• 30 Noyabr 2020
logo
"İcra başçılarının həbsindən nazirlər də nəticə çıxarmalıdırlar"

"İcra başçılarının həbsindən nazirlər də nəticə çıxarmalıdırlar"

Niyaməddin Orduxanlı: “İcra başçılarının rəsmi facebook səhifələri niyə yoxdur?!"

Son günlər icra başçılarının həbs olunması ölkə gündəminin əsas müzakirəsinə çevrilib. Korrupsiyaya qarşı mübarizənin önündə ölkənin Prezidenti cənab İlham Əliyev dayanıb. Baş verən hadisələrdən tək icra başçıları deyil, nazirlər və digər məmurlar da nəticə çıxartmalıdır.
Bu açıqlamanı "Xalq Cəbhəsi.az" saytına BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, yüksək çinli məmurların rüşvətxorluğa görə cinayət məsuliyyətinə cəlb olunmasını cəmiyyət tərəfindən birmənalı təqdir edilir: “Bu işi birbaşa yüksək peşəkarlıqla Dövlət Təhlükəsizlik Xidmətinin rəisi hörmətli Əli Nağıyev həyata keçirir. Və işdə əməyi olan hər bir məsul şəxsə təşəkkürümüzü bildiririk. Belə həbslərlə yanaşı, cinayətkarlığı doğuran səbəb və şərait ciddi təhlil olunmalı, qanunvericilik təkmilləşdirilməli, institutsional islahatlar həyata keçirilməlidir. İlk növbədə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri olan şəxslər Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının üzvləri olmamalıdır. Komissiyanın üzvləri nazirlərdir. İndi bu nazirlər özləri özləri qarşı necə mübarizə aparacaqlar?! Hansı nazir istəyəcək ki, onun rəhbərlik etdiyi sahələrdə rüşvətxorluğun olması faktını ictimaiyyət bilsin?! Bütün inkişaf etmiş ölkələrdə bu cür komissiyalarda birbaşa müstəqil şəxslər - ziyalılar, ictimaiyyət və media nümayəndələri təmsil olunurlar”.
Niyaməddin Orduxanlının sözlərinə görə, bu gün Azərbaycanda fəaliyyət göstərən 80 icra başçısının böyük əksəriyyəti sosial şəbəkələrdən istifadə etmir: “Hər kəsə bəllidir ki, bu gün sosisal şəbəkə dünyanın fenomeninə çevrilib. Facebook insanların həyatının əhəmiyyətli bir hissəsini təşkil edir. Azərbaycanda əhalinin 90% internet istifadəçisidir. Təkcə facebookdan 4 milyondan artıq şəxs istifadə edir. İnstagram, tvitter və digər resursları da nəzərə alsaq, milyonların sosial şəbəkə istifadəçisi olduğunu görərik. Mən sosial şəbəkədən çox geniş istifadə edən siyasətçilərdən biriyəm. Biz Prezident cənab İlham Əliyevin, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın rəsmi facebook səhiflərində hər gün xalqa müraciətlərini, fəaliyyətlərini görürük. On minlərlə şəxs onların facebook səhifələrində rəylər yazır, fikirlərini bildirir, mövcud problemlərdən söz açırlar. Yaxud Milli Məclisin Sədri hörmətli Sahibə xanım Qafarovanın facebook profili fəaliyyət göstərir və uzun illərdi mənimlə facebook dostluğumuz da mövcuddur. Spikerin Milli Məclisin fəaliyyəti haqqında paylaşmalarının şahidi oluruq. İqtisadi inkişaf naziri hörmətli Mikayıl Cabbarovun rəsmi facebook səhifəsi var. Prezident Adminstasiyasın rəhbəri hörmətli Samir Nuriyevin də həmçinin. Bəs, niyə Azərbaycandakı 80 icra başçısının rəsmi facebook səhifələri yoxdur?! Onlar hansı səbəbdən milyonlarla insanın olduğu şəbəkədən istifadə etmirlər?! Kim onlara qadağa qoyub? Yoxsa, bu özlərinin seçimidir? İcra başçıları kimdən gizlənirlər? Hansı səbəbdən bu günə qədər bu icra başçıları öz rayonlarında yaşayan sakinlərin sosial şəbəkələrdəki fəaliyyətindən xəbər tutmurlar? Təbii ki, burada barmaqla sayıla biləcək istisnaları da qeyd etmək lazımdır. Abşeron, Binəqədi, Şəmkir, Gədəbəy rayonların icra başılarından başqa heç bir icra başçısı sosial şəbəkədən istifadə etmir. Biz onları görmürük. Qeyd etdiyim kimi, ölkənin birinci şəxsindən tutmuş, şeyximiz Hacı Allahşükür Paşazadəyə qədər hər kəsin facebookda rəsmi səhifəsi var. Mənə elə gəlir ki, bu məsələ Prezient Adminstasiyanın da diqqətini cəlb edir. Bununla bağlı müəyyən işlər də görəcəklər və icra başçılarının da sosal şəbəkədən istifadəsini təmin edəcəklər. Bu adamlar xalqla yaxından təmasda olmalıdırlar. Gizlənməməlidirlər, çəkinməməlidirlər. Rayonlarda, ölkəmizdə, dünyada baş vermiş hadisələri gizli şəkildə deyil, açıq şəkildə öz rəsmi səhifələri ilə izləməlidirlər. İmkan verməlidirlər ki, ən azından internet üzərindən vətəndaş ona müraciətini edə bilsin. İnsanlarla canlı şəkildə ünsiyyət qurmaqdan qorxmamalıdırlar. Ancaq biz nəyin şahidi oluruq? Prezident İlham Əliyev hansı icra başçısını işindən azad edəndən bir necə gün sonra həmin o icra başçıları facebookda öz adları ilə, şəkiləri ilə profil açırlar və hər kəsə dostluq göndərirlər. Sonra da başlayırlar özlərini "qəhrəman" kimi aparmağa. Bütün bunlar kənardan çox gülünc görünür. Bu adamlar işlərini itirdikdən sonra olurlar "xalqın qayğısına qalanlar”.