• 28 Sentyabr 2020
logo
Yenidən təhlükə ilə üzləşməmək üçün məsuliyyətli olmalıyıq

Yenidən təhlükə ilə üzləşməmək üçün məsuliyyətli olmalıyıq

Yenidən təhlükə ilə üzləşməmək üçün məsuliyyətli olmalıyıq

Nazirlər Kabinetinin qərarına əsasən aprelin 27-dən etibarən xüsusi karantin rejiminin məhdudiyyətlərinin bir qismi yumşaldılıb. Nəticədə bir çox sahələrdə çalışan insanlar öz fəaliyyətlərini bərpa ediblər. Belə olan halda virusun yayılma ehtimalı da artır. Artıq həyat əvvəlki axarına qayıdır. Amma bu bizi tam arxayınlaşdırmamalıdır. Koronavirusun hər an başımızın üstünü ala biləcəyini göz önünə gətirməliyik. Karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər.
Virusun yayılma ehtimalının qarşısını almaq üçün diqqət edilməli məqamlar haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev açıqlama verib.
O bildirib ki, məhdudiyyətlərin bir qisminin yumşaldılması bəzi vətəndaşlara öz fəaliyyətini bərpa etməyə imkan verib. Lakin bu, o demək deyil ki, insanlar tam sərbəst şəkildə hərəkət edə bilərlər. Bu dövrdə belə verilən tövsiyələrə dəqiqliklə əməl etmək vacibdir. Əks halda infeksiyanın təkrarən baş qaldırması mümkündür. Əgər vətəndaşlar bu dövrün qalmasını istəyirlərsə, təklif olunan bütün tövsiyələrə riayət etmələri şərtdir.
"Bu virus hava-damcı infeksiyasıdır. Hava-damcı yolu ilə yayılması epidemioloji cəhətdən çox təhlükəlidir. Digər yollarla, yəni əllə təmas vasitəsilə, qida vasitəsilə də yayıla bilər. Lakin əsas hava-damcı yolu ilə yayılır. Ona görə də insanların təcrid olunması, kütləvi toplanma yerlərinə getməməsi, maskadan istifadə etməsi zəruridir. Xüsusən təcrid olunmağa diqqət yetirilməlidir. Hər kəs başqa insanlarla təmasdan çəkinməlidir. Əks halda xəstəliyin yayılma ehtimalı var və təkrar baş qaldırması müşahidə oluna bilər. Əgər yumşaldılma tədbirlərinin qalmasını, virusun yayılmasının qarşısını almaq istəyiriksə, tövsiyələrə əməl etmək vacibdir. Vətəndaşlara müraciət edib bildirmək istəyirəm ki, karantin tədbirlərinin tez yumşaldılması, tez aradan qaldırılmasını istəyirlərsə, Operativ Qərargahın tövsiyələrinə ciddi riayət etsinlər. Özümüzü və yaxınlarımızı qorumaq üçün buna məcburuq".
Onu da qeyd edək ki, əhali karantin rejiminin ləğv olunması və ya yumşaldılmasını əsas gətirərək fikirləşməməlidir ki, virus təhlükəsi tamamilə sovuşub. Unutmamalıyıq ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Bu məqsədlə gigiyena qaydalarına daha ciddi riayət olunması ilə bağlı maarifləndirici materiallar, roliklər bərpa olunmalı, yeniləri verilməlidir. Özünütəcrid, "Evdə qal!" kampaniyası davam etdirilməlidir. Yaşı 65 dən artıq olan vətəndaşlarla bağlı xəbərdarlıqlar bərpa olunmalıdır.
“Xalq Cəbhəsi”nə açıqlama verən Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları İctimai Birliyinin sədri Emin Əliyevin fikrincə, bu pandemiya bütün dünyanı test etdi. Güclü kimi görünən dövlətlər zəif, zəif kimi görünənlər isə güclü tərəfləri ilə yaddaşlarda qaldı: “Azərbaycan elə bir strateji mövqedə yerləşmişdir ki, şərqdən qərbə, şimaldan cənuba bir çox yollar məhz Azərbaycanda kəsişir. Bütün bu faktlar göstərir ki, Azərbaycan riskli bölgədə yerləşmişdir. Burada düzgün mübarizə sisteminin qurulmayacağı təqdirdə ciddi fəsadların, fəlakətlərin baş verməsi qaçılmaz idi. Ölkə rəhbərliyinin müəyyən etdiyi qabaqlayıcı və operativ tədbirlər nəticəsində Azərbaycan bu bəladan üzüağ çıxdı. Bütün ölkə əhalisi bu pandemiya ilə mübarizə üçün səfərbər oldu. İmkanlı şəxslər ayrı-ayrı xeyriyyə qruplarında birləşərək qocalara, xəstələrə, imkansız ailələrə ərzaq və tibbi ləvazimat yardımları etdilər. Tələbələr də dövlət dəstəyindən kənarda qalmadı. Ödənişli əsaslarla təhsil alan aztəminatlı ailələrin övladlarının təhsil haqları dövlət büdcəsindən ödənildi. İndi karantin rejiminin yumşaldılması heç birimizi arxayınlaşdırmamalıdır. Maarifləndirici tədbirlərimizi davam etdirməliyik. Sağlamlığımızı hər zaman qorumalıyıq, bu öz əlimizdədir”.
