• 30 Sentyabr 2020
logo
Mərkəzçi Demokrat İnternasionalı Dağlıq Qarabağdakı qondarma "seçkiləri" tanımır

Mərkəzçi Demokrat İnternasionalı Dağlıq Qarabağdakı qondarma "seçkiləri" tanımır

Yeni Azərbaycan Partiyasının (YAP) müşahidəçi üzv olduğu və sıx əməkdaşlıq etdiyi Mərkəzçi Demokrat İnternasionalı (MDİ) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma prezident və parlament “seçkiləri” ilə bağlı bəyanat yayıb.

APA-nın YAP-ın saytına istinadən verdiyi xəbərə görə, bəyanatda heç bir ölkənin Dağlıq Qarabağı dövlət kimi tanımadığı, bu səbəbdən də bölgədə keçirilən qanunsuz seçkilərin regionda uzun müddət davam edən münaqişənin həlli istiqamətində Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar prosesinə töhfə vermədiyi qeyd olunur.

“MDİ beynəlxalq hüquq prinsiplərinə və normalarına dəstəyinə və sadiqliyinə əsaslanaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqləyir. MDİ ATƏT-in Minsk Qrupu həmsədrlərinin müvafiq bəyanatına qoşularaq bu "seçkilərin" nəticələrini tanımır" - deyə bəyanatda vurğulanıb.

Qeyd olunub ki, təşkilat bu həssas məsələ ilə bağlı Avropa İttifaqının kəskin mövqeyini paylaşır.

MDİ-nin münaqişənin tez bir zamanda sülh yolu ilə dayanıqlı həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupunun səylərinə dəstəyi vurğulanır və tərəflərə regionda təhlükəsizliyi bərpa etmək naminə prosesə daha konstruktiv yanaşma nümayiş etdirməyə çağırış edilir.