• 29 Sentyabr 2020
logo
Azərbaycanda koronavirusla mübarizədə dövlət idarəetmə aparatının böhranlı vəziyyətlərə yüksək hazırlıqlı olması həlledici rol oynayır

Azərbaycanda koronavirusla mübarizədə dövlət idarəetmə aparatının böhranlı vəziyyətlərə yüksək hazırlıqlı olması həlledici rol oynayır

Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin prioritetləri pandemiya dövründə də dəyişməyib. Vətəndaşların mənafeyi, sosial rifahı, sağlamlığı dövlət siyasətinin mərkəzində dayanır. Azərbaycanda koronavirusla mübarizədə dövlət idarəetmə aparatının böhranlı vəziyyətlərə yüksək hazırlıqlı olması həlledici rol oynayır.

Bunu açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O, qeyd edib ki, əslində dövlətin sosial-iqtisadi siyasətinin fəlsəfəsi, ideoloji məğzi məhz bu cür mürəkkəb vəziyyətlərdə daha aydın şəkildə görünür.

Deputat hesab edir ki, təxminən 3 milyard manatdan çox vəsaiti əhatə edən sosial və iqtisadi paketin təqdim olunması olduqca mühüm əhəmiyyətə malikdir:

“İşsiz şəxslər üçün nəzərdə tutulmuş 190 manat məbləğində birdəfəlik ödəmənin əhatə dairəsinin genişləndirilməsi barədə Prezidentin göstərişi də əhalinin sosial baxımdan həssas təbəqəsinin rifahını qorumaq üçün dövlətin öz imkanlarını səfərbər etdiyini göstərir.

Bu göstərişə uyğun olaraq, 600 min insan bu yardımdan faydalanacaq. Bu, kifayət qədər ciddi rəqəmdir. Hesab edirəm ki, Azərbaycan dövləti COVİD-19 pandemiyasının yaratdığı çətin iqtisadi və sosial şərtlərdə belə öz vətəndaşının yanında olduğunu, onun qayğıları ilə yaşadığını nümayiş etdirdi. Cənab Prezident aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasdakı nitqində vurğuladı ki, pandemiya dövründə əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır. Əslində, bu iki tezis Azərbaycan dövlətinin yaranmış mürəkkəb vəziyyətdən çıxış strategiyasını ifadə edir”.

Deputat qeyd edib ki, dövlət həm vətəndaşlarının rifah və təhlükəsizliyini, həm də ölkənin iqtisadi, daha geniş mənada baxanda isə milli təhlükəsizliyini təmin edə bilib.

S.Məmmədovun fikrincə, burda dövlət başçısının məsələyə kifayət qədər rasional və praqmatik yanaşması, eyni zamanda, Azərbaycanda koronavirusla mübarizədə dövlət idarəetmə aparatının böhranlı vəziyyətlərə yüksək hazırlıqlı olması həlledici rol oynayıb:

“Əsas amillərdən biri də, heç şübhəsiz ki, ölkədə ciddi iqtisadi, sosial və ideoloji əsaslara dayanan sabitlik, cəmiyyətlə dövlət arasında qarşılıqlı etimada əsaslanan milli həmrəylikdir. Mənim fikrimcə, bu etimad və həmrəylik Azərbaycanın müstəqillik tarixinin ən böyük nailiyyətlərindən biridir. Çünki bu, istənilən çətin vəziyyətdən çıxış yolu tapmaq imkanı yaradır”.