• 22 Sentyabr 2020
logo
Bitərəf millət vəkillərinin iştirakı ilə onlayn iclas keçirilib

Bitərəf millət vəkillərinin iştirakı ilə onlayn iclas keçirilib

Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın və bitərəf millət vəkillərinin iştirakı ilə onlayn iclası keçirilib.

Bu barədə məlumatı Milli Məclisin vitse spikeri Adil Əliyev öz “Facebook” səhifəsində yayıb.

A.Əliyev bildirib ki, Milli Məclisdə say etibarilə müstəqil millət vəkilləri hakim Yeni Azərbaycan Partiyasından sonra ikinci böyük qrupdur:

“Ona görə də parlament sədrinin müavini vəzifəsində müstəqil millət vəkillərinin təmsilçisi olaraq öz aramızda fikir mübadiləsinin aparılmasına önəm verirəm.

İclas olduqca məhsuldar keçdi. Müstəqil namizədlər gündəmin mövzuları ətrafında çıxışlar etdilər, təkliflərini verdilər. Ümumiyyətlə, bu iclas parlamentin tarixində bir ilkdir. Prezident İlham Əliyev Milli Məclisdəki son çıxışında müstəqil və müxalif millət vəkillərinin də parlamentin idarə edilməsində rol oynamasının vacibliyini vurğulamışdı. Bizim bugünkü onlayn iclasımız dövlət başçısının elan etdiyi siyasi kursa uyğundur.

Əlbəttə ki, onlayn iclasda haqqında danışdığımız əsas mövzu ölkəmizdə koronavirusla aparılan mübarizə tədbirləri idi. Bəşəriyyət və ölkəmiz koronavirusla mübarizəni davam etdirir. Biz indiki mərhələdə təhlükədən sovuşduq. Virusa yoluxanların sayı azalır, sağalanların sayı isə getdikcə artır. Bu uğurlu gedişatdır, müsbət tendensiyadan xəbər verir. Prezidentimizin və dövlətimizin son iki ayda apardığı siyasət, atılan qətiyyətli addımlar Azərbaycanı başqa ölkələrin üzləşdiyi çətinliklərdən sığortaladı. Hamıya aydındır ki, ciddi tədbirlər görülməsəydi, vəziyyət nəzarətdən çıxa bilərdi. Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan bu sınaqdan üzüağ çıxmaqdadır. Bu vəziyyət bizə imkan verir ki, yaxın günlərdə karantindən mərhələli şəkildə çıxmağa başlayaq. Müstəqil millət vəkilləri kimi, biz də karantindən tədricən çıxmağın tərəfdarıyıq”.