• 20 Oktyabr 2020
logo
Milli Məclis: Spiker deputat Ramil Həsənə xəbərdarlıq etməyib

Milli Məclis: Spiker deputat Ramil Həsənə xəbərdarlıq etməyib

Koronavirus pandemiyası ilə əlaqədar Milli Məclisin plenar iclaslarında sanitariya normalarına riayət etmək üçün deputatları iki metr məsafə ilə hər sırada bir nəfər əyləşdirilməklə yerləşdirmək məcburiyyəti yaranıb.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, plenar iclas zalında bu qayda ilə 96 deputat yerləşə bilər.
Deputatların hamısını əyləşdirmək məqsədi ilə nisbətən cavan deputatlar qabaqcadan məlumatlandırılıb ki, onlar zalda qonaqlar üçün nəzərdə tutulmuş yuxarı yerlərdə yerləşdiriləcəklər. Həmin yerlərdə deputatlara çıxışa yazılmaq və çıxış etmək üçün şərait yaradılıb. Səsvermə isə əlqaldırma yolu ilə həyata keçirilir. Bu tədbir müvəqqəti çıxış yolu kimi deputatlar tərəfindən qiymətləndirilib.
Lakin bu günlərdə, bəzi kütləvi informasiya vasitələrində bu tədbirlə bağlı narazılığın yaranması haqqında məlumatlar yayılıb. Bu məlumat əsasən, deputat Ramil Həsənin sosial şəbəkədə paylaşdığı fikirlərlə əlaqədərləndirilir.
Məlumatda qeyd edilib ki, deputat Ramil Həsənə Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev tərəfindən bu tədbirin məcburi müvəqqəti xarakter daşıdığı izah edilib.
"Deputat Ramil Həsən buna anlayışla yanaşıb və o, bunun hər hansı deputata qarşı aşağılayıcı münasibət olmadığını başa düşüb. Ramil Həsən Milli Məclisin Sədri tərəfindən tənbeh edilməyib və ona heç bir xəbərdarlıq edilməyib. Bəzi KİV-in bu məsələ ətrafında sensasiya yaratması həmin KİV-ə heç də başucalığı gətirmir. Bir daha kütləvi informasiya vasitələrinə sensasiya dalınca qaçmamağı və faktları olduğu kimi çatdırmağı tövsiyyə edirik", - deyə məlumatda bildirilib.