqları ilk gündən başladıqların əməllərinə son günədək davam ediblər.
Bu məqam həmin icra başçılarının, eynilə də bir çox başçıların nə qədər məlumatsız, ölkədə gedən proseslərdən xəbərsiz olduqlarını isbatlayır. Təsəvvür edin, artıq neçə müddərdir ki, ölkə Prezidenti çıxışlarında, tele-müraciətlərində açıq mətnlə xəbərdarlıq edir ki, heç kimə güzəşt olunmayacaq. Əgər kimsə bu şərtlərlə işləyə bilmirsə, istefa versin getsin. Görünür, bu adamların başı rüşvət və korrupsiyaya o qədər qarışıb ki, bu qədər açıq mesajlar və “gözü çıxmış qardaşların” örnəkləri onlara “dur” deyə bilməyib.
Artıq ölkənin hər yerindən əksər icra başçıları ilə bağlı tədbirlərin görülməsinə çağırışlar var. Bu çağırışlar iki məsələni ortaya qoyur. Birincisi, bütün ölkə boyu vətəndaş yerlərdə məmur özbaşınalığından əziyyət çəkir. İkincisi, qanunsuzluq edən yerli hakimiyyət orqanları təmsilçilərinə qarşı əməliyyatlar əhali tərəfindən dəstəklənir.
Hesab edirəm ki, bu dəstək, hökumətin bu sahədə başlanmış olan prosesi davam etdirməsi üçün ən böyük stimuldur. Hazırda aparılan əməliyyat tədbirləri digər tərəfdən də bir xəbərdarlıq, belə deyək ki, maarifləndirici əhəmiyyət daşıyır. Əgər, yerli icra hakimiyyəti rəhbərləri heç olmazsa, son həbslərdən nəticə çıxarsalar, biz bunun nəticələrini yerlərdə, insanların həyatında hiss edəcəyik”.