Müasir İnkişaf Birliyinin sədri, Dialoq info saytının baş redaktoru Mübariz Göyüşlü isə bildirib ki, karantin rejiminin yumşaldılmasını hamımız səbirsizliklə gözləyirdik. Qərarın verilməsi insanlar tərəfindən müsbət qiymətləndirilib və əhalinin aktivliyinin artması hiss olunur: “Lakin rejimin yumşaldılması o demək deyil ki, problem aradan qalxıb. Məncə gigyenik, sosial məsafə və s. istiqamətdə olan qaydalara mümkün olduğu qədər çox əməl etməliyik. Çünki yalnız bu yolla pademiya təhlükəsini atlarmış olarıq. Yumşaldılma qərarı verən bəzi ölkələrin təcrübəsi göstərdi ki, yoluxma birdən-birə artım göstərib. Vəziyyət az qala yumşaldılmadan əvvəlki dönəmdə olduğundan daha təhlükəli olub. Ona görə də bu acı təcrübələrdən nəticə çıxararaq diqqətli olmağımız, virusun yayılmasına səbəb ola biləcək addımlardan çəkinmək lazımdır. Beləliklə biz yoluxmanı önləyər, karantin rejiminin bütövlükdə aradan qalxmasına, ölkəmizin, cəmiyyətimizin həyatının əvvəlki axara qayıtmasına səbəb ola bilərik”.
Ekspert Mirsamir Məmmədov isə bildirib ki, karantin rejiminin yumşaldılmasından sui istifadə edib virusdan qorunmaq üçün həyata keçirdiyimiz qaydalardan tamamilə imtina növbəti virus dalğasıyla üzləşəcəyimiz deməkdir.
Xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir. Amma epidemioloji vəziyyət tələb edərsə, yani xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdirilə, müvafiq məhdudiyyətlər yenidən tətbiq oluna bilər: “Dünyanın bir çox dövlətlərində COVİD-19 ilə mübarizə davam etməkdə və hətta daha da gücləndirilməkdə olduğu halda ölkəmizdə bu virus üzərində nəzarət tam təmin edilib. Amma bu o demək deyilki, virus üzərində tam qələbə qazanılıb. Dünyanın əksər ölkələri virusdan sığortalanmayıb. Koronavirus hələ də bir çox ölkələr üçün təhlükə olaraq almaqdadır. Bu sırada Azərbaycan da var. Düzdür, virusla mübarizədə Azərbaycan digər ölkələrlə müqayisədə çevik və əhəmiyyətli tədbirlər həyata keçirdiyindən bizdə yoluxma və ölüm halları azdır. Əgər özümüzü qorumasaq və maarifləndirici tədbirlərə ara versək, yenidən təhlükə ilə üz-üzə qala bilərik”.
Koronavirusla bağlı dünya alimləri müxtəlif fikir və ehtimallar irəli sürürlər. Bu sırada virusun 25 dərəcə istidə məhv olunması, payız aylarında yenidən qayıda biləcəyi, bir də 3-5 ildən sonra üzə çıxacağı və s. ehtimallar yer alıb. Bütün hallarda istənilən virusa yoluxmamaq üçün hazır olmalıyıq. Bu hazırlığı hökumətin məcburi tədbirlərinin tətbiqinə bağlamaq düzgün deyil. İndiki vəziyyətdə hər şey özümüzə bağlıdır. Yəni məhdudiyyətlər götürülsə belə, profilaktik tədbirlərə, sanitar normalara uygun davranmalıyıq. Məhdudiyyələtin bir qismi aradan qaldırılsa da, virusa yoluxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlər keçirməməliyik, əvvəlki qaydada olaraq 2 metrlik distansiya tələbinə riayət etməliyik.
Politoloq Məhəmməd Əsədullazadənin fikrincə isə indiki zamanda məsuliyyətli və ehtiyatlı olmaq lazımdır: “Karantin rejiminin yumşaldılması o demək deyil ki, özümümzü, sağlamlığımızı qorumamalıyıq. Biz bu imtahandan üzüağ çıxdıq. Amma arxayınlaşmamalıyıq, məsuliyyətli olmalıyıq. Virusla mübarizə apardığımız iki aya yaxın müddəti göz önünə almalıyıq, nələr yaşadığımızın fərqinə varmarıyıq. Dünyanı göz önünə almalıyıq, minlərlər insanın virusun qurbanına necə çevrildiyini yada salmalıyıq. Bir sözlə, özümüzü qorumalıyıq ki, yenidən bu təhlükə ilə üzləşməyək”.