• 8 Dekabr 2024
logo
Xarici ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumları ilə əməkdaşlıq uğurla davam etdirilir

Xarici ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumları ilə əməkdaşlıq uğurla davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycan Prokurorluğu bir sıra ölkələrin prokurorluq, ixtisaslaşdırılmış anti-korrupsiya və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələrin qurulması sahəsində səmərəli fəaliyyətini davam etdirir.
Baş Prokurorluqdan verilən məlumata görə, bu çərçivədə Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidməti ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurulmuşdur. Belə ki, 2018-ci ilin noyabr ayında Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə ölkəmizdə səfərdə olmuş, səfər müddətində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidməti arasında “Korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır.
Əməkdaşlıq əlaqələrinin inkişafının davamı olaraq əldə olunmuş razılığa əsasən Azərbaycan Respublikası Baş prokurorunun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Monqolustanlı həmkarının dəvətilə cari il iyulun 9-dan 11-dək Monqolustanın paytaxtı Ulan-Bator şəhərinə səfər etmişdir.
Səfər çərçivəsində iyulun 9-da Monqolustanın Böyük Dövlət Xuralının sədri Gombojavın Zandanşatar nümayəndə heyətini qəbul etmişdir.
Nümayəndə heyətimizi salamlayan G.Zandanşatar son dövrlər Monqolustan və Azərbaycan Respublikası arasında mövcud tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən məmnunluğunu ifadə etmişdir. Mövcud müsbət tendensiya fonunda ixtisaslaşmış anti-korrupsiya və digər cinayət təqibi orqanlarının birgə əməkdaşlığının strateji konturları və inkişaf perspektivlərinə toxunan Böyük Dövlət Xuralının sədri çıxışında həmçinin, qarşılıqlı əlaqələrin cinayətkarlığın bütün növ təzahürlərinə qarşı mübarizədə hər iki tərəfin fəaliyyətinə mühüm töhfələr verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Nümayəndə heyətinin rəhbəri Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Monqolustan Prezidenti cənab Xaltmaaqiyn Battulqa arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətlərinin xalqlarımız arasında dərin tarixi köklərə söykənən siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün platforma təşkil etdiyini vurğulayaraq ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı qətiyyətli mübarizə tədbirləri barədə ətraflı məlumat vermişdir. K.Əliyev çıxışında həmçinin, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn tövsiyə və tapşırıqların icrasının ölkəmizdə qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi prosesinə mühüm dəstək verdiyini xüsusi qeyd etmişdir.
Daha sonra Azərbaycan nümayəndə heyəti ilə Monqolustanın Baş prokuroru Jarqalsaikxan Banzraqçiyin arasında ikitərəfli görüş keçirilmişdir. Görüşdə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədilə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman barədə ətraflı məlumat verən K.Əliyev bu sənədin ölkə ictimaiyyəti tərəfindən korrupsiya ilə mübarizə sahəsində aparılan mühüm institusional islahatlar fonunda atılmış növbəti mütərəqqi addım kimi qiymətləndirildiyini bildirmişdir. Bununla yanaşı K.Əliyev geniş hüquqi tənzimləmə dairəsi baxımından bir çox sahələri əhatə edən sözügedən sənədin prokurorluğun fəaliyyəti üçün də mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, həmçinin qarşıda duran digər vəzifələr barədə də məlumat vermişdir.
Nümayəndə heyətinin rəhbəri K.Əliyev, eləcə də Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) vitse-prezidenti qismində BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti özündə birləşdirən BPA-nın əsas istiqamətləri və fəaliyyəti ilə əlaqədar məsələlərə də toxunmuş, bununla əlaqədar Monqolustan Baş Prokurorluğu ilə BPA arasında qurulmuş əməkdaşlıq münasibətlərininin ayrı-ayrı sahələri, habelə Assosiyasiyanın səmərəli fəaliyyətindən daha çox faydalanmaq üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparmışdır. Daha sonra K.Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Monqolustanın Ədliyyə və Daxili İşlər naziri ilə görüşmüşdür. Görüşdə K.Əliyev Azərbaycan Respublikasında analoji qurumların struktur və funksiyaları, habelə bu sahələrin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar barədə məlumat vermişdir. Qarşı tərəf ölkəmizin bu sahədə təcrübəsinə böyük maraq doğurmuş, qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi imkanları nəzərdən keçirilmişdir.
Tədbirin gündəliyinə uyğun olaraq iyulun 9-da ölkəmizin nümayəndə heyəti Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin rəisi Daşdavaa Zandraa ilə görüşmüşdür. Xidmətin inzibati binasında keçirilən görüşdə tərəflər arasında müasir dövrümüzdə transmilli xarakter daşıyan korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq və regional səylərin daha da artırılması yönündə geniş fikir və təcrübə mübadiləsi aparılmış, bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün hər iki ölkənin daxili mübarizə resurslarını gücləndirmələri ilə yanaşı, beynəlxalq müstəvidə də vahid və qətiyyətli mövqedən çıxış etmələrinin vacibliyi vurğulanmışdır. Tədbirdə eləcə də, iki qurumun fəaliyyətinə dair təqdimatlar nümayiş edilmişdir. Nümayəndə heyətinin rəhbəri həmçinin, Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin mətbuat xidmətinə qurumu maraqlandıran suallar ətrafında müsahibə vermişdir.
Nümayəndə heyətimiz səfər çərçivəsində Monqolustanın milli bayramı olan NAADAM bayramında iştirak edərək bu ölkənin milli mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olmuşdur.