• 24 Noyabr 2020
logo
“Korrupsioner və rüşvətxor məmurların varlığı təhlükəlidir”

“Korrupsioner və rüşvətxor məmurların varlığı təhlükəlidir”

Sahib Alıyev: “Bu proses bəlli bir vaxt çərçivəsindən o yana gedə bilməz”

“Mən bu fikirdəyəm və ötən həftə Milli Məclisdəki çıxışımda da səsləndirdim ki, ötən əsrin 90-cı illərinin əvvəllərində qanunsuz silahlı dəstələrin varlığı Azərbaycanda dövlət quruculuğu üçün necə təhlükəli idisə, korrupsioner və rüşvətxor məmurların varlığı da indi yeni, daha təkmil, daha yetkin, daha şəffaf və halal cəmiyyət quruculuğuna maneçilik törətmək baxımından bir o qədər təhlükəlidir”. Bunu “Xalq cəbhəsi”nə açıqlamasında millət vəkili Sahib Alıyev deyib. Millət vəkili “bilirsiniz, dövlətin müstəqilliyinin dayanıqlılığı təkcə onun iqtisadiyyatına bağlı məsələ deyil. Burada mənəviyyat, cəmiyyətin yetkinlik səviyyəsi, şəffaflıq, halallıq kimi məsələlər çox mühüm rol oynayır”, - deyə diqqətə çatdırıb: “Siz hansı ölkənin tarixinə baxsanız görəcəksiniz ki, keçid dövründə orada rüşvətxorluq və korrupsiya halları yüksək həddə idi, çünki ilkin kapitalın yığılması prosesi getdiyindən belə hallar qaçılmaz olur. Yenə də qabaqcıl dövlətlərin təcrübəsinə baxsanız görəcəksiniz ki, bu proses bəlli bir vaxt çərçivəsindən o yana gedə bilməz, ölkə yerində saymaq istəmirsə, qarşısına böyümək, güclənmək, çiçəklənmək məqsədi qoyubsa, mütləq korrupsiya və rüşvətxorluğun qarşısı qətiyyətlə alınmalıdır. Bu baxımdan, Azərbaycanda rüşvətxorluğa vurulan ən böyük zərbə ASAN Xidmətin yaradılması oldu. Bu, institutsional zərbə idi. Amma bu yolla daha çox, belə demək mümkünsə, xırda rüşvətlər yığışdırıldı. Böyük rüşvət və oğurluqların, korrupsiyanın qarşısını almaq üçünsə, çox təəssüf ki, təqib və cəza mexanizmini işə salmaq lazım gəlir. Hazırda biz bu yöndə də intensiv addımların atıldığına şahidlik edirik.
Mən bir daha vurğulayıram ki, bu, kampaniya deyil, dövlətin müstəqilliyini qorumağı və möhkəmləndirməyi özünün bir nömrəli vəzifəsi sayan cənab Prezidentin başlatdığı və qətiyyətlə də davam etdirdiyi qarşısıalınmaz prosesdir. O, müstəqil siyasət yeritməmiz üçün mühüm faktorlardan biri olan iqtisadiyyatımızın güclənməsinə necə çalışırsa, əmin ola bilərsiniz ki, eyni qətiyyətlə də korrupsiya və rüşvətxorluğun köklü şəkildə aradan qaldırılmasını reallaşdıracaq”. Sahib Alıyev onu da vurğulayıb ki, hazırda bunun üçün beynəlxalq standartlara cavab verən qanunvericilik bazamız da var, ixtisaslaşmış, Dövlət Təhlükəsizlik Xidmətinin timsalında gördüyümüz kimi işinin öhdəsndən peşəkarlıqla gələn qurumlarımız da: “Fikrimcə, biz yaxın gələcəkdə “Gəlir deklarasiyası haqda qanun”un tələbindən irəli gələn addımların atılacağını da görəcəyik. Görülən tədbrlərə, bu qədər həbslərə rəğmən, bir çox məmurların niyə rüşvətxorluqlarını davam etdirmələri ilə bağlı sualınıza gəldikdə isə, bilirsiniz oğrular arasında tez-tez rast gəlinən kleptomaniya deyilən bir xəstəlik var. Əslində kleptomaniya heç xəstəlik də deyil, adətdir. Xoruldamaq və quruldamaqla bağlı bir lətifədə deyildiyi kimi adəti tərgitdirmək isə xəstəliyi sağaltmaqdan daha çətindir. Oğru bəzən buna ehtiyacı olmadığı və tutulmaq təhlükəsi ilə üzləşəcəyini bildiyi halda belə nəyi isə çırpışdırmaqdan özünü saxlaya bilmir. Çox təəssüf ki, bəzi məmurlar eynilə o cür davranırlar. Amma mən bu fikirdəyəm ki, görülən kompleks tədbirlər, qanunvericilikdəki təkmilləşmələr, aparılan islahatlar, yeni kadr təyinatları və nəhayət təqib və cəza mexanizminin heç nəyə baxılmadan, ancaq qanuna dayanaraq tətbiqi öz müsbət nəticəsini verəcək. Və burada cəmiyyətin üzərinə də az məsuliyyət düşmür. Bilirsiniz, necə ki koronavirusla mübarizə təkcə dövlətin atdığı addımlardan deyil, həm də cəmiyyətin nə dərəcədə məsuliyyətli davranış sərgiləməsinə bağlıdırsa, rüşvətxorluqla mübarizədə də cəmiyyətin davranışı az rol oynamır. Bizdə ictimai nəzarət və itctimai qinaq mexanizmi nə qədər təkmil, güclü olacaqsa, rüşvətxorluq hallarının azlamasına da bir o qədər çox təsir edəcək.
Və sonda istərdirm ki, məmurlarımız cənab Prezidentin 3 xəbərdarlığını unutmasınlar. Birincisi, onun hər bir məmura keçmiş xidmətlərinə görə deyil, bu gün necə fəlaiyyət göstərdiyinə dayanaraq qiymət veriləcəyi haqda xəbərdarlığıdır. İkincisi, məmurlara, əgər vəzifəyə xalqa xidmət yox, başqa məqsədlərlə gəliblərsə, bədbəxt olacaqları haqda dediyi sözlərdir. Üçüncüsü də bu yöndəki xəbərdarlıqlara məhəl qoymadan əliəyriliyi, dövlətin və kasıbın cibinə girməyi davam etdirənlərə xain kimi yanaşdığını, hərəkətlərinin isə xəyanət olduğunu vurğulamasıdır.

Əli